Əlaqə Arxiv
news Image
2014.04.15
13:00
| A A A
ARİF FƏRZƏLİNNİN ÖZÜ, SÖZÜ VƏ "SİZİN DÜNYA" KİTABI ...

      Həmyerlimiz haqqinda bu yaziya AZƏRBAYCAN YAZIÇILAR BİRLIYİNİN KATİBİ, ŞAİR FİKRƏT   QOCANIN 1986-cı  ildə,  ("Ulduz"  jurnalı,  6-cı  say) "YAXŞI  ŞEİR   OXUYANDA" sərlövhəli ilə başlamaq istəyirəm. FİKRƏT   QOCA həmin məqalədə yazırdı ki,   hər  dəfə  cavan  bir  şairin  şeirlərini  oxumağa  başlayanda,  ilk  düşündüyüm  şey  ona  necə  cavab  vermək  olur.  Söhbətini  necə  qurasan  ki,   xətrinə  dəyməsin,  qəlbini  sındırmasın.  Şeirlər  zəif  olanda,  adamı   elə  bil  dibsiz  bir  quyuya  salırlar.

     Amma  bir  də  görürsən,  elə  ilk  sətirlərdən  bu  cavan  şair  qolundan  yapışır.  Misralarının  bişmişliyi  ilə,  deyim  tərzi  ilə,  sözləri  yerli-yerində  işlədə bilməsi  ilə  səni  ürəkləndirir.

     Arif  Fərzəliyev  adlı  bir  nəfərin  şeirlərini  oxudum.  "Əsgər  şəkilləri"  şeirində  deyirdi:

  

                                 Əsgər  şəkillərini

                                          divardan  asın.

                                 Divarları

                                          söykəyin  əgər  ürəyinə-

                                          evlər  arxalı  olar.

 

        

 

       "Bu  misralarda  şair  var.  Özü  də,  özünü  bacarığı  qədər  yonmuş,  rəndələmiş  şair.  "Belə  ketsə"  şeirindən  də  bir  necə  sətir  misal  götərirəm  ki,  oxucuya  bir  daha  aydın  olsun,  yuxarıdakı  misralar  təsədüfi  deyil:

 

                                  Elə  bil  cur  davadır

                                  bu  dava  qorxusu:

                                  "Amma"  deyirsən,  amma  düşür  yadına

                                  "Nəvə"  deyirsən,  nüvə  düşür  yadına.

                                  On  gün  dostum  Pəriş  yerinə,

                                  çaşıb  "Perşinq"  deyib  arvadına...

 

           Bu  qədər  ciddi  bir  mövzunu,  belə  incə  yumorla   ancaq  şair   qələmə  ala  bilər,  özü  də  səriştəli  şair.

           Cavan  adam  yaxşı  yazanda,  elə  bil  mənə  böyük  bir  yaxşılıq  eləyir.  Cavab  vermək,  başa  salmaq  əzabından  xilas  oluram.  Yaxşı  misraları  oxuduqca  kefim  köklənir.

           Mən  hələ  bu  sətirləri  yazana  qədər  Arif  fərzəliyevin  özünü  görməmişəm.  Görəndə  də,  onu  yeni  və  zəif  yazan  şairlərdən  az  danlamayacağam...  Amma  xətrinə  dəyib-dəyməyəcəyi   heç  ağlıma da  gəlmir,  çünki  sənətdən  söhbət  eyləyəcəyik.  İnanıram  ki,  bir-birimizi  başa  düşəcəyik" –

 

Axirda AZƏRBAYCAN YAZIÇILAR BİRLIYİNİN KATİBİ, ŞAİR FİKRƏT   QOCA yazısını bu sonluqla bitirir.

 

 

 

 

      Ümumrusiya Azərbaycanlıları Ko nqresinin (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Murmansk regional şöbəsinin mətbuat katibi, 

region hökuməti yanında Millətlərə dair işlər üzrə Məsləhət Şurasının üzvü, Azərbaycan və Rusiya Jurnalistlər İttifaqlarının üzvü ƏLIHÜSEYN ŞÜKÜROV yazır ki, Arif   Fərzəli  (Arif  Xudakərim  oğlu  Fərzəliyev)  1956-cı  ildə  Masallı  rayonunun  Xırmandalı  kəndində    ziyalı ailəsində  anadan  olmuşdur.  Atası Xudakərim müəllim də sözə - sənətə qiymət vermişdir.Şeirlər miras qoyub getmişdir...

 

       Arif   Fərzəli  Azərbaycan  Dövlət  Universitetinin  (BDU)  kimya    fakültəsini  və  Qorki  adına  Moskva  Ədəbiyyat  İnstitutunun  poeziya  şöbəsini  bitirmişdir.Biz Arif müəllimlə burada yaxından tanış olmuşuq, düz çörək kəsmişik, ədəbi müahisə proseslərində birgə iştirak etmişik.Mən o vaxtlar Moskvada A.Fərzəlidə 2 şeyi müəyyən etdim: yaxşı kimya müəllimliyini və Azərbaycan poeziyasında təzə Arif nəfəsini, Arif dəst-xəttini və təbii ki, heç kimə bənzəməyən gözəl şeirlərini: 

 

 

Sən  çəkəni  dağ  da  çəkməz,

Qoruya  bilmədim  səni.

Mən  bilirdim...

               uzaq  çəkməz...

Qoruya  bilmədim  səni.

 

 

Harda  gizlədim  tapdılar,

Tapıb...  daşlara  çaxdılar.

Nalın  qopunca  çapdılar,

Qoruya  bilmədim  səni.

 

 

Məndən  uca  vaxt  hasarı,

Aşammadım  baxta  sarı...

Canımda  can  ixtisarı,

Qoruya  bilmədim  səni.

 

 

Mələklər  əldə  qar  qaldı,

Əlim  ələmtək  qaraldı...

Səndən  vecsiz  nə  var  qaldı,

Qoruya  bilmədim  səni.

 

 

Bərədə  ov  güdən  kimi,

Ağrı  qapdı  yetən  kimi.

Ürək,  elə  vətən  kimi

Qoruya  bilmədim  səni.

( "QORUYA  BİLMƏDİM" şeri)

 

 

       Və bir də ki, mənim taleyim gətirmişdi.Mənim üçün həlledici dövrdə Arif müəllim əlimdən tutdu, kimyanı ayrıdan mənə öyrətdi, hazırlıq keçdi.Çünki, o, özü də rus bölməsini qurtarmışdı.Öz dərs, imtahan qaqğılarını yaşaya – yaşaya mənə köməklik etdi.Bəli, Arif müəllim belə insandır...Çətin günün dostu.

        

        


        İndi A.Fərzəli rayonumuzun ən nüfuzlu, şəxsiyyətli müəllimi hesab olunur, doğma  kəndi Xırmandalı kənd məktəbində kimya  müəllimi  işləyir, bu fənndən dərs deyir .Yeri gəldikcə rayon və respublika mətbuatında şeirləri çap olunur.İkinci kitabında ("SİZİN  DÜNYA". Nəçriyyatın  direktoru Faiq  Nağıyev, redaktoru Rahid  Ulusel  (filologiya  elmləri  namizədi), rəssamları Azər  Xankişiyev  və  Tofiq  Fərəcov, tərtibatçı Roza  Əsgərova və komputer  dizayneri Pərviz  Nəzirlidir) o, gözəl şeir nümunələrini daxil edib:

 

 

 

 

                        SİZİN   DÜNYA

 

Şələ-şələ  dərd  götürdüm,

Qucaq-qucaq  qəm  gətirdim...

Çaxmağı  qova  yetirdim-

          içimdə  bir  ocaq  çatdım...

          gördüm ...  güldü  içimdə.

 

İçimdə  çatdığım  ocaq

tutuşmamış,

közü-közünü  tutmamış,

        qoru  gözünü  tutdu...

Mənə  üzünü  tutmamış,

vaxtsız  getdi,

cavan   öldü  içimdə...

 

Canım  varmı  candan  sonra?

Can  olurmu ...  ondan  sonra?

Sizin  dünya  bundan  sonra 

bir  əklildi  içimdə...

 

 

 

 

 

 

 

              YETİM  SEGAH

                         Tarzən  Ramiz  Quluyevə

 

Mizrab  toxunacaq,  sim  ağlayacaq,

Zili  hönkürəcək,  bəm  ağlayacaq.

Gördüm  məni  ən  çox  kim  ağlayacaq,

Qoy  bir  harayında  itim   segahın.

 

 

Bu  nizə  daşları  keçən  niyəzmiş,

Elə  bu  nizənin  yönü  bizəymiş...

Ağrısı-acısı  hələ  təzəymiş,

Yarası  qədimdən-qədim  segahın.

 

 

Simlər  pərdə  üstə  yollardı  qoşa,

Gedən  ölməzliyə  gedib  qovuşar.

Bir  qaçıb  obaya  hay  sal,  ay  uşaq,

Dədəsi  tapılıb  "Yetim  segahın"...

 

 

 

 

     ETİRAF

 

 

Başının  üstə  bu  göyü  sevdim,

Sevdiyin  havanı,  çiçəyi  sevdim.

Sənin  xatirinə  çox  şeyi  sevdim...

Tək  səni  heç  cürə  sevə  bilmədim...

 

 

Günləri  yerlərə  verdik  nahaqdan,  

Ayrılaq,  bəlkə  də  belə  yaxşıdır.

Üfrülə-üfrülə  yanan  ocaqdan

Bəlkə  ocağın  külü  yaxşıdır?!

 

 

Daha  əllərimi  qaldırıb  göyə,

Hicranın  önündə,

çıxıb  gedirəm.

Birdə  görüşünə  gəlməyim  deyə,

Yolları  ardımca  yığıb  gedirəm.

Mən  səni  heç  cürə  sevə  bilmədim.

 

           

 

 

 

 

 

        Arif müəllimin tərcümeyi – halına bunu da əlavə etmək olar: O, Azərbaycan  Yazıçılar  Birliyinin  və  Azərbaycan  Jurnalistlər   Birliyinin  üzvüdür.  Ayrı-ayrı  illərdə  respublika "Gənclik"  jurnalının  bölgə  müxbiri,  "Qala"  qəzetinin    baş  redaktor  müavini  olmuş və "Fidan"  qəzeti ilə əməkdaşlıq  etmişdir.    

       

        "Sizin   dünya"  kitabı  Arif  Fərzəlinin  oxucularla  ikinci   görüşüdür. Kitabda onun 

"Torpağın yaddaşı"  və  "Atüstülər"  adlı  iki  poeması  verilmişdir.

 

A.       FƏRZƏLİNİN "Toxuma  həsrət"  adlı  ilk  şeirlər  toplusu  1991-  ci  ildə  "Yazıçı"  nəşriyyatında  çap  olunmuşdur.

 

 

         Hərdən şair dostum Arifi xatirlayiram, qəmlənirəm.Və sevinirəm ki, onun kitabları haqqinda "Respublika" qəzetində, başqa mətbuat orqanlarinda dəfələrlə məqalə yazmişam.Müğənni Könül Xasıyevaya Masallda, öz toylarımızda olanda onun sözlərinə yazılmış Vətən haqqında şeirinə muğam üstündə qulaq asanda ürəyim oynayır, dözə bilmirəm ağlayiram, ağlayıram... 

         

          Arif müəllimə Allahdan cansağlığı və uzun ömür arzulayıram...


 

Sizin Reklam Yeriniz