Əlaqə Arxiv
news Image
2018.05.02
11:41
| A A A
Aparat rəhbəri: "Azərbaycan Məhkəməsinin yaradılması Heydər Əliyevin siyasi və hüquqi iradəsi ilə bağlıdır"

Movqe.az Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparat rəhbəri, 2-ci dərəcə dövlət müşaviri Rauf Quliyevin Trend-ə müsahibəsini təqdim edir:

- Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ərəfəsindəyik. Hər bir müstəqil dövlət üçün ən mühüm hüquqi akt olan Konstitusiyanın hazırlanması və qəbulunda Ulu Öndər Heydər Əliyevin tarixi töhfəsini bir daha açıqlamağınızı xahiş edirik.

- Bildiyiniz kimi, Konstitusiya dövlətin təməl prinsiplərini, siyasi, hüquqi əsaslarını, eyni zamanda, vətəndaş, cəmiyyət və dövlət arasında ən mühüm münasibətləri tənzimləyən ali sənəddir. Dövlətin insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi üzrə təməl fəaliyyətinin konturları da məhz Konstitusiya vasitəsilə müəyyən edilərək reallaşdırılır. Dövlət müstəqilliyini bərpa etdikdən sonra demokratik cəmiyyət quruculuğu yolunu tutan ölkəmizin müasir demokratiya meyillərinə və tələblərinə cavab verən qanunvericilik sisteminin formalaşdırılması suverenliyin başlıca şərti kimi müəyyənləşdirilmişdir.

Öz növbəsində, demokratik islahatları xalqın iradə ifadəsi hesab edilən Konstitusiyanı qəbul etmədən reallaşdırmaq mümkün deyildi və o zamanın ağır tarixi-siyasi şəraitində Ümummilli Lider Heydər Əliyev bu missiyanı öz üzərinə götürmüşdür.

Qeyd edilməlidir ki, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə olmasa da, SSRİ-nin tərkibində olduğu dövrlərdə Azərbaycan SSR-in 1921-ci ildən etibarən konstitusiyaları olmuşdur. 1978-ci ildə, o zaman Azərbaycan KPMK-nın birinci katibi Heydər Əliyevin səyləri nəticəsində həmin dövr üçün mütərəqqi və demokratik sayıla bilən Konstitusiya qəbul edilmiş, hətta ciddi siyasi risk olmasına baxmayaraq, Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsinə nail olunmuşdur. Lakin sosializm quruculuğu dövrünün konstitusiyaları SSRİ Konstitusiyasına uyğunlaşdırıldığından xalqın milli, mənəvi, hüquqi və əxlaqi kimliyini tamamlaya bilmirdi.

Məhz bu amilləri nəzərə alan Ümummilli Lider Heydər Əliyev 1995-ci ildə bütün çətinliklərə, müstəqilliyimizə olan təhdidlərə baxmayaraq, dövrün ən qabaqcıl ziyalıları, dövlət xadimləri və hüquqşünaslarından ibarət komissiya yaradaraq tariximizdə ilk dəfə, heç bir asılılıq və ittifaq münasibəti olmadan milli Konstitusiyamızın layihəsinin hazırlanmasına rəhbərlik etmişdir.

Konstitusiya layihəsində xalqın tarixi keçmişinin, müasir dövrün təcrübəsinin, ümumbəşəri və demokratik dəyərlərin nəzərə alınması bir vəzifə olaraq qarşıya qoyulmuşdur. Konstitusiya layihəsi ilk dəfə 1995-ci ilin oktyabrın 15-də ümumxalq müzakirəsi üçün mətbuatda dərc olunaraq cəmiyyətin demək olar ki, bütün təbəqələri fikir mübadiləsinə cəlb edilmişdir. Beləliklə, əsaslı müzakirələrdən sonra layihənin yekun variantı 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi - referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi qəbul edilmişdir.

Baş müəllifi Heydər Əliyev olan Əsas Qanunun qəbulu müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının və qanunvericilik bazasının formalaşdırılması istiqamətində mühüm addım oldu. Bu gün birmənalı olaraq deyə bilərik ki, Azərbaycanın dövlətçilik tarixində Konstitusiyamızın qəbulu xüsusi yer tutur və bu mühüm aktın qəbulu məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

- Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasından 20 il ötür. Ümummilli Liderin ölkəmizdə Konstitusiya Məhkəməsinin yaradılmasında rolunu hansı formada xarakterizə etmək mümkündür?

- Məlum olduğu kimi, 1998-ci il 14 iyul tarixində yaradılan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, respublikamızın tərəfdar çıxdığı beynəlxalq müqavilələr, "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanunu, digər qanunlar və Məhkəmənin Daxili Nizamnaməsi təşkil edir. Qeyd edilən sənədlərin məzmunundan da görünür ki, Konstitusiya Məhkəməsinin yaradılmasında əsas məqsəd Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin Əsas Qanunda təsbit edilmiş əsas hüquq və azadlıqlarını müdafiə etməkdir.

Konstitusiya Məhkəməsinin yaradılması Ümummilli Liderimizin siyasi və hüquqi iradəsi ilə bağlıdır. Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması və səmərəli müdafiəsi ilə bağlı ilk tədbirlər məhz dahi dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər uzaqgörənlik nümayiş etdirərək, Konstitusiya qəbul edilərkən Konstitusiya Məhkəməsinin formalaşdırılması, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi mexanizmləri ilə bağlı müddəaların Əsas Qanunumuza daxil edilməsinə təşəbbüs göstərmişdir.

Sosialist rejimin dağılmasının ardınca bütün iqtisadi sferanın çökməsi, ölkəmizin təcrübəsiz şəxslər tərəfindən idarə olunması, digər tərəfdən, Ermənistan-Azərbaycan münaqişəsi, bir milyondan artıq qaçqın və məcburi köçkün, xaos və özbaşınalıq, xarici faktorlar, separatizm qəsdləri və dövlət çevrilişlərinə cəhdlər və s. bütün bunların fonunda insan hüquqları standartlarını gözləmək, insan və vətəndaş hüquq və azadlıqlarına, demokratik dəyərlərə önəm verə bilmək, çətin maliyyə-iqtisadi vəziyyətdə yeni bir orqan formalaşdırmaq həqiqətən cəsarətli addım idi. Ümummilli Liderin dəqiq strateji xətt müəyyənləşdirərək konstitusiya nəzarəti orqanı olan Konstitusiya Məhkəməsinin formalaşdırılmasına təşəbbüs göstərməsi şübhəsiz ki, ölkəmizdə insan hüquqlarının təminatı sahəsində mühüm mərhələnin başlanğıcı oldu.

 

2002-ci ildə Konstitusiyaya edilən əlavə və dəyişikliklər ilə Ulu Öndər Heydər Əliyev tərəfindən insan hüquqlarının daha səmərəli müdafiəsi ilə bağlı mühüm addımlar atıldı. Belə ki, Konstitusiyaya edilən əlavə və dəyişikliklər nəticəsində hər kəsə hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədilə şikayətlə müraciət etmək imkanı verildi. Bununla da, yalnız vətəndaşların deyil, dövlətimizin ərazisində olan bütün fərdlərin hüquqlarının Konstitusiya Məhkəməsi səviyyəsində təmin edilməsinə şərait yaradıldı. Bu baxımdan deyə bilərik ki, Konstitusiya yalnız deklarativ xarakter daşımır, həm də əsas insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə təminat verən praktiki sənəddir. Konstitusiya şikayətləri ilə yanaşı, ümumxalq səsverməsi ilə eyni zamanda məhkəmələrin müraciət, İnsan hüquqları üzrə müvəkkilin isə Konstitusiya Məhkəməsinə sorğu vermək imkanı tanınmış oldu. Konstitusiyaya əsaslı dəyişiklikləri nəzərdə tutan referendum təşəbbüsü Azərbaycanın demokratik və hüquqi dövlətlər ailəsinə daxil edilməsi yolunda Ümummilli Lider tərəfindən atılmış növbəti əhəmiyyətli addım idi.

Məhz Ulu Öndərin bilavasitə təşəbbüsü ilə Konstitusiya Məhkəməsinə fərdi şikayətlə müraciət etmək imkanının o zaman Əsas Qanun səviyyəsində təsbit edilməsi bir sıra beynəlxalq təşkilatlar tərəfindən olduqca yüksək qiymətləndirilmişdir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların dövlət səviyyəsində təmin edilməsində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışır. Ulu Öndər Heydər Əliyevin Konstitusiya Məhkəməsi haqqında "Konstitusiya Məhkəməsinin simasında milli dövlətçiliyimizi, Konstitusiyaya əsaslanan hüquq qaydasını, ən əsası isə insan və vətəndaş hüquq və azadlıqlarını həqiqətən müdafiə edən mötəbər təsisata malikik" buyurduğu kəlam bizim Məhkəməyə verilən çox yüksək bir qiymətdir və Konstitusiya Məhkəməsi yüksək qiyməti doğrultmağa daim çalışır.

- Sonuncu sualımız Ümummilli Liderin ictimai-siyasi fəaliyyətindən müasir dövlət qulluqçularının necə bəhrələnməsi ilə bağlıdır. Sizcə gənclər daha çox hansı meyarlara diqqət yönəltməlidirlər?

- Ulu Öndərin səyləri nəticəsində Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, bununla da "dövlət qulluğu" və "dövlət qulluqçusu" anlayışlarına müasir standartlara cavab verən yanaşma meydana çıxmışdır. Sevindirici məqam ondan ibarətdir ki, hazırda dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həmin yanaşma davam etdirilərək, dövlət qulluğuna qəbul prosesinin şəffaflığı, əlçatanlığı və sadələşdirilməsi, dövlət qulluqçularının sosial vəziyyətinin yaxşılaşdırılması, pensiya təminatının və rifahının yüksəldilməsi sahəsində olduqca uğurlu siyasət həyata keçirilir.

Ümummilli Liderin Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığından başlanan və müstəqil Azərbaycan Respublikasının Prezidentliyinə qədər uzanan 65 illik qüsursuz xidmət xronikasına nəzər yetirsək görərik ki, yuxarıda qeyd etdiyimiz vacib tələblər onun həyat və idarəçilik fəlsəfəsinin əsasını təşkil etmişdir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk günlərdən idarəçilik sahəsində bilik və bacarıqları, vətənpərvərliyi, xalqına və dövlətinə sevgi, millətinə qayğı kimi mənəvi keyfiyyətləri cəmiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Bu baxımdan hesab edirəm ki, insan hüquqlarının qorunması, demokratik meyarları və humanist dəyərləri həmişə prioritet istiqamət kimi uca tutan Heydər Əliyevin şəxsiyyəti və xidməti yolu müasir və müstəqil Azərbaycan Respublikasının dövlət qulluqçusu üçün nümunəvi model olmalıdır.

Qeyd edim ki, 1998-ci ildə Prezident seçkilərindən sonra iştirak etdiyim dövlət başçısının andiçmə mərasimi və orada Ulu Öndərin səsləndirdiyi nitq bu gün də çox gözəl xatirimdədir. Bir dövlət qulluqçusu kimi mən ilk dəfə həmin mərasimdə dahi şəxsiyyət Heydər Əliyevin necə xarizmaya malik olduğunun canlı şahidi oldum. Ulu Öndərin səsləndirdiyi hər bir kəlmə yüksək energetikaya malik idi. Həmin mərasimdə olduqca geniş və dolğun nitq ilə çıxış edən Heydər Əliyev demək olar ki, həmin nitqi ilə dövlətin qarşısında duran əsas vəzifələri, həmçinin ölkənin gələcək inkişaf vektorlarını müəyyənləşdirmişdir.

Bu gün də bütün dövlət qulluqçuları, o cümlədən gənc kadrlar məhz Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, qanunçuluğa, bərabərliyə, vicdanlılığa və ləyaqətə əsaslanan xidmət yolu ilə getməlidir. Nəzərə alsaq ki, bu gün də Ümummilli Liderin siyasi xətti davam edir, deməli, hər bir dövlət qulluqçusu Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməli, onun xalqa xidmət strategiyasının şərəfli icraçısı olmaqda qürur duymalıdır.

Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə regionun lider dövlətinə çevrilən Azərbaycan sürətlə inkişaf edərək, dünya birliyində öz layiqli yerini tutur. Bu gün dünya dövlətləri Azərbaycanı etibarlı tərəfdaş qismində görür. Müxtəlif səviyyəli beynəlxalq forumların, dövlət başçılarının zirvə görüşlərinin, həmçinin mötəbər humanitar, iqtisadi və idman tədbirlərinin bir-birini əvəz etməklə ölkəmizdə keçirilməsi öz-özlüyündə ölkənin inkişafında yeni mərhələnin olduğunun gösəricisidir.

Əldə edilən bütün bu yüksək nailiyyətlər şübhəsiz ki, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın adları ilə bağlıdır.

Sizin Reklam Yeriniz