Əlaqə Arxiv
news Image
2012.07.16
14:49
| A A A
IV Qəbələ Musiqi Festivalının proqramı açıqlanıb IV Qəbələ Musiqi Festivalının proqramı açıqlanıb APA-nın festivalın rəsmi saytına istinadən yaydığı xəbərə görə, Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ənənəvi olaraq keçirilən festivalda dünyanın bir çox ölkəsindən musiqiçilər iştirak edəcək. Bu festivalda dünyaca tanınmış Royal Filarmonik Orkestrinin konserti də təşkil olunacaq. IV Qəbələ Musiqi Festivalının ilk konserti iyulun 24-də Azərbaycanın dünya şöhrətli musiqiçisi Müslüm Maqomayevin 70 illik yubileyi ilə bağlı olacaq. 

Festival çərçivəsində iyulun 25-də Üzeyir Hacıbəyli adına Simfonik Orkestrinin konserti keçiriləcək. Konsertləri məşhur dirijorlar Rauf Abdullayev və Azad Əliyev idarə edəcək. İyulun 26-da Fikrət Əmirovun 90 illik yubileyinin, iyulun 27-də vokal konsertinin keçirilməsi planlaşdırılır. Eyni zamanda festivalda Bakı Musiqi Akademiyasının Orkestrinin konserti keçiriləcək və proqramda Yeganə Axundova, Murad Hüseynov, Murad Adıgözəlzadə çıxış edəcək. 

İyulun 28-də festival çərçivəsində muğam konserti baş tutacaq. Konsertdə muğam ifaçıları İlkin Əhmədov, Arzu Əliyeva, Ehtiram Hüseynov səhnəyə çıxacaqlar. Muğam ifaçıları tarda Sahib Paşazadə, kamançada Xəyyam Məmmədov, qanunda Təranə Əliyeva, nağarada Emin Cəbrayılov, balabanda Mehman Nuriyev müşayiət edəcək. 

İyulun 29-da maestro Niyazinin 100 illiyi, iyulun 30-da Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, Dmitri Yablonskinin, avqustun 1-də Yuri Başmetin, avqustun 2-də Boris Berezovskinin konsertləri keçiriləcək. İyulun 31-də və avqustun 3-də Qəbələdə dünya şöhrətli Royal Filarmonik Orkestri konsert verəcək. Konsertlərdə Charles Dutoit, Lisa de La Salle, Mchal Nesterowçz çıxış edəcək. İyulun 5-də festival Murad Adıgözəlzadə, Fərhad Bədəlbəyli və Teymur Süleymanbəylinin çıxışları ilə öz işini yekunlaşdıracaq.
 
Sizin Reklam Yeriniz