Xalq artistinin qızı: "Vəziyyətində ağırlaşma yoxdur
Azərbaycanın xalq artisti Habil Əliyevin sağlıq durumu orta-ağırdır.
Movqe.az xəbər verir ki, bunu "Report"a açıqlamasında kaman ustadının qızı Vəfa Əliyeva deyib.
O qeyd edib ki, H.Əliyev avqustun 21-dən evdə müalicə olunur: "Evdə müalicə olunmağı özü istədi. Mərkəzi Kliniki Xəstəxananın tibbi personalı atamın yanındadır. Onun müalicəsi ilə birbaşa məşğul olurlar. Halında ağırlaşma olmasa da, yaxşı demək hələ çox tezdir. Gün ərzində az olsa qida qəbul edir. Bir-iki kəlmə danışır. Vəziyyətində ağırlaşma yoxdur. Tibbi personal bütün xidmətləri yüksək səviyyədə icra edir. Onlara təşəkkür edirik, sağ olsunlar. Ailəmiz adından Prezident İlham Əliyevə, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarıq. Onlar olmasaydı, atamı itirmişdik. Habil Əliyevə olan qayğı, diqqət göz önündədir. Onlardan çox razıyıq".
Xatırladaq ki, Habil Əliyev ürək və ağciyər çatışmazlığından əziyyət çəkir.