Əlaqə Arxiv
news Image
2014.04.14
19:21
| A A A
Tərcümə ədəbiyyatında keyfiyyət problemi
Emin Məhərrəmov: «Azərbaycan dilinə tərcümələrin keyfiyyətsizliyi iki amillə bağlıdır» Məhərrəm Zülfüqarlı: «Tərcümə ədəbiyyatının keyfiyyətsiz olması bu sahədə kifayət qədər yaxşı kadrların olmaması ilə bağlıdır»

Ədəbiyyat insanların dünyagörüşünün,  həyata baxışının  formalaşmasında mühüm rol oynayan bir amil kimi bütün dövrlərdə xüsusi marağa səbəb olub. Dünya ədəbiyyatı nümunələrindən yararlanmaq üçün isə əksər hallarda tərcümə əsərlərinə müraciət olunur. Lakin ölkəmizdə, təəssüf ki, tərcümə əsərlərinin keyfiyyəti indi bir o qədər də ürəkaçan səviyyədə deyil.  Ekspertlər bunu əsasən tərcüməçilik sahəsində kifayət qədər ixtisaslı kadrların olmaması ilə əlaqələndirirlər. 

Təhsil Nazirliyinin Monitorinq və Qiymətləndirmə şöbəsinin əməkdaşı  Emin Məhərrəmov Movqe.az-a məsələ ilə bağlı münasibətini bildirib. Ekspert hesab edir ki, bu gün dünya ədəbiyyatından tərcümələrə maraq kifayət qədər yüksəkdir: "Əslində, mən deyərdim ki, son illər tərcümə ədəbiyyatına maraq heç də azalmayıb. Əksinə, artım müşahidə olunur.  Düzdür, tərcümələr keyfiyyətli olmasa da, alınır. Səbəb isə odur ki, əvvəlki nəsil rusca təhsil almışdı. Dünya ədəbiyyatını rus dilində oxuya bilirdi. Amma indiki nəsil rus dilindən az məlumatlıdır. Ona görə məcburən tərcüməyə üz tuturlar. 5 il bundan əvvəl indikindən daha az tərcümə ədəbiyyatı oxunurdu. İndi isə  Türkiyə türkcəsində tərcümələrə daha çox önəm versələr də, Azərbaycanda da tərcümə işləri gedir. Dükanlarda kifayət qədər Amerika, fransız, ispan ədəbiyyatından və s. tərcümə əsərləri görmək mümkündür. Əgər oxuyan olmasaydı, sözsüz ki, bu kitablar nəşr olunmazdı". 

Emin Məhərrəmov tərcümələrin keyfiyyətsizliyi ilə bağlı isə bunları deyib: "Azərbaycan dilinə tərcümələrin keyfiyyətsizliyi iki amillə bağlıdır. Birinci məsələ, uzun müddət Azərbaycan dili filologiyasına bilik səviyyəsi aşağı olan abituriyentlər qəbul olunurular. Bunun nəticəsidir ki, bu gün Azərbaycan dili mütəxəssislərinin ümumi səviyyəsi çox aşağıdır. Ona görə də, dil mədəniyyəti məsələsi, yəni dilin xarici məlumat qavramaq qabiliyyəti çox aşağıdır. Məsələn, mən özüm ingilis dilindən tərcümələr edərkən ifadələrin qarşılığını verməyə bəzi hallarda söz tapmıram. İkincisi isə, bizdə dünya dillərindən tərcümə mədəniyyəti, filologiya məktəbi yoxdur. Ona görə də, bizdə xarici ədəbiyyatı çox vaxt rus dilindən tərcümə edirlər. Bu da tərcümənin keyfiyyətini itirir. Bizdə bununla bağlı ruslarda və ya türklərdə olduğu kimi vahid bir məktəb yoxdur. Məsələn, Türkiyədə xarici dillərdən tərcümə üçün xüsusi vəqf var. Bu müntəzəm şəkildə tərcümə ilə məşğul olan bir strukturdur. Ruslarda da dünya mədəniyyətini tədqiqat institutu var. Təəssüflər olsun ki, bizdə belə strukturlar yoxdur". 

Ölkədə tərcüməçilik sahəsində peşəkar kadrların olmamasını deyən təhsil üzrə ekspert Məhərrəm Zülfüqarlı isə bildirdi ki, dövlət maddi marağı artırmaqla tərcüməçilik sahəsini inkişaf etdirə bilər: "Problemin ilkin səbəbi madiyyatla bağlıdır. Çünki, istər kitab, qəzet oxunması,  istərsə də dünya ədəbiyyatından tərcümə olunma, bunlar hamısı oxucu tələb edir. Azərbaycan  vətəndaşlarının oxumağa az vaxt sərf etdiyinə görə, bu problem yaşanır. 

Dövlətin bu sahəyə daha çox qayğısına ehtiyac var. Tərcümə ədəbiyyatının keyfiyyətsiz olması bu sahədə kifayət qədər yaxşı kadrların olmaması ilə bağlıdır. Keyfiyyətli təhsil vermək lazımdır ki, keyfiyyətli kadrlar da olsun. Azərbaycan təhsil sistemində müəllimlərin əmək haqqı hələ istənilən həddə olmadığına görə, kadrların hazırlanma səviyyəsi də aşağıdır. Amma bizim yüksək ixtisaslı tərcüməçilərimiz də var. Onlara lazımi qayğı göstərmək lazımdır. Məsələn, verilən qonararlar artırıla bilər. Digər xarici ölkələrlə, elə qardaş Türkiyə ilə müqayisədə Azərbaycan tərcüməçilərinin aldığı qonarar çox cüzidir. Ona görə maddi marağı artırmaqla problemi həll etmək olar". 

    


Sizin Reklam Yeriniz