Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən aktrisa Xanım Qafarovanın
müalicəsini üzərinə götürüb. Movqe.az xəbər verir ki,
Musavat.com-un məlumatına görə, bu barədə əməkdar artist Aybəniz
Haşımova Facebook-da yazıb. Onun yazdığına görə, KİV-də Xanım
Qafarovanın xəstəliyi barədə məlumatlar yayıldıqdan sonra Mehriban
Əliyeva məsələyə müdaxilə edib.
Qeyd edək ki, Xanım Qafarov neçə ildir xərçəng xəstəliyindən
əziyyət çəkir. O, bu gün müsahibəsində xəstəliyi barədə məlumat
vermiş və müalicə üçün pulunun olmadığını bildirmişdi: "2009, 2011,
2012-ci illərdə xəstəlikdən əməliyyat olundum. Hər iki döşümü və
uşaqlığımı götürdülər. Həmin əməliyyatlar Bakıda aparılıb. Dedim
ki, daha bitər. Nə bilim ki, müəyyən vaxtdan sonra bu məni yenidən
ağuşuna alar.
Bir baxdım ki, xəstəlik sümüklərimdə yeriyir. Ay Allah, belə də
dərd olar? Dedilər ki, fizioterapiya lazımdır. Onun dason
texnologiyası Türkiyədədir. Yəni, şüa veriləndə ancaq xəstəlik olan
yerlərə verilir, başqa orqanlara ziyan vurmurlar. Mən də bu
məqsədlə Türkiyəyə getdim.
Orada mənə dedilər ki, bunun üçün 10 min manat lazımdır. Bunu
eşidəndən sonra Azərbaycana qayıtdım. Daha nə edim?. Xəstəliyə güc
gəldim. Yoxsa o əməliyyatların qarşısında çoxdan ölmüşdüm. 6 yaşlı
qızım da mənimlə birlikdə bu əziyyətə qatlaşır. Axı onun belə bir
vaxtı deyil. O, xəstə olduğumu bilir. Hər dəfə evə gələndə mənə
deyir ki, anacan sağaldın? Bilirsən mən anayam, əlbəttə ki, qızımın
taleyini düşünürəm.
Amma bilirsiniz ki, mənim ev problemim də vardı. Onunla bağlı
müraciət etmədiyim yer qalmadı, heç kəs mənə əl tutmadı. Bundan
sonra da taleyimlə barışdım. Mən sizin sayt vasitəsiylə Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət
edirəm. Mənə əl tutun, imkan verməyin ki, 6 yaşlı qızım anasız
qalsın."