Əlaqə Arxiv
news Image
2018.09.05
12:22
| A A A
Səyavuş Heydərov: Məktəblilərin dərsdən yayınıb əzadarlıq məclislərinə cəlb edilməsi nə qədər doğrudur? (MÜSAHİBƏ)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun Trend-ə müsahibəsi

- Səyavuş müəllim, bildiyimiz kimi, sentyabr ayında Məhərrəmlik başlayır. Bununla bağlı hansı hazırlıq işləri görülür?

- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Məhərrəmliklə əlaqədar Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə birlikdə əvvəlcədən hazırlıq işləri görülür. Bu baxımdan Məhərrəm ayı ilə bağlı hər il olduğu kimi, bu il də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində tədbirlər planı işlənib hazırlanıb. Həmin tədbirlər planına uyğun olaraq işlərimizi Məhərrəm ayı başlamamışdan öncə görürük. Dini icmalar, din xadimləri, eyni zamanda dindarlarla müvafiq izahatlar aparırıq. Qeyd edim ki, bu izahatlar əsasən iki istiqamətdədir. Birincisi, maarifləndirici, ikincisi isə qanunun müvafiq tələblərinin izahı ilə bağlıdır. Əsasən Məhərrəm ayında bütün mərasimlərin qanunvericilik çərçivəsində təşkilinə, Azərbaycan xalqının, İslam dininin yüksək mədəni normalarına uyğun keçirilməsinə çalışırıq. Əsas məqsədlərimizdən biri QMİ-nin fətvasında göstərilən tövsiyələrə əməl olunması ilə bağlıdır. Bu istiqamətdə İdarə ilə birlikdə işlərimizi Məhərrəm ayının sonuna qədər davam etdirəcəyik. Hər il bu sahədə irəliləyişlər müşahidə edilir. İnanırıq ki, bu il də Məhərrəm ayında keçirilən istər Aşura mərasimləri, istərsə də təziyə mərasimləri ilə bağlı əvvəlki illərə nisbətən müsbət nəticələr əldə olunacaq.

- Bu ayda ölkə ərazisində müxtəlif əzadarlıq mərasimləri təşkil olunacaq. Bu mərasimlərlə əlaqədar hansı maarifləndirici tədbirlər həyata keçirilir?

- Dövlət Komitəsi Məhərrəm ayı ərəfəsində və dövründə kütləvi maarifləndirici tədbirlər həyata keçirir. Belə ki, ictimaiyyətlə, o cümlədən inanclı insanlarla, gənclərlə görüşlər keçirilir, qanunvericiliyə edilmiş son əlavə və dəyişikliklər barədə məlumatlar verilir. İslam dini icmalarının sədrləri, din xadimləri ilə müvafiq söhbətlər aparılır, Aşura mərasimlərinin sivil, milli adət-ənənələrimizə uyğun formada keçirilməsi istiqamətində həm yerli icra hakimiyyətləri, həm də hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə müvafiq tədbirlər həyata keçirilir.

- Məhərrəm ayında, xüsusən Aşura günü adətən hansı neqativ hallar baş verir və onların qarşısının alınması istiqamətində hansı zəruri addımlar atılır?

- Keçən illərdə aparılmış müşahidə və monitorinqlər nəticəsində respublikanın bəzi şəhər və rayonlarında keçirilmiş əzadarlıq məclislərində bəzi neqativ hallar aşkar edilib. Belə ki, icazəsiz olaraq küçə yürüşlərinə cəhdlər edilmiş, məsciddən kənar yerlərdə, eləcə də şəxsi evlərdə kütləvi şəkildə dini ayinlərin keçirilməsi və dini atributların məscidlərin xaricində yerləşdirilməsi hallarına rast gəlinmişdir. Qeyd edim ki, mövcud qanunvericiliyə əsasən, əzadarlıq məclisləri yalnız məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə keçirilməli və ictimai asayişə mane olmamalıdır. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlər yalnız müvafiq dövlət qurumlarının icazəsi əsasında təşkil oluna bilər. Dini atributlar isə yalnız məscidlərin içərisində yerləşdirilməlidir. Heç şübhəsiz, belə hallar aşkarlandıqda yerli icra hakimiyyətləri və hüquq-mühafizə orqanları ilə birgə qanun çərçivəsində müvafiq addımlar atılır. Ümid edirik ki, cari ildə belə hallar təkrar edilməyəcək.

- Çox təəssüflə qeyd etməliyik ki, müasir dövrümüzdə Kərbəla hadisəsinin mahiyyəti düzgün dərk edilmir. Bu barədə nə deyə bilərsiniz?

- Düzgün qeyd etdiyiniz kimi, Kərbəla hadisəsindən 14 əsr keçməsinə baxmayaraq, müasir dövrdə də bəzən onun mahiyyəti düzgün dərk edilmir. Belə ki, bəzi insanlar hesab edirlər ki, bu günün əsas məqsədi ağlayaraq və ya insanları ağlamağa məcbur etməklə savab qazanmaq və günahlardan təmizlənməkdir. Lakin Məhərrəmlik mənəviyyatın zirvəsi olan şəhadəti tərənnüm edir. Bu ayda şəhidlik fəlsəfəsinin açıqlanmasına xüsusi önəm verilməlidir. Müsəlman ümmətinin tarixində kədərli, eyni zamanda insanlara şərəf və qürur bəxş edən Kərbəla faciəsinin, İmam Hüseynin həyat və şəhadətinin yad edilməsi bu gün də Azərbaycan dindarları tərəfindən ənənə olaraq yaşadılır.

Ölkəmizdə keçirilən İmam Hüseyn əzadarlığında bədbinlik əhvali-ruhiyyəsi deyil, Vətən sevgisi, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizə ruhu hakim kəsilməlidir. Əzadarlıq moizələrində Kərbəla hadisələri ilə bağlı tarixi həqiqətlərin açıqlanması ilə yanaşı, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçənlərin, 20 Yanvar, Qarabağ, və Xocalı şəhidlərinin yad edilməsi tövsiyə edilir.

 

Aşura mərasimlərində əzadarlar dinimizin etdiyi tövsiyələrə mütləq şəkildə riayət etməlidirlər. Belə ki, mərasimlər məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalıdır. Müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, sinə açmaq, saç yolmaq, zəncir vurmaqla qan çıxarmaq kimi qınağa səbəb hərəkətlərə yol verilməməlidir.

- Azyaşlı və məktəblilərin əzadarlıq mərasimlərinə cəlb edilməsinə münasibətiniz necədir?

- Bəzi bölgələrdə azyaşlı və məktəblilərin valideynləri tərəfindən dini mərasimlərə gətirildiyinin şahidi oluruq. Bu hallar Məhərrəmlik və xüsusilə Aşura məclislərində də baş verir. Körpələrin, azyaşlı uşaqların əzadarlıq məclislərinə gətirilməsi həmin uşaqların səhhətinə, psixologiyasına mənfi təsirsiz ötüşmür.

Burada da mütləq qanunların tələblərinə riayət etmək vacibdir. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq bəndinə əsasən, uşağın səhhətinə zərərli təsir göstərən dini ayinlərin icrasına cəlb edilməsi qadağandır. Bəzən bu tələblərə etiraz edilir və aqressiv münasibət göstərilir. Halbuki gündəlik həyatımıza nəzər salsaq, valideynlər demək olar ki, heç vaxt öz uşaqlarını yas məclislərinə aparmırlar və belə mərasimlərin azyaşlılar üçün uyğun olmadığını, onların psixologiyasına, səhhətinə ziyan vurduğunu hesab edirlər. Həmin məntiqdən yola çıxsaq, azyaşlıların ağlaşmanın, hətta zəncirvurma və qançıxarma kimi hərəkətlərin edildiyi dini əzadarlıq məclislərinə gətirilməsinin də uyğun olmadığını əminliklə söyləyə bilərik.

Bundan başqa, "Təhsil haqqında" qanunun tələblərinə əməl etmək zəruridir. Belə ki, məktəblilərin təhsildən yayınaraq Aşura məclislərinə gəlməsi təkcə onların davamiyyətinə mane olmur, həm də dərsdən yayınması ilə nəticələnir. Bir çox hallarda bu, valideynlərin günahı və nəzarətsizliyi ucbatından baş verir. Məktəblilərin dərsdən yayınıb əzadarlıq məclislərinə cəlb edilməsi nə qədər doğrudur? Axı İslamın elmə, biliyə necə böyük qiymət verdiyini, hər kəsi elm öyrənməyə çağırdığını, İslamda alimin mürəkkəbinin şəhidin qanından üstün tutulduğunu yaxşı bilirik.

Onu da diqqətinizə çatdırım ki, islami dəyərlərin təbliği, insanlarımızın dinimizi düzgün öyrənməsi, mənəvi dəyərlərimizə sahib çıxması çox vacibdir. Ulu Öndərimiz Heydər Əliyevin dediyi kimi, dinimiz mill-mənəvi sərvətimizdir. Biz bu sərvəti qoruyub gələcək nəsillərə sağlam çatdırmaq üçün əlimizdən gələni etməliyik. Lakin yaxşı olardı ki, uşaqlar və məktəblilər artıq həddi-büluğa çatdıqdan, dünyagörüşü formalaşdıqdan, hər şeyin əsl mahiyyətini başa düşdükdən sonra bu cür mərasimlərə gəlsinlər, iştirak etsinlər və əzadarlıq saxlasınlar.

- Son olaraq, dindar insanlara Məhərrəm ayı ilə əlaqədar hansı tövsiyələriniz var?

- Hər şeydən öncə, Məhərrəm ayı, xüsusilə də Aşura günü zamanı ifrat hərəkətlərə yol verməməyi və mövcud qanunvericiliyin tələblərinə riayət etməyi tövsiyə edirəm. Qeyd edim ki, Azərbaycanda məscidlərdə bu və ya digər ayinlər həyata keçirilərkən QMİ-nin fətvasına və təqvimə əməl olunmalıdır. Bu təqvimdən kənara çıxmaq olmaz. Çünki Azərbaycan Respublikasında İslam dini qurumları öz tarixi dini mərkəzində - Qafqaz Müsəlmanlar İdarəsində birləşdiyi üçün məzhəbindən asılı olmayaraq, hər kəs bu təqvimlərə əməl etməlidir.

Xatırladım ki, müxtəlif dini atributları məsciddən kənarda nümayiş etdirmək olmaz. Xüsusilə də bədənə xəsarət yetirmək, zəncir vurmaqla qan çıxarmaq və ya qan çıxarma ilə müşayiət olunan bədənə işgəncə vasitələrindən istifadə etmək yolverilməzdir. Komitənin yerlərdəki şöbələri qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı monitorinqlər keçirəcək. Əgər hər hansı pozuntular olsa, onunla əlaqədar müvafiq tədbirlər görüləcək. Əminəm ki, hamı bu qanuna əməl edəcək.

Sonda hər il Məhərrəm ayı zamanı Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə talassemiya və hemofiliya xəstələri üçün keçirilən ənənəvi qanvermə aksiyası kimi xeyirxah işdə dindarları fəal iştirak etməyə çağırıram. Qan çıxarmağı zəruri hesab edən dindarlara tövsiyə edirəm ki, onlar zəncir vurmaqla baş yarmaq əvəzinə, könüllü olaraq qan vermə aksiyalarına qoşulsunlar. Bununla onlar Allah qarşısında böyük savab qazanmaqla yanaşı, qan çatışmazlığından əziyyət çəkən minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olarlar.

Sizin Reklam Yeriniz