Azərbaycan
Cümhuriyyətinin ilk hökumətinin baş naziri Fətəli xan Xoyskinin
qardaşı Hüseynqulu xanın nəvəsi Kərim Məhmətzadə İstanbulda
"Türkçülerin ilk fikir önderlerinin buluşma noktası" mövzusunda
məruzə ilə çıxış edib. Movqe.az-ın apa-ya istinadən məlumatına
görə, Türk Dünyası Araşdırmaları Vəqfi Süleymaniyyə kürsüsünün
təşkil etdiyi toplantıda çıxış edən Kərim Məhmətzadə Türklərin
tarixi və Azərbaycan ərazisindəki Türk tayfa və qəbilələri barədə
məlumat verəndən sonra ulu babalarının vətəni olan Gəncə ilə bağlı
ətraflı şəkildə danışıb.
Kərim Məhmətzadə mənsub olduğu Ziyadoğulları nəslinin təxminən 700 il əvvəl Gəncədə məskunlaşdığını bildirib: "Ulu babam Cavad xan Gəncəni rus istilasından müdafiə edərkən şəhid olub, onun şəhadəti nəslimizin şərəf pasportudur. Gəncənin rusların əlinə keçməsindən sonra yerli əhali kimi nəslimiz də uzun müddət təzyiq və təqiblərə məruz qalıb və babam Hacıbaba Məhmətzadə 1870-ci illərin ortalarında İstanbula gələrək Mahmudpaşada xalça ticarətinə başlayıb. Babamın karvansarayı Türkçülüyün fikir və düşüncə liderlərinin daima gəlib-getdiyi yer olub. İsmayıl bəy Qaspralı, Həsən bəy Zərdabi, Əhməd Ağaoğlu, Nəsib bəy Yusifbəyli, Yusif Akçura və b. bu gün də bizə məxsus olan 350 illik binaya zaman-zaman gələrək çox dəyərli müzakirələr aparıblar. Əlibəy Hüseynzadə xatirələrində yazır ki, babam onu 2 il karvansarayın otaqlarından birində gizlədib", - deyə sözünə davam edən Kərim Məhmətzadə daha sonra Azərbaycan milli dövlətinin qurulmasına doğru gedən yolda mənsub olduğu nəslin nümayəndələrinin fəaliyyətindən ətraflı danışıb.
"Rus işğalına qarşı müqavimət göstərib şəhid olmaq şərəfi ulu babam Cavad xana nəsib olmuşdusa, Şərqin ilk cümhuriyyətinin ilk hökumətini qurmaq şərəfi də anamın əmisi Fətəli xana nəsib olub. Fətəli xan da millətimizin yolunda həyatını qurban vermiş şəhiddir", - deyə Kərim Məhmətzadə öz çıxışını bu sözlərlə bitirdikdən sonra dinləyicilərin suallarını cavablandırıb.