Əlaqə Arxiv
news Image
2015.09.18
11:25
| A A A
Bu gün Üzeyir bəy Hacıbəylinin 130 illik yubileyidir
Sentyabrın 18-i Azərbaycanda Milli Müsiqi Günü kimi qeyd olunur

Sentyabrın 18-i müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, dahi bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir bəy Hacıbəylinin doğum günüdür.

Movqe.az-ın məlumatına görə, bu gün Üzeyir bəyin 130 illik yubileyidir.

Üzeyir bəy Hacıbəyli 1885-ci il sentyabrın 18-də Şuşa qəzasının Ağcabədi kəndində doğulub. İlk təhsilini Şuşada ikisinifli rus-türk məktəbində alıb.

O, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb və burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəyib, skripka və baritonda çalmağı öyrənib. Xalq mahnı nümunələrini nota köçürmək bacarığına yiyələnib. Seminariyanı bitirdikdən sonra Üzeyir bəy Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilib.

Ü. Hacıbəyovun 1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulub. Hacıbəyov operanın librettosunu Füzulinin eyni adlı poeması əsasında yazılıb. İlk tamaşaya istedadlı aktyor və rejissor Hüseyn Ərəblinski quruluş verib. Dirijor isə yazıçı-dramaturq Əbdürrəhimbəy Haqverdiyev idi.

Dahi bəstəkar 1909-1915-ci illərdə bir-birinin ardınca "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşud banu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) muğam operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin "Şahnamə" əsərinin motivləri əsasında yazılıb. O, "Leyli və Məcnun"dakı üslub xüsusiyyətlərini və estetik sənət prinsiplərini sonrakı operalarında da davam etdirdi.

Üzeyir bəy Hacıbəyli Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Onun "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyalarında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapıb.

Ü.Hacıbəyli 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya gedib, həmin il burada filarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq konservatoriyasında oxuyub. Peterburq dövrü Üzeyir Hacıbəyli yaradıcılığında mühüm rol oynayıb. Böyük sənətkar "Arşın mal alan" musiqili komediyasını burada yaradıb.

1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan "Koroğlu" operası Ü.Hacıbəyov yaradıcılığının zirvəsini təşkil edir. Azərbaycan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər ərsəyə gətirib.

Ü. Hacıbəyli 1948-ci ilin noyabrında 63 yaşında dünyasını dəyişib. I Fəxri xiyabanda dəf olunub. 

Hələ sovet hakimiyyəti dövründə Maestro Niyazinin təşəbbüsü ilə hər il sentyabrın 18-i böyük bəstəkar Üzeyir bəy Hacıbəylinin anadan olduğu gün Azərbaycanda xüsusi təntənə və mərasimlərlə qeyd edilirdi. Mədəniyyət ocaqlarında, musiqi məktəblərində, xüsusilə konservatoriyanın - indiki Musiqi Akademiyasının qarşısında Üzeyir bəy Hacıbəylinin şərəfinə onun ölməz əsərlərindən fraqmentlər səsləndirilirdi.

İllər keçdi, ümummilli lider Heydər Əliyev bu günü unutmadı. Unudulmaz Niyazinin təşəbbüsü ilə keçirilən Üzeyir Musiqi Günü 1995-ci ildə dövlət statusu aldı.

Azərbaycan Prezidentinin "Üzeyir Musiqi Gününün keçirilməsi haqqında" 1995-ci il sentyabrın 18-də verdiyi fərmana uyğun olaraq hər il Azərbaycanda ənənəvi Üzeyir Musiqi Günü keçirilir.

Dünya musiqi xəzinəsinə parlaq incilər bəxş edən Üzeyir bəy Hacıbəyli Azərbaycanda peşəkar musiqinin banisidir, bəstəkarlıq məktəbinin, musiqili komediya janrının yaradıcısıdır, Şərqdə operanın, operettanın əsasını qoyub, dövlət xorunu, simfonik orkestri yaradıb, dünya musiqi xəzinəsini ölümsüz əsərləri ilə zənginləşdirib. Üzeyir bəy Hacıbəylinin taleyində ən möhtəşəm səhifə bir də odur ki, bəstəkar Azərbaycan dövlət himninin müəllifidir. Bu gün Azərbaycan bayrağı məhz həmin himnin sədaları altında dünyanın ən mötəbər salonlarında ucalır, səhərlərimiz, həmçinin bütün tədbirlərimiz bu himnin sədaları ilə başlayır.

Üzeyir musiqisinin bənzərsizliyindən və ölümsüzlüyündəndir ki, hər il sentyabrın 18-də keçirilən Üzeyir Musiqi Günü ənənə halını alıb. Həmin gün ölkənin hər yerində bu münasibətlə müxtəlif tədbirlər keçirilir, bu tədbirlərə dünyanın məşhur sənət adamları qatılır.

Sentyabrın 18-i həm də Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalı öz işinə başlayır. 2009-cu ildən başlayaraq ölkədə 18-28 sentyabr tarixlərində keçirilən Azərbaycan professional musiqisinin banisi, dahi bəstəkar Üzeyir bəy Hacıbəyliyə həsr olunan beynəlxalq musiqi festivalları böyük əks-səda doğurub. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edir. 

Üzeyir bəyin heç vaxt təravətini itirməyən irsi misilsiz sərvətdir. O bu sərvəti bütün bəşəriyyət üçün qoyub gedib. İnanaq ki, dünyanı dolaşan bu musiqi tezliklə bəstəkarın bu səsə həsrət yurduna – Qarabağa, Şuşaya da çatacaq.  Üzeyir Musiqi Günü Cıdır düzündə keçiriləcək.

Sizin Reklam Yeriniz