Movqe.Az xəbər verir ki, Azərbaycan
Respublikasının millət vəkili Gülər Əhmədovanın təşəbbüsü və Doğu
Akdeniz Universiteti, oradakı Azərbaycan Cəmiyyəti və MİRAS İctimai
Birliyinin birgə təşkilatçılığı ilə may ayının 24-də Şimali Kipr
Türk Cümhuriyyətinin Qazimağusa şəhərində Azərbaycanın 28 may
Respublika gününə həsr olunmuş Azərbaycan-Şimali Kipr Gənclər
Forumu keçirilib. "Dünyada Mənim Vətənim" layihəsi çərçivəsində baş
tutan Forum "Mən örnək gəncəm" devizi altında reallaşıb.
MİRAS İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Toğrul
Muxtarovun sözlərinə görə Forumda Şimali Kipr Türk Cümhuriyyətinin
prezidenti Dərviş Əroğlu çıxış edib: "Cənab Əroğlu öz nitqində
Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyəti üçün qardaş ölkə
olduğunu, Kipr türkünün Azərbaycanla bağlı hər məsələyə çox duyarlı
davrandığını, Azərbaycanın hər keçən gün güclənən və sayqın bir
mövqəyə gəlmiş ölkə olduğunu və Şimali Kipr Türk Cümhuriyyətinə
tətbiq edilən embarqoların qaldırılmasında artıq önəmli rol oynaya
biləcəyini xüsusi vurğu ilə qeyd etdi."
Azəbyacanlı Tələbələr Birliyinin sədri
Elçin Süleymanov və Doğu Akdeniz Universitetinin rektoru Prof.Dr.
Abdullah Öztoprak azərbaycanlı tələbələrin universitetin və Şimali
Kipr Türk Cümhuriyyətinin ictmai həyatında fəal iştirak etdiyini,
azərbaycançılıq ideyalarının təbliği sahəsində səmərəli fəaliyyət
göstərdiklərini bildiriblər.
Azərbaycan Respublikasının millət vəkilləri Gülər Əhmədova və
Sədaqət Vəliyevanın çıxışları Forum iştirakçıları tərəfindən böyük
maraqla qarşılanıb. Millət vəkilləri Forum çərçivəsində
azərbaycanlı tələbələrin qayğıları və problemləri ilə bağlı geniş
fikir mübadiləsi aparıblar.
Forumda həmçinin təşkilatçılardan biri
MİRAS İctimai Birliyinin sədri, Dr. Fariz Xəlilli Azərbaycanda
mədəni irsin araşdırılması, qorunması və təbliği sahəsində
Azərbaycan dövlətinin genişmiqyaslı işlər gördüyünü, "MİRAS"ın da
bu işlərdə ictimai fəallıq göstərdiyini qeyd edib.
Prof.Dr. Qafar Cəbiyev Azərbaycanın dünyada təkcə neft ölkəsi,
Avropa və Asiya üçün önəmli nəqliyyat dəhlizi kimi tanınması ilə
yanaşı, onun həm də qədim tarixi və zəngin mədəniyyəti ilə tanınan
bir ölkə olduğunu qeyd etdi. O, Azərbaycan ərazisində tarixin bütün
mərhələlərinə aid abidələrdə xarici ölkə alimləri ilə birlikdə
aparılmaqda olan genşmiqyaslı tədqiqatlar, tarixçi alimlərin son
illər ərsəyə gətirdiyi sanballı elmi əsərlər barəsində geniş
məlumat verib.
Nizami rayon YAP Gənclər Birliyinin sədri
Əli Pənahov və MİRAS İctimai Birliyinin şöbə müdiri Şölə Bayramova
Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti barəsində
forum iştirakçılarına ətraflı məlumat veriblər.
Forum çərçivəsində tələbə gənclərin sualları cavablandırıldı,
onların qaldırdığı problemlər ətrafında fikir mübadiləsi
aparılıb.
Forumda Azərbaycan və Şimali Kipr Türk Cumhuriyyəti gənclərinin
gələcək fəaliyyətlərinin əsas istiqamətlərini müəyyən edən birgə
bəyannamə qəbul edilib.