Əlaqə Arxiv
news Image
2015.06.08
14:00
| A A A
VI Beynəlxalq “Qız Qalası” incəsənət festivalı keçiriləcək

İçərişəhərdə VI Beynəlxalq "Qız qalası" Beynəlxalq incəsənət festivalı keçiriləcək. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Movqe.az-a verilən məlumata görə, Heydər Əliyev Fondunun təşəbbüsü və xüsusi dəstəyi, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi, Müasir İncəsənət Muzeyi, "Qız Qalası" incəsənət qalereyası və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən möhtəşəm idman bayramı - "Bakı 2015" birinci Avropa Oyunları ərəfəsində iyunun 11-14-də İçərişəhərdə "Qız qalası" Beynəlxalq incəsənət festivalı keçiriləcək.

2010-cu ildə başlanan, dörd il Bakı şəhərində, bir dəfə isə Fransanın Kann şəhərində keçirilən "Qız qalası" Beynəlxalq incəsənət festivalı bu il altıncı dəfə gerçəkləşdiriləcək. Festival ənənəvi olaraq bu il də İçərişəhərdə, Qız qalasının qarşısındakı meydanda təşkil olunacaq. Azərbaycan memarlığının incisi, beynəlxalq tarixi irsin ən möhtəşəm nümunələrindən biri olan və YUNESKO-nun "Dünya İrs Abidələri" siyahısına daxil edilmiş Qız qalası həm də mədəniyyətlərarası dialoqun zənginləşdirilməsinə xidmət edən əhəmiyyətli vasitədir.

Festivalın keçirilməsində əsas məqsəd dünyanın müxtəlif yerlərindən gələn rəssamlar vasitəsilə Azərbaycan mədəniyyəti və incəsənətinin tanıdılması, eləcə də Bakının rəmzi olan Qız qalasının dünyada təbliğinə töhfə verməkdən ibarətdir.

Festivalda rəssamlar Qız qalasının maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini və qarşılıqlı mübadiləsini əks etdirən əsərlər yaradırlar. Hər biri özünəməxsus və fərqli üslubda olan bu unikal müəllif işləri dünyanın müxtəlif ölkələrində nümayiş etdirilərək, Qız qalasının təbliğində əhəmiyyətli vasitəyə çevrilir. Festivalın təşkilatçıları diqqəti həm də ətraf mühitin mühafizəsi məsələsinə cəlb etməyə qərar veriblər. Nəsli kəsilməkdə olan "Qafqaz beşliyi"nin simvolu kimi seçilmiş ceyran maketləri hazırlanaraq və ötən il festivalda iştirak etmiş rəssamlar tərəfindən xüsusi rəsm üslubu və dekorasiya ilə bəzədiləcək. Bu il festivalda dünyanın 17 ölkəsindən 27 tanınmış rəssamın iştirak edəcəyi gözlənilir.

Festivalın konseptual xəyal sərhədləri layihəyə hər il maraqlı, paralel aksiyalar daxil edilməsi sayəsində genişləndirilir. Bu il rəssamlara Bakıda keçiriləcək birinci Avropa Oyunlarının simvolları-Nar və Ceyran heykəllərini rəngləmək təklif ediləcək.

Festivalın sonunda bənzərsiz sənət əsərlərinə çevrilən Qız Qalası və ceyran maketləri əvvəlcə Bakı sakinləri və şəhərimizin qonaqları üçün İçərişəhərdə, daha sonra isə müxtəlif ölkələrdə sərgilənərək ölkəmizi, onun tarixini və mədəniyyətini təmsil edəcək, həm də builki festivalın digər bir məqsədinə, ictimaiyyətin diqqətini vəhşi təbiətin muhafizəsi ilə bağlı problemlərə yönəldilməsinə xidmət edəcək.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi hər kəsi "Qız qalası" VI Beynəlxalq incəsənət festivalında iştirak etməyə dəvət edir.

Sizin Reklam Yeriniz