Əlaqə Arxiv
news Image
2013.11.27
17:02
| A A A
Xalq artisti Mirzə Babayevin 100 illik yubileyi keçirildi - FOTO

Noyabrın 26-da Heydər Əliyev Sarayında görkəmli müğənni, xalq artisti Mirzə Babayevin 100 illik yubiley gecəsi keçirilib

Movqe.az AzərTAc-a istinadən xəbər verir ki, tədbirdən əvvəl jurnalistlərə müsahibə verəm mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölməz sənətkarın həyat və yaradıcılığından, bənzərsiz sənət dünyasından söz açıb.


Bildirilib ki, ilk ali təhsilini Sənaye İnstitutunun memarlıq fakültəsində almış Mirzə Babayev Bakıda və Azərbaycanın digər şəhərlərində olan bir çox binaların və muzeylərin layihə müəllifidir.


M.Babayev müğənnilik fəaliyyətinə 40-cı illərin əvvəlində görkəmli bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi caz orkestrində başlayıb. O, 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına - məşhur müğənni Bülbülün sinfinə daxil olub. 1953-cü ildə konservatoriya təhsilini başa vuran istedadlı müğənni vokal sənətinin incəliklərinə yiyələnərək ürəyəyatımlı səsi, gözəl ifa tərzi, dərin musiqi duyumu və yüksək səhnə mədəniyyəti ilə qısa müddətdə tamaşaçıların böyük rəğbətini qazanıb.


Nazir vurğulayıb ki, o, müxtəlif illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin estrada orkestrində, Azərbaycan Dövlət Filarmoniyasında, Azərbaycan Dövlət Konsert Birliyində çalışıb. Görkəmli müğənnin radionun qızıl fondunda saxlanan xeyli sayda mahnısı var.


Mirzə Babayev bir aktyor kimi Azərbaycan kinosunun inkişafında böyük rol oynayıb. Azərbaycan kinosunda onun yaratdığı rolların özünəməxsus gözəlliyi var. Bu rolların epizodik və yaxud böyük həcmli olmasının o qədər də fərqi yoxdur. Mirzə Babayev yaratdığı obrazı duyur, öz içindən keçirir və tamaşaçıya onu bütöv xarakter kimi təqdim edirdi. Onun müxtəlif vaxtlarda çəkildiyi filmlər müğənninin xalq arasında şöhrətini xeyli artırıb. Aktyorun "Dərviş Parisi partladır", "Dəli Kür", "Telefonçu qız", "Romeo mənim qonşumdur", "Qorxma, mən səninləyəm", "Bəyin oğurlanması" və digər sənət əsərlərində yaratdığı maraqlı və rəngarəng obrazlar kino sənətimizin ən şərəfli səhifələrinə yazılıb. O, 30-dan çox filmə çəkilmiş və kinolarımızda mahnı ifa edib.


Diqqətə çatdırılıb ki, Mirzə Babayevin zəhməti həmişə dövlət tərəfindən yüksək qiymətləndirilib. O, Azərbaycan Respublikasının Xalq Artisti, iki dəfə "Humay" mükafatının laureatı olub.


Bu gün onun çəkildiyi filmlərə, televiziya verilişlərinə baxdıqca böyük sənətkara xalq məhəbbətinin, onun musiqimizin inkişafındakı xidmətlərinin canlı şahidinə çevrilirsən.

Qeyd edilib ki, Mirzə Babayev Azərbaycan estrada musiqisini yüksəklərə qaldırıb, onu sevdirmiş, səsi və ifaçılıq məharəti ilə öz orijinal üslubunu yaradıb.

Mirzə Babayev milli musiqimizi xarici ölkələrdə çox məharətlə təmsil edib. Dünyanın bir çox ölkələrində yüksək ifaçılıq məharəti ilə Azərbaycanımızın musiqi sənətinin təbliğatçısı kimi tanınıb.


Gecədə sənətkarın oxuduğu mahnılardan, çəkildiyi filmlərdən parçalar təqdim edilib.

Tanınmış ifaçıların və gənc musiqiçilərin sənətkarın repertuarından səsləndirdikləri mahnılar alqışlarla qarşılanıb.

Sizin Reklam Yeriniz