Əlaqə Arxiv
news Image
2020.05.12
17:00
| A A A
“Ziyalının yazdığını oxuyan, dediyini eşidən yoxdur” - MÜSAHİBƏ

Nəsir Əhmədli: "Jurnalistikamızın problemləri: iqtisadi çətinlik, peşə səviyyəsinin aşağılığı, söz və mətbuat azadlığının qarşısında maneələrin olması" 
 
"İşğaldan azad olmağın bircə yolu var: antiterror hərəkatına başlamaq"
 
"Dünyanı zatı bəlli olmayan şər qüvvələr idarə edir"
 
Müsahibimiz Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədlidir. 

- Nəsir müəllim, Azərbaycan jurnalistikasının bugünkü durumunun mənzərəsini necə cızardınız?

- Jurnalistikanın durumu onun xidmət etməli olduğu cəmiyyətin durumu ilə tam adekvatdır, yəni cəmiyyətin mövcud iqtisadi, siyasi, mənəvi vəziyyəti medianın necəliyinə birbaşa təsir edir. Hər yerdə olduğu kimi, Azərbaycanda da belədir. Əcnəbi ölkələrin birindən ölkəmiz haqqında heç bir təsəvvürü olmayan normal düşüncəli bir şəxs gəlib bir neçə qəzetimizin materialları ilə tanış olsa, bir neçə televiziya proqramına baxsa, kimliyimizi dərhal müəyyən edər. Bilər ki, ərazimizin bir hissəsi işğal olunub, qaçqınımız, köçkünümüz var, sosial durum arzu olunan səviyyədə deyil, aşağıdan yuxarıya idarəçiliyin bütün səviyyələrində korrupsiya faktları var və bu neqativ hallara qarşı mübarizə aparılır və s. 
Jurnalistikamızın ümumi mənzərəsinə gəlincə, deyə bilərəm ki, bu sahədə xeyli problem var: iqtisadi çətinlik, peşə səviyyəsinin aşağılığı, söz və mətbuat azadlığının qarşısında maneələrin olması... 

- Jurnalistikaya yönəlik giley çoxdur. Siz hansı yanlışlarımızdan, çatışmazlıqlarımızdan narahatsınız?

- Mövzu seçimindən tutmuş informasiyanın auditoriyaya çatdırılmasına qədər bütün mərhələlərdə çatışmazlıqlar müşahidə olunur. Çox vaxt başlıca milli maraqlarımıza aid əsas məsələlər kənarda qalır, bayağı, yüngül mövzulara geniş meydan verilir. Aktual problemlərdən biri də mediada ədəbi dil normalarının pozulmasıdır. İndi bu sahədə cərimə tətbiq etmək istəyirlər, amma inanmıram ki, bunun bir köməyi olsun. Jurnalistlərimizin tərkibi çox qarışıqdır. Heç bir ali təhsili olmayanlar, yaxud öz ixtisasında uğur qazana bilməyənlər redaksiyaları zəbt ediblər. Bir müddət əvvəl təklif etmişəm ki:
Redaksiyalarda, saytlarda çalışan yaradıcı əməkdaşların ədəbi dil bilgisi üzrə vaxtaşırı attestasiyaları keçirilsin;
Yeni əməkdaşlar "Azərbaycan ədəbi dilinin normaları"ndan imtahan verdikdən sonra işə qəbul olunsunlar;
Redaksiyalara və saytlara kadr seçimi zamanı Jurnalistika və Filologiya fakültələrinin məzunlarına üstünlük verilsin;
Hər bir redaksiyada və saytda yazıların dil və üslubuna görə məsuliyyət daşıyan yüksəkmaaşlı ədəbi redaktor ştatları yaradılsın;
Azərbaycan ədəbi dilinin normalarını və əsas orfoqrafiya qaydalarını əks etdirən metodik vəsait hazırlanıb redaksiyalara və saytlara paylanılsın;
BDU Jurnalistika fakültəsinin nəzdində KİV-in dili və üslubu ilə bağlı daimi fəaliyyət göstərən qısamüddətli (1-2 aylıq) ödənişli kurslar açılsın;
Mütəmadi olaraq tanınmış mütəxəssislərin iştirakı ilə monitorinqlər, seminarlar, "Dəyirmi masa"lar, treninqlər keçirilsin;
Televiziyalarda, radiolarda dillə bağlı verilişlərin sayı artırılsın, qəzetlərdə, jurnallarda və saytlarda bu mövzuda sistemli şəkildə materiallar dərc olunsun;
Ədəbi dil normalarını daha çox pozan redaksiyalar və əməkdaşlar inzibati məsuliyyətə cəlb olunsunlar;
Redaksiyaların və saytların AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutu ilə, universitetlərin Jurnalistika və Filologiya fakültələri ilə əlaqələri genişləndirilsin.
Hələlik heç bir reaksiya yoxdur. 

-Tam müstəqil və peşəkar jurnalistikaya nail olmaq üçün hansı addımlar atılmaldır?

- İndiki şəraitdə bu, mümkün deyil. Tam müstəqil və peşəkar jurnalistikaya nail olmaq üçün gərək ölkə özü tam müstəqil olsun, bütün sahələrdə peşəkarlara meydan verilsin, məhkəmə sistemi müstəqil olsun, bütün növ əyintilər, korrupsiya halları tam aradan qaldırılsın.

- Dünya görmüş çox ağıllı insansız. Yəqin ki, Qarabağ və işğalda olan digər rayonlarımız barəsində çox düşünürsünüz? Təxmininiz necədir, biz Qarabağsız çoxmu qalacağıq?

- Məsəl var ki, yüz fikir bir borcu ödəməz. Düşünməkdən keçib, 30 ildən çoxdur düşünürük, nəticə isə yoxdur. Bunun üçün ilk növbədə daxili problemlərimizi ideal vəziyyətdə həll etməliyik. Hər kəs öz yerində olmalıdır. İşğaldan azad olmağın bircə yolu var: antiterror hərəkatı, başqa sözlə desək, erməni terrorizminə qarşı AMANSIZ SAVAŞ! 

- Şuşanın və külli Qarabağın işğalı azərbaycanlıya daha çox hansı baxımdan ağırılıdır: yurdsuzluq, qürursuzluq, qorxaqlıq... ya nə?

- Qorxaqlıqdan söhbət gedə bilməz. Türkün cəsurluğu, igidliyi, ədalətliliyi bütün dünyaya bəllidir. Əsas məsələ budur ki, qollarımızı bağlayan zəncirləri qırıb atmalı, heç kimə arxayın olmadan özümüz öz ərazilərimizi azad etməli, nəyə qadir olduğumuzu göstərməliyik.

- Niyə Azərbaycanda daha o ziyalılar yetişmir? – Sözü bütöv, əməli saleh ziyalılar?

- Belə ziyalılarımız yenə var, sadəcə, onların fəaliyyəti üçün əlverişli şərait yoxdur. Bir neçə aydır, bütün dünya karantin rejimində yaşayır, biz isə 30 ildən çoxdur bu rejimdəyik, heç yerə, heç nəyə əlimiz çatmır. Gah Allahdan kömək gözləyirik, gah da ATƏT-dən... Ziyalının yazdığını oxuyan, dediyini eşidən yoxdur.

- Gələcək gənclərindir – bu, dəqiqdir. Bəs o gənclər gələcəyin bütün ölkənin – kiçiyin, böyüyün, yaşlının – hər kəsin, daşın, torpağın, havanın, qidanın – hər şeyin olmasını təmin etmək üçün biliyə, gücə, sevgiyə malikdirlərmi.? Bu gündən baxanda sabahı aydın görə bilirsiniz?

- Çox güclü, müasir gənclərimiz var. Onları təşkil etmək, yönləndirmək lazımdır. İndiki durumda sabahı aydın görmək mümkün deyil. Bütün planeti qatı bir duman bürüyüb. Dünyanı zatı bəlli olmayan şər qüvvələr idarə edir. Bununla belə, ruhdan düşməyə dəyməz. İslahatlarımız uğurla başa çatsa, hər şey yaxşı olacaq.  

(rupor.az)

Sizin Reklam Yeriniz