Əlaqə Arxiv
news Image
2015.09.08
18:45
| A A A
Meksikanın Azərbaycandakı səfiri Tərcümə Mərkəzində olub

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub. 

Movqe.az xəbər verir ki, Mərkəzdən  verilən məlumata görə, qurumun direktoru Afaq dünya ədəbiyyatının Azərbaycan oxucusuna çatdırılması istiqamətində görülən işlərdən danışıb: "Dünyanın az qisim ölkəsi var ki, onların ədəbiyyatı Mərkəz tərəfindən tərcümə edilib Azərbaycan oxucusuna çatdırılmasın. Bu sıradan Latın Amerikası ədəbiyyatı da daim diqqət mərkəzində olub. Qabriel Qarsia Markes, Varqas Lyosa, Xulio Kortasar, Borxes və bu kimi yazıçıların əsərlərinin Azərbaycanda ilkin nəşrini Mərkəz həyata keçirib. Meksika ədəbiyyatına gəlincə, Ottavio Pasın əsərləri Azərbaycan dilində Mərkəzin "Xəzər" dünya ədəbiyyatı jurnalında dərc edilib, Meksika ədəbiyyatının fəxri, dünya ədəbiyyatının korifeylərindən sayılan Xuan Rulfonun "Pedro Paramo" romanı tərcümə olunub və kitab halında nəşr edilib. İspandilli ədəbiyyata gəlincə, hazırda Mərkəzdə Argentina səfirliyinin sifarişi ilə Adolf Bioy Kasaresin "Morelin ixtirası" əsərinin Azərbaycan dilinə tərcüməsi və nəşri üzərində iş gedir, Kolumbiya səfirliyinin təklifi ilə yeddi Kolumbiya və yeddi Azərbaycan şairinin şeirlərinin tərcümələrindən ibarət kitab hazırlanır. Biz milli ədəbiyyatımızın Meksika kimi qədim ölkədə də tanıdılmasında və bu gün yazıb-yaradan müasir Meksika ədiblərinin əsərlərinin Azərbaycan oxucusuna çatdırılmasında birgə əməkdaşlığa hazırıq".

Səfir Rodriqo Labardini bildirib ki, Meksika səfirliyi Azərbaycanda üç aydır açılıb: "Bu müddət ərzində səfirlik hər iki ölkə arasında mədəni əlaqələrin qurulması istiqamətində bir sıra işlər görməyə nail olub. Azərbaycanda olduğum müddətdə mən Meksika ilə Azərbaycan arasında bir sıra oxşarlıqlar kəşf etdim. Bizim təbiətimizdə də, mədəniyyətimizdə də yaxınlıqlar çoxdur. Mən Azərbaycan dilini çox sevirəm və öyrənirəm. Etimadnaməmcənab prezident İlham Əliyevə təqdim olunanda ilk çıxışımı Azərbaycan dilində etdim, təkbətək görüşdə də demək istədiklərimi Azərbaycan dilində ifadə etməyə çalışdım. Sizin prezident çox gözəl insandır. Mərkəzin Azərbaycanda fəaliyyət göstərən əcnəbilər üçün açdığı Azərbaycan dili kurslarına mən də yazılmaq istəyirəm. Azərbaycan ədəbiyyatının Meksikada nəşri və təbliği istiqamətində mən artıq bir neçə qurum və təşkilatlarla danışıqlar aparmışam. Düşünürəm, yaxın vaxtlarda bu sahədə səmərəli işlər görə biləcəyik".

Görüşün sonunda səfirə Mərkəzin nəşrlərindən olan Xuan Rulfonun "Pedro Paramo" kitabı hədiyyə edilib.


Sizin Reklam Yeriniz