Əlaqə Arxiv
news Image
2015.10.14
22:00
| A A A
İran Frankfurtda keçiriləcək beynəlxalq kitab sərgisində iştirakdan imtina edib

İran İslam Respublikasının Mədəniyyət və İslam İrşad Nazirliyi xüsusi bəyanat yayaraq oktyabrın sonuncu həftəsində Frankfurtda keçiriləcək beynəlxalq kitab sərgisində iştirakdan imtina etdiyini bildirib. Buna səbəb kimi "Şeytan ayələri" kitabının müəllifi Salman Rüşdinin sərgidə çıxış edəcəyi göstərilib.


Bəyanatda deyilir ki, nazirlik xeyli miqdarda vəsait xərcləyərək sərgiyə ciddi hazırlaşırdı. Lakin sərginin proqramı nazirliyə təqdim edildikdən sonra məlum olub ki, bu cür mədəni tədbirə mədəniyyətə hörmət etməyən və İslam dininə etiqad edən milyonlarla insanı təhqir edən bir "yazıçı" qatılacaq. O, öz cızma-qarası ilə İslam dininin yaradıcısı Məhəmməd Peyğəmbəri və Qurani-Kərimi təhqir etməsinə baxmayaraq, belə bir mötəbər tədbirdə iştirak üçün dəvət edilib. Buna görə də İran İslam Respublikasının Mədəniyyət və İslam İrşad Nazirliyi bu sərgidə iştirakdan imtina edir və digər müsəlman ölkələrinə də sərgiyə qatılmamağı tövsiyə edir.


Xatırladaq ki, 27 il əvvəl iranlı yazıcı Salman Rüşdi Quranın ayələrini "şeytan ayələri" adlandırıb və İrandan qaçaraq Londonda eyniadlı romanını nəşr etdirib. Həmin dövrdə İran İslam İnqilabının banisi İmam Xomeyni S.Rüşdini mürtəd (dinini danan) elan edib.


İslam alimləri və siyasi müşahidəçilər hesab edirlər ki, S.Rüşdinin Almaniyada keçirilən bu tədbirə dəvət edilməsi islamofobiyanın təzahürü olmaqla yanaşı, İslam dininə qarşı təbliğatın qızışdırılmasından başqa bir şey deyil.

Sizin Reklam Yeriniz