Əlaqə Arxiv
news Image
2014.02.12
15:16
| A A A
Masallıda tapılan ədəbi abidə

"TARİXİ – NADİR" NEÇƏ SƏHİFƏDİR?


"O olmasın, bu olsun" filminin qəhrəmanı Məşədi İbad "Mən özüm "Tarixi-Nadir"i yarıyacan oxumuşam deyib, özünü başqalarından savadlı göstərəndə bəziləri ona tənə edib deyirdilər ki, "Tarixi-Nadir" cəmi üç səhifədir, Məşədi İbad da yarısını oxuyub.

Lakin sən demə, Mirzə Mehdi xanın Nadir Şahın həyat və fəaliyyətinə həsr etdiyi tarixi əsər üç səhifə yox, 147 səhifə imiş! Bunu həmin kitabın ilk nüsxələrindən birini əldə etmiş, uzun illər qoruyub saxlamış Ərkivanın Göllü məhəlləsində dini ayinlərin icraçısı Hacı Həmid Məmmədov demiş və sözünü əsaslandırmışdır. Nadirin iki illik şahlıq fəaliyyəti 2-3 səhifəyə necə sığışa bilər?

Bu qiymətli kitabın rayonumuzda tapılması hadisəyə çevrilmişdir. Bu münasibətlə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı, çox hörmətli cənab Rafil İsrafil oğlu Hüseynov Hacı Həmidi qəbul etmiş, kitab barədə, ziyalılıq, mənəvi dəyərlər haqqında söhbət etmiş, tövsiyələr vermişdir. 

Rayon rəhbəri din xadiminin bu hərəkətini təqdir edib masallıların tarixə, mədəni irsə böyük dəyər verdiyini vurğulayıb demişdir:

- Belə nadir kitabların Masallıda tapılması, qoruyub saxlanması yaxşı haldır, rayonun ziyalılıq simasıdır. Masallıda, ümumiyyətlə, mənəvi irsə böyük maraq var. Masallımız bu gün respublikamızın daha çox ziyalısı olan rayonlarındandır. Bizdə tarixşünaslıq muzeyi tikilir. Onun zənginləşdirilməsi üçün belə tarixi abidələr çox vacibdir. Kitab sizin şəxsi əmlakınızdır. Onu qoruyub saxlamaq, muzeydə nadir eksponat kimi nümayiş etdirmək, nüsxələrini artırmaq lazımdır. Bu işdə sizə həmişə kömək edəcəyik. Bu kitabın Azərbaycan dilinə tərcümə edilməsi barədə təşəbbüsünüzü də təqdir edirik. Belə olsa bu tarixi məlumatları daha çox adam oxuya biləcək. Kitabın nüsxələrinin artırılması, tərcüməsinin xərclərini biz də ödəyəcəyik.

"Tarixi-Nadir"i qoruyub saxlayan H. Məmmədov demişdir ki, 157 yaşı olan kitab hicri-qəməri tarixi ilə 1272-ci ildə çapdan çıxıb. Yazılışında fars dilinin saray ləhcəsindən istifadə olunduğundan oxunuşu nisbətən çətinlik törədir. Kitabda Nadir şahın Türk, Hindistan və s. dövlətlərin şahları ilə görüşləri, keçirdiyi döyüşlər barədə kifayət qədər məlumat var. Burada Azərbaycan haqqında məlumatlar da maraq doğurur.

Bir sıra elmi cəmiyyətlərdən, ayrı-ayrı televiziya kanallarından kitabla maraqlananlar olub. Nadir şahın üç dəfə şəxsi möhürü vurulmuş kitab mütəxəssislər tərəfindən də çox dəyərləndirilir.


Rəsul RZAYEV,

Əlihüseyn ŞÜKÜROV.

Sizin Reklam Yeriniz