Əlaqə Arxiv
news Image
2012.12.21
17:00
| A A A
“Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” XI Respublika tələbə elmi-praktik konfransı keçirildi
BSU-da “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” XI Respublika tələbə elmi-praktik konfransı keçirildi

Bakı Slavyan Universiteti respublikamızın ən dinamik inkişaf edən elm və təhsil ocaqlarından biridir. Onun yüksək ixtisaslı kadr potensialı, yeniləşmiş maddi-texniki bazası, dəqiq inkişaf strategiyası universitetin nəinki respublikanın, həm də bütün Cənubi Qafqazın təhsil və mədəni mərkəzi kimi inkişafına rəvac verir. Təsadüfi deyildir ki, burada mütəmadi olaraq respublika və beynəlxalq səviyyəli konfranslar, dəyirmi masalar, tanınmış xarici ədib və alimlərlə görüşlər keçirilir.

21 dekabr 2012-ci ildə BSU-da Tərcümə fakültəsinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş "Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri" XI Respublika tələbə elmi-praktik konfransı keçirildi.

Akt zalında keçirilən plenar iclasda konfransı açıq elan edən BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev tədbir iştirakçılarını və qonaqları salamladı: "Artıq ənənəyə çevrilmiş elmi konfransımıza respulikanın bir neçə ali təhsil ocaqlarından tələbələr qatılıb və ümid edirəm ki, bu konfrans təsdiq edildiyi adının böyüklüyünü, qüdrətini, əzəmətini özündə təcəssüm etdirəcəkdir. Bəlkə də sizlərdən bəzilərinin həyatında bu iştirak etdiyi ilk konfransdır. Ümid edirəm ki, bir çoxlarınız üçün bu görüş böyük elmi araşdırmaların başlanğıcı olacaq". Keçirilən konfransın təkcə tərcüməçilər üçün deyil, eyni zamanda digər ixtisaslar üzrə təhsil alan tələbələr və çalışan mütəxəssislər üçün də son dərəcə önəmli olduğunu vurğulayan rektor əslində hər şeyin tərcümədən başlandığını bildirdi: "Digər ədəbiyyatlara, mədəniyyətlərə, mənəviyyatlara çıxış xətti tərcüməsiz mümkün deyil" Rektor konfransda dinləniləcək məruzələrdə olduqca maraqlı və ciddi problemlərə toxunulduğunu bildirdi və konfransın işinə uğurlar arzuladı.

Tərcümə fakültəsinin dekanı dosent S.Həsənov konfrans haqqında ətraflı məlumat verdi və bildirdi ki, konfransın "Tərcümə nəzəriyyəsi", "Tərcümə tarixi və praktikası", "Dilşünaslıq", "Ədəbiyyatşünaslıq", "Mədəniyyətşünaslıq", "İctimai elmlər" adlı bölmələrində 200-ə qədər tələbə və magistrantın elmi məruzələrinin dinlənilməsi nəzərdə tutulur.

Sonra BSU-nun Kölgə Kabinetinin rəhbəri, magistrant A.Axundova, tələbə R.Həşimov, magisrtantı, BDU-nun tələbələri A.Sadıqlı və T.Mehbalıyev, doktorantı P.Eyvazov, Qafqaz Universitetinin müəllimi P.Poladov və tələbəsi E.Həmidov, Azərbaycan Müəllimlər İnstitunun tələbəsi E.Paşayev çıxış edərək bu kimi konfransların gənclərin elmi işə cəlb olunmasında müstəsna rolundan danışdılar və konfransın işinə uğur arzular etdilər.

Ənənəvi konfransa Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Müəllilmlər İnstitutu, Qafqaz Universiteti, Odlar Yurdu Universiteti ilə yanaşı Moskva Dövlət Linqvistik Universiteti, Kiyev Milli Linqvistik Universiteti və Kursk Dövlət Tibb Universitetinın tələbələri də qatılmışlar.

Konfrans çərçivəsində "Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi" mövzusunda təşkil edilmiş dəyirmi masada qədim dövrlərdən başlayaraq bugünümüzə qədər xalqımızın adət-ənənələrini, milli-mənəvi dəyərlərini, mədəni zənginliyini özündə yaşadan və birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyasının təşəkkül tapmasında Ulu öndərin misilsiz xidmətlərindən söz açıldı. Qeyd edildi ki, Heydər Əliyev müstəqillik dövrünün dövlət ideologiyasını formalaşdırarkən azərbaycançılığı milli dövlətçilik ideologiyası kimi sistemləşdirmiş, onu ümummilli məfkurə, dünya azərbaycanlılarının ideologiyası, milli birlik təlimi kimi əsaslandırmışdır.

22 dekabrda konfrans öz işini bölmələrdə davam edəcək və ən layiqli elmi mərruzələr BSU tərəfindən toplu şəklində çap olunacaqdır.

Sizin Reklam Yeriniz