Əlaqə Arxiv
news Image
2013.06.22
09:10
| A A A
Keyfiyyətsiz mobil cihazların Azərbaycana gətirilməsi mümkün deyil
İltimas Məmmədov: «Qara siyahı»ya düşmüş İMEİ nömrəli cihazların Azərbaycanda istifadəsi mümkün deyil»

İnformasiya-kommunikasiya texnologiyalarının Azərbaycanda genişmiqyaslı tətbiqi və dinamik formada inkişaf etdirilməsi bu gün dövlət tərəfindən həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini təşkil etməkdədir. Bunun nəticəsidir ki, sözügedən sektorun ölkəmizdə tərəqqi dinamikası kifayət qədər yüksək səviyyədədir və mütəmadi olaraq yeni nailiyyətlərlə müşayiət olunur. Qeyd edilənlərə paralel olaraq, informasiya-kommunikasiya texnologiyaları sferasında ən qabaqcıl dünya təcrübəsinin tətbiqi də Azərbaycanda belə demək mümkünsə, artıq ənənə halını alıb. Bu məsələdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəaliyyəti də olduqca yüksək dəyərləndirilir.

Ölkəmizdə sözügedən sahədə son günlərin diqqət cəlb edən əsas hadisələrindən biri də mobil cihazların qeydiyyata alınması məqsədilə Mobil Cihazların Qeydiyyat Sisteminin işə salınmasıdır. Bunun hansı zərurətdən irəli gəlməsi və belə bir sistemin işə salınmasını şərtləndirən səbəblər barədə "Mövqe" qəzetinə müsahibəsində rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov qeyd edir:

- Bildiyiniz kimi, iki il öncə Nazirlər Kabineti "Mobil cihazların qeydiyyatının aparılması Qaydası"nı təsdiqləyib. Belə bir qərarın qəbul edilməsinə səbəb "Terrorçuluq barədə bilə-bilə yalan məlumatların yayılması hallarının qarşısının alınmasına dair Kompleks Tədbirlər Planı"nın icrasını təmin etməkdir. Həmin plana müvafiq olaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən aidiyyatı qurumlarla birgə mobil cihazların qeydə alınması məqsədilə müvafiq layihə hazırlanıb Nazirlər Kabinetinə təqdim edildi. Layihə nəzərdən keçirildikdən sonra 2011-ci ilin dekabrın 28-də Nazirlər Kabineti tərəfindən təsdiq olundu. Qərara əsasən, mobil cihazların qeydiyyat sisteminin təşkili Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə həvalə olundu. Mobil Cihazların Qeydiyyat Sistemi müvafiq qərara əsasən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində yaradılıb. Qısaca olaraq qeyd edim ki, sözügedən qeydiyyat sistemi telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazların texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sistemində toplanması və burada saxlanılmasını, emalını özündə ehtiva edir. Cari ilin mayın 1-dən etibarən isə, Mobil Cihazların Qeydiyyat Sistemi fəaliyyətə başlayıb. Bir məqamı da qeyd edim ki, Mobil Cihazların Qeydiyyat Sisteminin yaradılması İnformasiya Komminikasiya Texnologiyaları İli çərçivəsində həyata keçirilən tədbirlər sırasındadır.

- Mobil cihazların qeydə alınması hansı parametrlər üzrə həyata keçirilir?

- Burada mobil cihazların yalnız İMEİ, yəni, istehsalçı zavodun verdiyi unikal kod nömrələri qeydə alınır. Məlum olduğu kimi hər bir mobil cihazın özünün təkrarsız İMEİ nömrələri vardır. Məhz həmin İMEİ nömrələrinin qeydə alınması prosesi həyata keçirilir. Bu sistem həm də mobil telefon bazarının vəziyyəti, yəni bazarın həcmi, idxal edilən leqal və qeyri-leqal məshulların sayı barədə dəqiq məlumat almağa imkan verir.

- Mobil cihazların qeydə alınması deyərkən ilk növbədə təsəvvürdə yalnız mobil telefonlar canlanır. Belə telefonlarla yanaşı, digər hansı mobil cihazların qeydiyyatı da aparılır?

- GSM şəbəkəsindən xidmət alan bütün cihazlar burada qeydə alınır. Yəni bura təkcə mobil telefonlar aid deyil. Məsələn, bu gün avtomobillərin GSM şəbəkəsi vasitəsilə nəzarəti üçün müvafiq cihazlar mövcuddur. Xüsusi məlumatların məsafədən ötürülməsi üçün müxtəlif cihazlardan istifadə edilir ki, onlar da birbaşa GSM şəbəkəsinə bağlıdır. Qeydiyyat sistemi istismara verildikdən sonda belə cihazlar da qeydə alınır. Ümumiyyətlə, mobil telefonlarla yanaşı, sistemə 400 000-dən artıq GSM standartlı, məsələn, naviqator, məişət texnikası və başqa qurğular daxil edilib. Artıq IMEI kodlarının məlumat bazasında 12 milyondan artıq mobil cihazların İMEİ nömrələri qeydiyyata alınmışdır. Əlavə olaraq qeyd edim ki, sistem istismara verilməmişdən əvvəl şəbəkədə istifadə olunan, lakin standartlara uyğun olmayan 197 min telefon cihazlarının işləməsinə şərait yaradılmışdır.

- Sistem yerli, yoxsa xarici mütəxəssislər tərəfindən qurulub?

- Bu prosesdə həm yerli, həm də xarici mütəxəssislər iştirak edib. Mobil cihaz qeydiyyat sisteminin proqram təminatı yerli mütəxəssislər tərəfindən hazırlanmışdır ki, bu da Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən informasiya-kommunikasiya texnologiyaları sahəsinə göstərilən qayğının nəticəsidir. Belə bir sistemin yaradılmasında biz xarici təcrübədən də geniş istifadə etmişik. Əsas etibarı ilə Türkiyə təcrübəsindən yararlanmağa çalışmışıq. Türkiyədə hələ 2005-ci ildə belə bir sistem yaradılıb və həmin vaxtdan indiyə qədər istifadə olunur.

- Mobil cihazların qeydə alınması onların istehlakçılarına hansı üstünlüklər vəd edir?

- İlk növbədə onu qeyd edim ki, bu, abunəçilərə malik olduqları mobil cihazlardan daha böyük rahatlıqla istifadəyə şərait yaradır. Çünki qeydiyyat zamanı artıq mənşəyi dəqiq bilinməyən, texniki parametrləri standartlara cavab verməyən, keyfiyyət əmsalları aşağı olan, insan orqanizmi üçün zərərli elektromaqnit şüalanmaları yayan mobil cihazların ölkəyə gətirilməsi artıq mümkünsüzləşir. Deməli, insanlar daha keyfiyyətli mobil cihazlardan istifadə edəcəklər və bu da öz növbəsində istehsalçı şirkətlərin tanınma dərəcəsinin artmasına zəmin yaradacaq. Bundan başqa qeyri-qanuni yolla ölkəyə gətirilən mobil cihazların şəbəkələrdə istismarının qarşısı alınır. Eyni zamanda bu, mobil cihazların oğurluq hallarının qarşısının alınmasına çox böyük töhfə verir.

Xarici ölkələrdə səfərdə olan Azərbaycan vətəndaşları orada telefon və ya digər mobil rabitə cihazları alarkən diqqətli olmalıdırlar. Alınan cihazların mənşəyi bilinmədiyi və orijinal olmadığı aşkar olunsa, Azərbaycanda həmin avadanlıqlardan istifadə etmək mümkün olmayacaq. Vətəndaşlar xaricdə almaq istədikləri telefonun orijinallığını yoxlamaq üçün onların IMEI kodlarını öyrənməli və www.imei.az saytı vasitəsilə kodun orijinal olub-olmadığını dəqiqləşdirməlidir. Yalnız müsbət cavab aldığı halda bu telefonu almaq məsləhətdir. Yeri gəlmişkən, sistemin işə düşməsindən keçən vaxt ərzində mənşəyi bilinməyən, orijinal olmayan 20 minə yaxın mobil rabitə cihazının istismarının qarşısı alınmışdır. Son zamanlar vətəndaşlarımız tərəfindən müxtəlif xarici ölkələrdən alınaraq respublikaya gətirilən mobil telefon cihazlarının müəyyən hissəsi Beynəlxalq GSM Assosiasiyası tərəfindən təyin olunmuş qaydalara uyğun olmadığından həmin cihazların qeydiyyata alınmasında problemlər yaşanır.

Belə ölkələrdən Çin Xalq Respublikasını, İran İslam Respublikasını, Rusiya Federasiyasını, Gürcüstan Respublikasını, Birləşmiş Ərəb Əmirliklərini, Malayziyanı, Tayvanı və s. kimi ölkələri göstərmək olar.

Hazırda istirahət mövsümü olduğunu nəzərə alaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi vətəndaşlarımıza xarici ölkələrdə səfərlərdə olarkən mobil telefon cihazları aldıqları zaman onların standartlara uyğunluğuna və zəmanətli olmasına xüsusi diqqət yetirmələrini, bununla yanaşı mənşəyi bilinməyən cihazları almamalarını tövsiyə edir.

- Azərbaycanda mobil cihazların oğurluğu və başqa formada onlarla bağlı pozuntu hallarının qarşısının alınmasında yeni sistem hansı rol oynayır?

- Qeydiyyat sistemi oğurlanan və ya itirilən mobil cihazların şəbəkədə istifadəsini mümkünsüz hala gətirir. İtirilən mobil cihaz sahibinin qeydiyyat mərkəzinə müraciəti əsasında həmin cihazdan respublika ərazisində istifadə dayandırılır və oğurlanmış mobil cihaz belə demək mümkünsə, artıq lazımsız əşyaya çevrilir. Çünki ölkə ərazisində həmin cihazdan istifadə tamamilə mümkünsüzləşir.

- Rouminq abunəçilər də cihazlarını qeydiyyatdan keçirməlidirlərmi?

- Bəli, tamamilə doğrudur. Burada vacib bir məqama da toxunmaq istərdim. Məsələn, hər hansı xarici vətəndaş öz mobil cihazını, misal üçün deyək ki, mobil telefonunu Azərbaycana gətirib. Onun telefonu rouminqdədirsə, başqa ölkəyə məxsus SİM kartı ilə işləyirsə, qeydiyyat belə telefonlara aid deyil. Yəni onu demək istəyirəm ki, qeydiyyat proseduru yalnız yerli operatorların şəbəkələrindən xidmət alan cihazlara aiddir. Başqa sözlə, qeydiyyat rouminqlərə şamil olunmur.

- Belədirsə, xaricdən Azərbaycana gələn hər hansı vətəndaş rouminq xidmətinə qoşulmayıbsa, onun mobil cihazının ölkəmizdə taleyi necə olacaq?

- Rouminq xidmətindən istifadə etməyən xarici vətəndaş Azərbaycan ərazisinə gəldikdən sonra mobil telefonundan istifadə edərsə, dərhal ona mesaj göndərilir. Həmin mesajda göstərilir ki, sözügedən şəxs 30 gün ərzində mobil telefonunu qeydiyyatdan keçirməlidir. Lakin 30 gün keçdikdən sonra mobil telefon qeydiyyata alınmayıbsa, artıq ondan istifadə şəbəkə vasitəsilə dayandırılır. Yəni, avtomatik şəkildə həmin şəxsin mobil cihazı "qara siyahı"ya düşür. Yenidən müraciət edilərsə, həmin telefon qeydiyyata alına bilər.

- Bu siyahı barəsində mümkünsə, bir qədər ətraflı məlumat verərdiniz.

- Sistemdə - "ağ" və "qara" siyahı müəyyən olunub. "Ağ siyahı"ya istifadəsinə icazə verilən, "qara siyahı"ya isə istifadəsinə icazə verilməyən mobil cihazlar daxil edilir. Əgər vətəndaş şəxsi istifadə üçün gətirdiyi mobil cihazı 30 gün ərzində qeydiyyatdan keçirməyibsə, avtomatik olaraq həmin cihaz "qara siyahı"ya düşür. "Qara siyahı"ya düşmüş İMEİ nömrələrin məxsus olduğu cihazların Azərbaycanda istifadəsi mümkün deyil.

- İndiyə qədər nə qədər mobil cihaz "qara siyahı"ya düşüb?

- Mobil Cihazların Qeydiyyat Sisteminin fəaliyyətə başlanmasından sonra 85 telefon itirilmə halı aşkar edilib ki, bu barədə məlumatlar da dərhal sistemə daxil edilib. Yəni indi həmin telefonlar gərəksiz əşyaya çevrilib. Yeni sistemin işə düşməsi xaricdən ölkəyə pirat telefonların gətirilməsinin də qarşısını alıb. Sistem işə düşəndən ölkəyə mənşəyi bilinməyən, orijinal olmayan 20 minə yaxın mobil telefon cihazının şəbəkədə istifadəsinin qarşısı alınıb.

- Yeri gəlmişkən, şəxsi istifadə üçün gətirilən mobil cihazların qeydiyyatları harada keçirilməlidir? Axı təkcə paytaxtda yaşayanlar şəxsi istifadə üçün mobil cihazlar gətirmir.

- Mobil cihazların qeydiyyatının asanlığı və əl çatanlığının təmin edilməsi üçün mobil operatorların müştəri xidmətlərində belə qeydiyyat prosedurunun həyata keçirilməsi məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən müvafiq addımlar atılıb. Yeni mobil cihazların qeydiyyatının yüksək səviyyədə təşkil edilməsi üçün əhali qaynar xətdən və ya internet səhifəsindən bu barədə aldığı məlumatlarla yanaşı, eyni zamanda mobil operatorların müştəri xidmətlərindən ətraflı məlumat əldə edə bilər. www.imei.az internet səhifəsindən istifadə etməklə abunəçilər istifadə etdikləri mobil cihazların İMEİ nömrələri ilə cihazların orijinallığını müəyyənləşdirə, eləcədə əlavə məlumatlar əldə etmək imkanına sahibdirlər.

- Bəs gömrükdə qeydiyyat prosesi həyata keçirilir?

- Qaydaya görə, ölkəyə həm şəxsi istifadə, həm də satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə mobil cihaz gətirənlər də bu malları qeydiyyat mərkəzinə müraciət etməklə qeydiyyatdan keçirməlidirlər.

Gömrükdə qeydə alınan mobil cihazların İMEİ nömrələri bizim qeydiyyat mərkəzinə göndərilir. Misal üçün deyək ki, hər hansı sahibkar satış məqsədilə ölkəyə 500 ədəd mobil telefon gətirib. Bu telefonların İMEİ nömrələri gömrük orqanları tərəfindən qeydiyyat mərkəzinə göndərildikdən sonra onların uyğunluğu, oğurluq olub-olmaması, surətinin çıxarılmış olub-olmadığı analiz olunur. "Qara siyahı"da olan İMEİ nömrəli cihaz ölkəyə buraxılmır. Onu da qeyd edim ki, buna görə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə heç bir rüsum ödənilmir.

- Qeydiyyat sisteminin beynəlxalq çıxışları, burada beynəlxalq əməkdaşlığın həyata keçirilməsi proseduru varmı?

- Bu sistemdən istifadə edən Avropa ölkələri "qara siyahı"ya düşmüş mobil cihazları ümumi bir məlumat şəbəkəsində toplayırlar. Mobil cihazların qeydə alındığı və birgə əməkdaşlığın həyata keçirildiyi ölkələrdə "qara siyahı"ya düşmüş mobil cihazların istifadəsinin mümkün olmadığı ərazinin əhatə dairəsi daha da genişlənir. Çünki bir ölkədə "qara siyahı"ya düşmüş mobil cihaz artıq əməkdaşlıq qurulan ölkədə də eyni siyhahıda yer alır və ondan istifadə mümkün olmur. Bu isə qeyd etdiyim kimi "qara siyahı"ya düşmüş mobil cihazların ümumi bir məlumat şəbəkəsinə ötürülməsi sayəsində baş verir. Yalnız qeydiyyat sisteminin olmadığı ölkələrdə "qara siyahı"da olan mobil cihazlardan təkrar istifadə mümkündür.

Avropa ölkələri və Türkiyə Respublikasının itirilmiş cihazlarla bağlı məlumat bazası üzrə mübadilənin təşkil üzrə işlər davam etdirilir.

Müsahibəni apardı:

Rasim BAYRAMOV

Sizin Reklam Yeriniz