Belarus Akademik Dövlət Opera və Balet Teatrında P.Çaykovskinin "İolanta" operası təqdim olunub. Tamaşada Azərbaycan və Belarusun tanınmış ifaçıları və müğənniləri rola alıb. Anşlaqla keçən və dinləyicilər tərəfindən maraqla qarşılanan "İolanta" operasını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edib.
Ə.Quliyev AZƏRTAC-a bildirib ki, tamaşada İolanta obrazını Belarusun məşhur opera müğənnisi, Əməkdar Artist Anastasiya Moskvina canlandırıb.
Tamaşanın quruluşçu rejissoru professor Marqarita Yelizaryeva, quruluşçu rəssamı Ernst Qeydebrext, baş xormeysteri Belarusun Xalq Artisti Nina Lomanoviç olub.
Tamaşadan sonra Belarus Dövlət Opera Teatrının direktoru Vladimir Qridyuşko azərbaycanlı dirijora və bütün yaradıcı heyətə öz minnətdarlığını bildirib, eyni zamanda, Azərbaycan və Belarus Dövlət opera teatrları arasında genişlənən və uğurla inkişaf edən əlaqələri xüsusi qeyd edib.