Natiq Məmmədzadə: "Yaxın günlərdə bu barədə biz sizə daha konkret məlumat verə bilərik"
Bu gün dövlət vəsaiti hesabına Azərbaycan xaricdə daşınmaz əmlaka böyük həcmdə vəsait yatırmaqdadır. Məsələn, məlumdur ki, ARDNŞ Vaşinqtonda 12 milyon dollar bina alıb. Heldref Publication adlı beşmərtəbəli bina Dyupon meydanının yanındadır.
Dövlət Neft Fondu (ARDNF) Avropa və Asiyanın mərkəzi şəhərlərində yerləşən ofis tipli daşınmaz əmlaka investisiya yatırmaq niyyətini isə bir müddət əvvəl açıqlayıb. Bununla yanaşı, Fond Rusiya paytaxtı Moskvanın mərkəzindəki "Aktyorlar qalereyası" ticarət mərkəzini almaq üçün də böyük həcmdə vəsait xərcləyib. Tver və Strastnoy bulvar küçələrinin kəsişdiyi ərazidə yerləşən bina 1882-ci ildə tikilib. 1990-cı ildə bina yanıb və yenidən qurulub. Binanın ümumi sahəsi 18 min kvadratmetrdir.
Göründüyü kimi Azərbaycanın iri dövlət müəssisələri xaricdən daşınmaz əmlak alışına böyük miqdarda pul yatırır. Belə bir konekstdə isə istisna edilmir ki, ömrü cəmi 23 ay çəkən Azərbaycan Xalq Cumhuriyyəti dövründə də xaricdən daşınmaz əmlak alınıb. Əgər belə əmlak alınıbsa, indi Azərbaycan həmin əmlaka tam iddia etmək hüququna malikdir. Lakin təəssüf ki, tarixçilərimiz Xalq Cumhuriyyəti dövründə daşınmaz əmlak alışı ilə bağlı konkret məlumatlara malik deyillər.
Millət vəkili, professor Musa Qasımlı məsələ ilə bağlı Mövqe.Az saytına açıqlamasında aşağıdakıları bildirib: "Bu barədə mən dəqiq bir şey söyləyə bilmərəm. Bununla bağlı heç bir arxiv materialına rast gəlməmişəm. Ancaq bilirəm ki, Moskvada, Sankt-Peterburqda, Azərbaycan milyonçularının tikdirdiyi bəzi binalar var. Tam dəqiq deyə bilmərəm, çünki, bu sual ekspromt oldu.
Hər halda belə mülklər olmamış deyil. Azərbaycan Xalq Cümhuriyyəti dövründə xarici ölkələrdə həm azərbaycanlılara məxsus, həm də rəsmi strukturlar tərəfindən alınmış mülklər olmamış deyil. Sadəcə bunu ciddi araşdırmaq lazımdır.
Mən hesab edirəm ki, əgər Azərbaycanın mülkiyyəti olduğu sübut olunarsa, ona iddia etmək üçün bundan sonra iş artıq hüquqşünasların üzərinə düşər".
Keçmiş millət vəkili, tarixçi
Cəmil Həsənli də məsələ ilə bağlı saytımıza açıqlama verib: "Mən
düşünürəm ki, dövlət xətti ilə mülkiyyət alınması ola bilməz. Belə
bir şeyin olduğu haqda məndə məlumat yoxdur.
Azərbaycan milyonçularının xaricdə mülkləri olub. Məsələn, Moskvada Əsədullayevin evi vardı, ona tatar evi də deyirlər. Çünki, onu tikdirib Moskva müsəlmanlarına hədiyyə etmişdi. Oradakı da müsəlmanlar əsasən tatarlar idi. Bu 1913-cü ildə olub. Amma Xalq Cumhuriyyəti dövrü elə qarışıq dövr idi ki, mülkiyyət almaq heç kəsin yadına da düşmürdü".
Tarix İnstitutunun Azərbaycan Xalq Cümhuriyyəti tarixi şöbəsinin elmi əməkdaşı Natiq Məmmədzadə iəs bu sahədə araşdırma aparmağa ehtiyac olduğunu bildirib: "Bu məsələ ilə bağlı araşdırma aparılmalıdır. İndi Azərbaycanın ABŞ-dakı səfirliyi Azərbaycanın əmlakı hesab edilir. Bu qanun sözsüz ki, keçən əsrin əvvəllərində də mövcud idi. Əsas məsələ ondan ibarətdir ki, həmin o nümayəndəliklər nə dərəcədə aktiv, fəal işlər görürdülər. Bu baxımdan onlar həqiqətənmi hansısa daşınmaz əmlaka malik idi, yoxsa yox. O əmlak Azərbaycanın tabeliyində idi, yaxud yerləşdiyi ölkənin ixtiyarında idi? Bu məsələ ilə bağlı hələ araşdırma aparılmalıdır. Çünki, dəqiq öyrənilməlidir ki, Azərbaycan Xalq Cümhuriyyətinin ölkədən kənarda fəaliyyət göstərən nümayəndəlikləri, səfirlikləri konkret hansı binalarda yerləşirdi. Hüquqi baxımdan öyrənmək lazımdır ki, daşınmaz əmlak nəyin əsasında Azərbaycana məxsus idi, yoxsa ki, müəyyən binalarda icarəyə götürülmüşdü? Nə dərəcədə həmin o nümayəndəliklər formal şəkildə və ya konkret praktiki fəaliyyət göstərirdi? Bunlar hamısı öyrənilməlidir. Yaxın günlərdə bu barədə biz sizə daha konkret məlumat verə bilərik".