Movqe.Az xəbər verir ki, 11 iyul 2012-ci ildə Türkiyə Cümhuriyyətinin Bayburt şəhərində XVIII Beynəlxalq Dədə Qorqud Festivalının açılış mərasimi olub. İyulun 15-nə qədər Festial müxtəlif tədbirlərlə davam edir. Azərbaycanı Festival boyunca MİRAS İctimai Birliyinin nümayəndə heyəti təmsil edir.
12 iyul 2012-ci il tarixində Bayburt şəhər
Mədəniyyət mərkəzində MİRAS İctimai Birliyi və BEKDER Bayburt Elm,
Təhsil və Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə "Ağsu möcüzəsi
"sərgisinin açılışı olub. Sərginin açılışında iştirak edən Bayburt
valisi Hasan İpek, AK
Parti Bayburt Millət vəkili Bünyamin Özbek, Bayburt Bələdiyyə sədri
Hacı Ali Polat, BEKDER Dərnəyinin sədri Mete Emir və digər
səlahiyyətli nümayəndələrə bir türk-islam şəhəri olan Ağsudan aşkar
olunmuş materiallar və qazıntının yenilikləri barədə məlumat
verilib.
MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə
doktoru Fariz Xəlilli Ağsu şəhərində bu günlərdə aşkar olunan qızıl
holland sikkələri və onun Azərbaycan-Avropa əlaqələrini öyrənmək
baxımından əhəmiyyətini qeyd edib.
Daha sonra XVIII Beynəlxalq Dədə Qorqud Festivalı
çərçivəsində Bayburt vilayətinin Aydıntəpə qəsəbəsində təşkil
olunmuş konsert proqramında Azərbaycandan gəlmiş İrs ansamblı
maraqlı repertuarla çıxış edib. Aydıntəpə Bələdiyyə sədri Orhan
Eraslan Azərbaycan nümayəndə heyətinə hədiyyə plaketi təqdim
edib.
XVIII Beynəlxalq Dədə Qorqud Festivalı tədbirləri davam edir.