Əlaqə Arxiv
news Image
2021.03.01
15:13
| A A A
Dünyada baş verən hadisələrin təhlili radikalizm, ekstremizm və terrorizmin qlobal təhlükəsizliyi təhdid edən amillərdən birinə çevrildiyini göstərir

Müasir dünyada baş verən hadisələr və münaqişələrin nəticələrinin təhlili radikalizm, ekstremizm və terrorizmin qlobal təhlükəsizliyi təhdid edən əsas faktorlardan birinə çevrildiyini göstərir.

Bu fikirlər Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərovun AZƏRTAC-a verdiyi müsahibəsində yer alıb. Müsahibəni təqdim edirik.

- Səyavuş müəllim, bu yaxınlarda Özbəkistanda keçirilən “Radikalizm, ekstremizm və terrorizmlə mübarizədə gənclərin rolu" mövzusunda beynəlxalq videokonfransda iştirak etmisiniz. Pandemiya şəraitinə baxmayaraq dünya gündəmində yenə də radikalizm və ekstremizm mövzusu ön plandadır. Bu problemin səbəblərini nədə görürsünüz?

- Doğru qeyd edirsiniz ki, radikalizm və ekstremizm mövzusu, terrorizmə qarşı mübarizə məsələsi daim dünya ictimaiyyəti üçün aktual mövzudur. Bunun başlıca səbəbi adıçəkilən problemlərin hələ də tam mənası ilə anlaşılmaması və dünyada effektiv mübarizə metodlarının təşəkkül tapmamasındadır. Konfransdakı çıxışımda da qeyd etdim ki, müasir dünyada baş verən hadisələr və münaqişələrin nəticələrinin təhlili radikalizm, ekstremizm və terrorizmin qlobal təhlükəsizliyi təhdid edən əsas faktorlardan birinə çevrilməsini göstərir. Təəssüflər olsun ki, minlərlə günahsız insanın həyatına son qoyan, dövlətlərin sərhədlərinin pozulması ilə nəticələnən belə hadisə və münaqişələrin sayı ildən ilə artmaqdadır. Bildirməliyik ki, sosial münasibətlərdə nifrət və düşmənçiliyin yayılmasında, zorakı radikalizm, ekstremizm, terrorizm, o cümlədən silahlı münaqişələrin yaranmasında din faktoru önə çıxarılır. Araşdırmalara baxsaq görürük ki, baş vermiş terror hadisələrinin əksəriyyəti din uğrunda “müqəddəs müharibə” apardıqlarını bildirən silahlı qruplaşmalar tərəfindən törədilib. Terrorizmin səbəblərinin arasında dindən siyasi məqsədlərlə istifadə edilməsi xüsusi çəkiyə malikdir. Görünən odur ki, bu gün din öz mahiyyətindən uzaqlaşdırılaraq, sürətlə siyasiləşdirilir. Şübhəsiz, bunda bəzi qüvvələrin öz maraqlarını təmin etmək üçün dindən vasitə kimi istifadə etməsi böyük rol oynayır.

- Sizcə bu proseslər sadəcə dinlə və yaxud da İslam dünyası ilə əlaqəlidir, yoxsa başqa səbəblər də var?

- Bilirsiniz, burada çox səbəblər var. Təəssüflər olsun ki, İslam dünyası özü bu proseslərin acınacaqlı nəticələrindən daha çox əziyyət çəkir. Yaxın Şərqdə baş verən hadisələri nümunə kimi göstərə bilərik. Terrorizm, ekstremizm və silahlı münaqişələrə görə bəzi müsəlman ölkələrində dövlətin idarəetmə mexanizmləri iflasa uğrayıb, de-fakto ərazi bütövlükləri pozulub. Hər gün İslam coğrafiyasında terror hadisələri, silahlı münaqişələr nəticəsində onlarla insanın həyatına son qoyulur. İnsanlar öz yurd-yuvalarından didərgin düşürlər. Həmin insanlar özləri istəmədən miqranta çevrilir və Avropanın qapılarını döyməyə məcbur olur. Öz yaşam tərzi, təfəkkürü, mədəniyyəti, dünyagörüşü olan bu insanlar sanki bir dünyadan başqa bir dünyaya düşürərək, yeni cəmiyyətə inteqrasiya etmək məcburiyyətində qalırlar. Bu proses isə olduqca çətin məsələdir, eləcə də həm zaman, həm də xüsusi qayğı tələb edir. Buna paralel olaraq, bəzi Qərb dövlətlərində radikal millətçi elementlər bu prosesdə din amilini qabardaraq, ondan siyasi məqsədlər üçün istifadə edirlər. Onlar miqrant statusunda gələn müsəlmanlara “çağırılmamış qonaq” qismində baxır və onları cəmiyyət üçün təhlükə mənbəyi kimi göstərməyə çalışırlar. Nəticədə cəmiyyətdə ksenofobiya, xüsusilə də İslamofobiya meyilləri güclənir. Məsələnin səbəblərinə daha dərindən nəzər saldıqda bütün bunların siyasi məqsədlər üçün edildiyi aydın olur. Dinin siyasiləşdirilməsi həddən artıq təhlükəli, qlobal təhlükəsizliyə ciddi təhdid yaradan bir problemdir.

- Bəs bu problemin həllini nədə görürsünüz?

- İlk növbədə, dinin siyasi məqsədlər naminə istifadə edilməsinin qarşısını almalıyıq. Belə ki, hansısa dövlətin və ya fərdin öz maraqlarını din adından istifadə edərək həyata keçirməsinin neqativ nəticələri bütünlüklə qlobal təhlükəsizliklə yanaşı, dinin özünə də zərbə vurur. Buna görə də, həqiqi mahiyyətinə uyğun olaraq, dinin mənəvi aləmimizin zənginləşməsinə xidmət etdiyini qəbul etməli və praktik həyatımızda yaşatmalıyıq. Din həyatımızın ayrılmaz hissəsidir. Çünki onu əvəz edəcək başqa bir qüvvə, meyar yoxdur. Elmin, texnologiyanın inkişafı nə qədər sürətlə getsə də, din kimi insanın mənəvi dəyərlərini qorumur və təbliğ etmir. Sağlam cəmiyyət üçün din və elmin vəhdəti olduqca vacibdir. Belə ki, dini inancın elmi təfəkkürlə əlaqəsi çox mühüm məsələlərdən biridir. Din və elm predmetlərinə görə fərqli sistemlər olsa da, hər ikisi sivilizasiya quruculuğu və ictimai münasibətlər üçün ən güclü vasitədir. Sivilizasiya sadəcə iqtisadi, siyasi və hüquqi sistemləri ehtiva etmir. O, həm də inam və dəyərlərlə möhkəmlənir, inkişaf edir. İnam və dəyərlərin isə mənbəyi dindir. Eyni zamanda, dinlər və mədəniyyətlərarası dialoq ənənələrini qorumalı, onu inkişaf etdirməliyik.

Mən burada xüsusi bir məsələyə də diqqət yetirmək istəyirəm. Radikalizm, ekstremizm və terrorizmin qarşısını almağın yolu din haqqında anlayışların qloballaşan müasir dövrün tələblərinə və çağırışlarına uyğun yenilənməsindən keçir. Belə ki, dinin sabit, dəyişilməz prinsiplərini əsrlərboyu adət-ənənələrdən gələrək dinə hopmuş, dini hökmlər kimi insanlara sırınmağa çalışılan xüsusiyyətlərdən ayırd etmək vacibdir. Düşünürəm ki, bu məsələyə xüsusi önəm verilməlidir. Bütün problemlər bizi bir məsələyə qaytarır: din nədir, onun funksiyası və məqsədi nədir.. Əgər insanlıq inkişaf edirsə və dəyişiklik inkişaf qanunauyğunluğunun tələbidirsə, o zaman bizim baxışlarımız necə olmalıdır? İnsanın həyatı onun mənəvi intellektual inkişafı və xoşbəxtliyi tarixin hansısa bir dövründə donub-qalmış baxışlara necə qurban verilə bilər? Bu kimi suallara səmimi cavab axtarmaq İslam dünyasındakı ətalətə son qoyar, insanların öz inanclarına şüurlu yanaşmasına gətirib çıxara, radikal və fanatik baxışları xeyli azalda bilər. Nəticədə qloballaşmanın sivilizasiyaların toqquşmasına deyil, ümumdünya sülhünün bərqərar olmasına yönəldilməsinə daha çox töhfə vermiş olarıq.

Digər bir məsələ isə ondan ibarətdir ki, bu sahədə sosial şəbəkələrlə bağlı da ciddi problemlər mövcuddur. Bildiyiniz kimi, bu gün gənclər internet resurslarından geniş istifadə edir. Bunun fərqində olan radikal qruplar da zərərli dini təbliğat üçün əlverişli məkan olan sosial şəbəkələrdən maksimum bəhrələnirlər. Belə qrupların fəaliyyətinin məhdudlaşdırılması istiqamətində müvafiq mexanizmlərin və standartların müəyyənləşdirilməsinə ciddi ehtiyac vardır. Dini dəyərlərin və müqəddəs təsisatların təhqir edilməsinin söz və ifadə azadlığı adı altında müdafiə edilməsindən çəkinilməlidir. Bu sahədə beynəlxalq hüquqi normaların düzgün müəyyənləşdirilməsi zərurəti yaranır. Belə ki, bu problemlər sadəcə bir dövlətin həll edə biləcəyi məsələlər deyil, beynəlxalq müstəvidə məsələyə yanaşılmalı və problemin aradan qaldırılması istiqamətində əməli addımlar atılmalıdır. Beynəlxalq təşkilatlar, xüsusilə BMT bu məsələyə adekvat reaksiya verməlidir. Çünki biganəlik və sadəcə sözdə qalan addımlar atmaqla, bu təhlükənin qarşısını almaq qeyri-mümkündür.

- Səyavuş müəllim, təəssüf ki, Vətən müharibəsində ölkəmiz də dinin siyasiləşdirilməsi cəhdləri ilə üz-üzə qaldı. Bununla bağlı nə deyə bilərsiniz?

- Tamamilə doğru qeyd edirsiniz ki, xalqımız 30 ilə yaxın idi ki, erməni vandallarının terrorçu fəaliyyətinin, cinayətlərinin qurbanına çevrilmiş, torpaqlarımız isə işğala məruz qalmışdı. Lakin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun şanlı Qələbəsi bu işğala son qoydu. Ermənilər təcavüzkar siyasətini və cinayətkar əməllərini gizlətmək üçün bu müharibəni müsəlman-xristian münaqişəsi kimi təqdim etməyə, xristian dinini siyasiləşdirməyə cəhd göstərmişdir. Lakin dövlətimizin vaxtında gördüyü tədbirlər, atdığı lazımi addımlar nəticəsində düşmənin siyasəti iflasa uğramışdır. Onu da qeyd etmək lazımdır ki, illərdir Qarabağa münasibətdə dünyanın ədalətsiz mövqe nümayiş etdirməsində dini ayrı-seçkilik faktorunun böyük rolu olmuşdur. Ümumiyyətlə, tarixə nəzər salsaq, hegemonluğunu və s. məqsədlərini təmin etmək istəyən bəzi dövlətlər tərəfindən öz

geosiyasi maraqları naminə din amilindən geniş istifadə olunduğunun şahidi olarıq. Azərbaycan da müstəqilliyinin bərpasının ilk illərindən etibarən dini müstəvidə təhdidlərlə üzləşmişdir və bu təhdidlər hazırda davam edir. Bütün bunlara baxmayaq, Azərbaycan müxtəlif dinlərin və xalqların nümayəndələrinin bir ailə kimi yaşadığı unikal ölkədir. Biz Vətən müharibəsində də öz milli və dini həmrəyliyimizin yüksək səviyyədə olmasını bütün dünyaya nümayiş etdirərək nümunəvi ölkə olduğumuzu sübuta yetirdik. Ölkəmizin istər islam, istərsə də qeyri-islam dini icmalarının üzvləri birbaşa döyüşlərdə könüllü şəkildə iştirak edərək qəhrəmanlıq göstərdilər. Təsadüfi deyil ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan vətəndaşlarımız arasında bütün xalqların və dinlərin nümayəndələri var. İnanclı əsgər və zabitlərimiz Azərbaycan bayrağını azad olunmuş torpaqlarda uca zirvələrə qaldırdılar. Fikrimcə, milli və dini birliyimizi, həmrəyliyimizi daha da fəal nümayiş etdirmək üçün bütün dini məbədlərimizdə, ibadət evlərində Azərbaycan bayrağının dalğalandırılmasının zamanı çatmışdır.

- Təşəkkür edirik

Sizin Reklam Yeriniz