Əlaqə Arxiv
news Image
2014.03.28
19:08
| A A A
“Ədalətsizlik olar bu dünyada da cəhənnəm əzabı çəkim, o dünyada da” – Hüseyn Dəryanın son müsahibəsi – FOTO-VİDEO

Səs tembri, insani keyfiyyətləri, xoş münasibəti, repdə etdiyi əvəzolunmaz hərəkətlərilə sevilib-seçilən reper Hüseyn Dərya ilə görüşüm ani oldu. Dişlərində problem olduğu üçün bir neçə həftə görüşümüzə gəlməyən reper nəhayət ki, zəng edib, müsahibə üçün məni artıq məkanın yaxınlığında gözlədiyini dedi: "Ay Əfruzə, sən məni yatmağa da qoymurdun, gəl görək".

Artıq müsahibə üçün hazır olan Dərya ilə bu gün müsahibəm baş tutacaqdı. Müsahibəyə çoxdan hazır idim. Uşaqlıqdan çox sevdiyim, məktəb zamanı həmişə Elşad Xose tərəfdarı olan sinif yoldaşlarımla dalaşdığım, onu müdafiə etdiyim, replərini əzbər bildiyim reper ilə görüşə tələsirdim. Düzü, uşaq kimi sevinirdim. Amma bilmirdim ki, bu görüşümüz son olacaq... Səhəri gün yazını yazıb, hazır edəcəkdim ki, Hüseyn Dəryanın ölüm xəbərini eşitdim. Xəbəri eşitdiyim an keçirdiyim hissləri sözlərlə əvəz edə bilmədiyim üçün sadəcə, sizə rəhmətlik Hüseyn Dəryanın Mövqe.az-a verdiyi son müsahibəsini təqdim edirəm:


- Haqqınızda çox şayiələr gəzdi. Kimi dedi Hüseyn Dərya zəhərlənib, kimi dedi həbs olunub. İndi necəsiz?

- Əfruzə xanım, gördüyünüz kimi, çox yaxşıyam. Hal-hazırda sizin qarşınızdayam, özü də ki, sağ-sağlam. Mənim haqqımda yazılanlar doğru deyil. İnsan tanınmış olanda bəziləri mız qoymalıdır. Bu şou-biznesin qanunudur. Bunsuz şou-biznes olmaz. Mən qınamıram. Bir şey məni qəzəbləndirir ki, yazmışdılar ki, yenidən həbs olunmuşam. Bu da mənim mediaya olan güvəncimi azaldır. Mən əgər polisə düşmüşdümsə, "ATV" telekanalında mənim nə işim var idi ? Bu gün Azərbaycan şou-biznesinin yiyəsi yoxdur. Mən bunu qorxmadan, çəkinmədən deyirəm. Heç kim, hətta dövlət belə buna nəzarət etmir. Kim kimə nə istəyir deyir, kim–kimin haqqında nə istəyir yazır, axırda da deyirlər ki, əşşi, şou idi. Mən buna şou kimi baxmıram. Bu mənim həyatımdı. Mənə aid olmayan şayiələri kim deyir, kim yazır, Allah qarşısında cavab verəcəklər. Mən başa düşə bilmirəm ki, bu boyda Azərbaycan Respublikasında şou-biznesə yiyəlik etmək istəyən yoxdu? Yoxdu, o zaman biz də ağzımızı açıb, nə istəsək deyək, yalandan şər ataq. Mən bir məktub Mehriban Əliyevanın, bir məktub da Əli Həsənovun adına yazmışdım. Həmin məktublarda demişdim ki, senzura olsun, şou-biznesə nəzarət olsun.

- Narkotik istifadə etməniz barədə hələ də danışılır... (sözümü kəsir-red)

- Çünki yeganə insanam ki, bunu etiraf etmişəm. Millət qarşısında açıq-aşkar etiraf etmişəm ki, narkotik istifadə etmişəm. Bir qələtdi, səhvdi etmişəm, mənə şans verin, məni özünüzdən kəsib atmayın, uzaqlaşdırmayın. Cəmiyyətə adaptasiya olunum. Xalq da bu şansı mənə verdi. Mənim özüm-özümə vurduğum ən güclü zərbə hələ də kimlər üçünsə mənim zəif nöqtəm kimi qalır. Amma bu, artıq mənim zəif nöqtəm deyil. Mən bu dəqiqə canlı yayımda belə qanımdan analiz verib, sübut edərəm ki, mən daha narkotik istifadəçisi deyiləm. Axtarıb bir şey tapa bilmirlər, keçmişdəkilərdən silah kimi istifadə edirlər. Bacarırsızsa, yeni silah tapın.

- Neçə vaxtdır ki, narkotik qəbul etmirsiniz?

- 2008-ci ildən bu yana... 6 il olur.

- Əksəriyyət, narkomanın yenidən sağalması fikrinə inanmır...

- Bəli, cəmiyyət özündən narkomanları kəsib, atır. Necə ki, məni kəsib, tullamışdılar. Narkotiki tərgitmək üçün insana həkim lazım deyil. Sadəcə, insanın öz gücü, iradəsi olmalıdır. Narkomaniya insanın psixologiya və xarakteri ilə bağlı əməkdaşlıq edən xəstəlikdi.

- Bəs siz necə tərgitdiniz?

- Mən həbsxanada tərgitdim. Tutulduğum gündən istifadə etmək imkanım olmadı.

- Məhbus həyatı yaşamısınız... (sözümü kəsir-red)

- Bəli. 38 yaşım var və 38 ildir ki, məhbus həyatı yaşayıram. Mən 38 ilin məhbusuyam. Sadəcə bir fərq var ki, bir gün orada, bir gün burada... Bu məhbus həyatım neçə il gedəcək, getməyəcək bilmirəm...Yeni bir mahnım var yeni albomumda... Qulaq as, Əfruzə, deməli orada deyirəm ki,


Demə zindana düşərsənsə görərsən zindan,

Bu həyatın özü zindandı, görür hər insan.

Hər kimin qismətinə zindanı yazmış, yaradan

Gün gələr, özü də ona yar olacaq, inşallah!

Hər gecə etsəm dua, çağırsam da Allahımı,

Eşidir, cavab vermir, çünki görür günahımı.

Tanrım, hər kimki mənim üzümə bağlayıb qapımı

Daş olan qəlbinə rəhmi salacaq, inşallah!

Çatacaqdır əcəlim, mən yumacam gözlərimi,

Uzanıb qarə məzarda açacam dizlərimi.

Gələcəkdir gələcək, hər kimki oxusa sözlərimi

Əbədi ruhuma rəhmət oxuyacaq, inşallah!


Mən, rəhmət və əbədiyyət üçün yaşayan insanam. Mənim bu dünyanın var-dövlətində gözüm yoxdu. Fərqi yoxdu zindan olur, ya müharibə... Bir dənə qələmimi əlimdən almasınlar. Həbsxanada Nizami Quliyev idi rəisim... Deməli, ona da deyirdim ki, Nizami müəllim, azadlığımı əlimdən alırsınız alın, ixtiyarımı da əlimdən alırsız alın. Eybi yoxdu... Çörəyimi də əlimdən alırsız alın. Bir dənə bu qələmimi əlimdən almayın, mən onunla yaşayıram. Deyirdi ki, bala, get karsa. Al, bu da sənə qələm. Get orada yaz. (gülürük-red)

Həbsxanada da gördülər ki, sənətə bağlı insanam.

-Oralarda sənət adamlarına xüsusi hörmət olur?

-Əvvəl olur. Ümumiyyətlə, çöldən gələn hər təzə insana hörmət olur. Tanınmış insan həbsxanaya düşürsə, bu da olduqca maraqlı bir şeydir. Amma o da qısa müddətli olan şeydi. Çöldə kim olmusan, olmusan, amma bütün insana verilən qiymət içəridəki hərəkətlərinə görədir. İnsanlarla davranışın, mərifətin, qabiliyyətin, sözü bütövlüyün, niyyətinin paklığı və s. müsbət cəhətlər içəri düşən insanda varsa, sənin tanınmış biri olduğuna ehtiyac yoxdu. İnsan kimi o cəmiyyət tərəfindən onsuzda qəbul olunacaqsan. Çöldə heç kimə pislik edən insan olmamışam. Nə pislik etmişəm, özümə etmişəm. Məndən yalnız yaxşılıq görüb bu insanlar... Həbsxanada da çöldə etdiyim yaxşılıqlar qarşıma çıxdı. Şükür olsun. Sizə bir sirr də açım; həyatımda bircə dəfə özümlə fəxr etmişəm, o da həbsxanada... Ən qorxulu yer, mənim gözümdə güllü– çiçəkli görsənirdi. Mən orada bir dənə azadlıqdan məhrum olmuşdum. Başqa heç bir fərq yox idi. İstər yaşayış tərzim, istərsə də mənə qarşı olunan hörmət heç də fərqli deyildi. Düzdü, bütün gün kələm dolması yemirdik. Heç mən indi də bütün gün kələm dolması yemirəm. Bir də görürsən, kələm dolması bişir, onda da yemirəm. Biz artmaq üçün yox, yaşamaq üçün qidalanırıq. Nəfəsimiz qalsın sadəcə...

- Ən çox nəyə peşmansınız?

- Heç nəyə. Niyə peşman olum ki? Yazan belə yazıb. Bir dənə təəssüf etdiyim, narkotikaya qurşanmağım oldu. Amma o cəhətim də, mənə ətrafımı tanıtdı. Narkotikaya bağlılıq cinayət yox, xəstəlikdi. Və mən sadəcə xəstə idim. Xəstə olan zaman da mənim əhatəm bunu bəhanə edib, məni atıb, getdi. Halbuki, mənim onların köməkliyinə ehtiyacım var idi. Bəlkə də onlar mənə kömək etsəydi mən daha ağrılı-acılı günlər yaşamazdım. Bəlkə də tutulmazdım. O məqamda ki, mən insanlardan kömək gözləyirdim, o zaman mən insanlardan təpik gördüm. O məqamda ki, insanlardan kömək gözləmirdim, o zaman insanlar mənə kömək etdi. Başadüşülməyən həyatdı. Hər acı sonluq sabahın başlanğıcıdı. Bilirsən, bir insanı ki, yıxmaq istəyirsən o zaman həmin insanı narkotikaya aludə elə. Sonrasında sən yox, o özü-özünü yıxacaq!

- O, ağrılı-acılı günlərim oldu deyirsiniz ... Bax o zaman kim Dəryanı tək buraxmadı?

- Heç kim.

- Bəs ailəniz ?

- Ailə sayılmır ki... O, ailənin borcu idi. Həmin hərəkəti ailə "çoxsağol" üçün edə bilməzdi. Mən ailə qurdumsa, övlad dünyaya gətirdiksə, bu da elə. Necə ki, hər insanın borcu namaz qılmaqdır. Biz onu "çoxsağol" xatirinə etməməliyik. Allah bizə yox, biz Allaha çoxsağol deməliyik ki, sən bizi heyvan yaratmamısan, insan yaratmısan. Yeganə varlıq insandır ki, Allah ona şüur verib. Mən əgər Sona xanımla ailə qurmuşdumsa, Sona gəlməliydi, borcunu yerinə yetirməli idi.

- Gəldi ?

- Əlbəttə gəldi. Özü də ki, Sona mən necə istəyirdim, elə də gəlirdi. Bir kəlməmlə qışın covğununda belə, Sona həbsxanaya gəlirdi. Bəhanə etmirdi ki, sabah işim var. Bax, belə şeylərə görə mən Sonaya "sağol" deyirəm. Ailə münasibətlərindən artıq Sonanın mənə addımları olub. Ona görə də sağ olsun. Ailəni çıxsaq, reper Dado və Kərim Abbasov gəlib. Qalan heç kim. Nə əsgər, nə sinif yoldaşlarım, nə də ki, şou-biznesdən kimsə gəlməyib. Amma bu gün hamı məni axtarır, toya çağırır. Mən də hər kəsin toyuna pulumu alıb, gedirəm. (gülür-red) Həyat belədi. İnsan ən vəhşi məxluqatdı və hər şeyə qadirdi.

- Bu gün Azərbaycanda rep var? Repin atası kimdi?

- Rep var ki, siz bu gün məndən müsahibə alırsız. Repin ağsaqqalı, veteranı Anar Nağılbazdı. Repin atası isə yoxdu. Biz də heç təzə rep demirik.

- Rep üçün Dərya bu gün nə edir?

- Mən rep üçün nə etməmişəm ki?!. Bu gün repi efir və dünya səviyyəsinə kim çıxarıb ? Bu gün prezident və deputat seçkilərində rep... Dövlət layihələrində, tədbirlərdə, əlamətdar günlərdə, toylarda rep. Bunu kim edib?

- Siz.

- Əlbəttə! İlk dəfə meyxana və muğamla repi sintez edən də mən olmuşam. "Aslanskıy" nominasiyanı 15 respublika arasından Azərbaycana da mən gətirmişəm. Və məndən sonra da o nominasiyanı MDB-də heç bir reperə verməyiblər. 2004-cü ildə "İlin ən yaxşı reperi", "İlin ifaçısı" və "İlin albomu" nominasiyalarını da alan mən olmuşam. İlk dəfə Ü. Hacıbəyov diplomunu kim alıb? Mən. "Yaşa Azərbaycan" adlı prezident mükafatına da ilk dəfə mən laiq görülmüşəm. Mən, mən deyirəm, amma bu özündən müştəbehlik deyil. Sadəcə, etdiklərimi sadalayıram.

- O zaman siz repin kimisiz?

- Onu mən deyə bilmərəm. Necə özümə ad qoyum? Repdə kifayət qədər çəkim var. Onu rep auditoriyası deyə bilər ki, mən repin kimiyəm. Rep bir dəfə çıxıb efirə nəsə demək deyil. Ona qalsa, belə bir şey deyim:

Oturmuşam, mən Əfruzla yan-yana,

Fərqi yoxdu çıxacam bu gün ekrana,

Ordan da deyəcəm bütün Azərbaycana,

Qoşulun bizə, gəl birgə kef edək!

Bir dənə bu rep deyil ki. Ala-bula boz keçini də rep kimi desən, o da repdir də. Reperin funksiyası təkcə rep demək deyil. O baxımdan bu gün özümə rəqib görmürəm. Vaxtında mənim şou-biznesdə qazandığım pulu heç kim qazanmadı. Amma mən heç nəyi altımda imarət elətdirmədim. Çünki mən əsl sənətkaram. Mənim gözümdə ancaq sənətdi. Mən öləndən sonra da yaşayacağam. Amma hələ ölməyəcəm... Mənim xoşbəxtliyim Allahın məni bu dünyada cəzalandırmasıdır. Bu dünyada cəhənnəm əzabı çəkirəm və o dünyaya aparası günahlarım qalmır. Adamlar var ki, bu dünyada kef edib, o dünyada cəhənnəm əzabı çəkəcəklər. Amma bu ədalətsizlik olar ki, bu dünyada da cəhənnəm əzabı çəkim, o dünyada da...

- Həyatdan narazı Hüseyn Dərya...

- Mənim həyatım qeyri-adi həyatdı. Mən bunu artıq başa düşmüşəm. Milyonların yaşadığı həyatı da yaşamışam, milyonların qaçdığı həyatı da...Allah təala hər şeyi görür. Özü bilər. Amma insan nə qədər zülm içində əziyyət çəkər? Nə olduye elə ... Heç olmasa, bir ay üzümüz gülsün də... Eh...

- Hüseyn Dərya bu gün necə dolanır? Gəlir yeri hardandı ?

- Oxumaqdan. Sadəcə, dostlarım mənə kömək edir. Pul verirlər ki, al bu 10 manatı benzin vurarsan. Belə dolanıram. Amma qoy tam sağalıb, ayağa durum, görəcəksiz...


Amma çox təəssüf, Dərya dəryalara qərq oldu. Həyat ona imkan vermədi ki, ürəyindəkiləri həyata keçirsin. 38 yaşında bizi tərk edən Hüseyn Dəryaya Allahdan rəhmət diləyirik!


Qeyd edək ki, bu müsahibə Party Pizza restoranında baş tutub. Ünvan: Nərimanov metrosu, Nərimanov parkı yaxınlığında M.Mammadzadeh 13 (www.partypizza.az)
























Sizin Reklam Yeriniz