Əlaqə Arxiv
news Image
2012.07.03
18:33
| A A A
Sərraf Hüseynov: “Birinci Qarabağ müharibəsi iştirakçılarının, vətənimizin qorunmasında böyük rəşadət göstərmiş döyüşçülərin gənclər birliyi üzvləri ilə mütəmadi görüşləri keçirilir.”

Bu gun inkişaf tempinə görə digər qonşu dövlətlərdən fərqlənən ölkəmizdə demək olar ki, bütün sahələrdə gənclərin fəaliyyəti hiss olunmaqdadır. Məhz ölkə başçısının ötən il gənclərlə keçirdiyi görüşdən sonra bu fəallıq daha da artıb. Müxtəlif ictimai-siyasi qurumlarda birləşən gənclərin aktivliyini gördükcə gələcəyə ümid artır. Belə fəalların toplandığı birliklər çoxdur. Onlardan biri də Yap Gənclər Birliyidir. İlin tən yarısını arxada qoyduğumuz bir vaxtda bu il ictimai qurumların hansı işlər gördüyünü və qarşıda duran planlarını öyrənmək daha maraqlı olardı. Məhz bu mənada marağımızdan irəli gələn sualları YAP Gənclər Birliyinin Şura üzvü Sərraf Hüseynov cavablandırdı.

Sərraf müəllim, istərdim öncə YAP Gənclər Birliyinin ilk yarımillik fəaliyyəti haqqında qısa məlumat verəsiniz.

Ötən ildə olduğu kimi 2012-ci ilin birinci yarısında da YAP Gənclər Birliyinin fəaliyyəti çoxşaxəli və rəngarəng olub. Dövlətin həyata keçirdiyi daxili və xarici siyasətin gənclər arasında təbliği, gənclərin qarşılaşdıqları problemlərin həllinə həssas münasibət, onların məşğulluğunun, asudə vaxtlarının səmərəli təşkili, dövlət gənclər siyasətinin həyata keçirilməsində YAP Gənclər Birliyi üzərinə düşən missiyanı layiqincə həyata keçirməyə çalışıb. Dövlət başçısı cənab İlham Əliyevin dövlətimizin inkişafı, beynəlxalq aləmdə yerinin möhkəmlənməsi və nüfuzunun artması, xalqımızın rifah halının yüksəldilməsi istiqamətində gördüyü işlər YAP Gənclər Birliyinin də fəaliyyəti istiqamətlərinin formalaşmasına, atılacaq addımların konkretləşməsinə böyük təkan verib.

Gördüyünüz bu işləri konkret hansı istiqamətlərdə qruplaşdırmaq olar?

YAP Gənclər Birliyinin bu il həyata keçirdiyi layihələrin bir sıra istiqamətlərini, görülən işlərin müxtəlif vacib və əhəmiyyətli məsələlərə həsr edildiyini göstərmək mümkündür.

Bu istiqamətlərdən biri YAP Gənclər Birliyi tərkibində fəaliyyət göstərən gənclərin dövlətin apardığı uğurlu daxili və xarici siyasətin təbliği işində, həmçinin dövlət gənclər siyasətinin həyata keçirilməsində aktiv iştirakının təmin olunmasından ibarət olub. Bununla əlaqədar olaraq müxtəlif mövzuları əhatə edən layihə və tədbirlər həyata keçirilib.

Bu gün Azərbaycanın qarşılaşdığı ən böyük problem olan Qarabağ münaqişəsinin detallarının gənc nəslə öyrədilməsi, bu münaqişəyə səbəb olan əsil həqiqətlərin, həyatlarını itirmiş, hüquqları tapdalanmış minlərlə soydaşımızın haqq səsinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədi ilə keçirilən internet aksiyaları qeyd etmək olar. Bütün bu istiqamətli tədbirlər "Erməni cinayətləri silsiləsi" adı altında təşkil olunub.

Keçirdiyiniz aksiyalar da bu ilin gündəmindədir.

28 yanvar-26 fevral tarixlərində geniş aksiyalar keçirmişik. Bu aksiya zamanı xüsusi olaraq müxtəlif dillərdə hazırlanmış Xocalı cinayətini özündə əks etdirən elektron vərəqələr müxtəlif dövlərlərin rəsmilərinə, parlamentarlarına, beynəlxalq təşkilatların katibliklərinə elektron poçtlar vasitəsi ilə göndərilib. Həmçinin 25-26 fevral tarixlərində ingilis və rus dillərində hazırlanmış müraciətlər ölkəmizdə fəaliyyət göstərən xarici ölkə təmsilçilərinin ofislərinə təqdim edilib.

YAP Gənclər Birliyinin 20 nəfərdən ibarət fəal üzvləri 26 fevral tarixində Türkiyənin Taksim meydanında keçirilən "Xocalıya ədalət" aksiyasında iştirak etib, aksiyada YAP Gənclər Birliyinin türk və ingilis dillərində çap etdirdiyi 10 mindən artıq bukleti aksiya iştirakçılarına paylanıb.

Digər bir aksiyamız 31 mart – Azərbaycanlıların soyqırımı ilə bağlıdır. 31 mart – Azərbaycanlıların soyqırımı günündə ölkəmizdə təhsil alan 10 ölkəni təmsil edən 20-dən artıq xarici tələbənin Quba soyqırım məzarlığına ziyarəti təşkil edilib. Ziyarətdə iştirak edən xarici tələbələrə təşkilatımız tərəfindən hazırlanmış məlumat vərəqləri paylanıb. Xarici tələbələr soyqırım məzarlığında çəkdikləri şəkilləri sosial şəbəkələrdə öz səhifələrində geniş ictimaiyyət üçün paylaşılıb.

Layihə çərçivəsində işğal olunmuş torpaqlarımızla bağlı hansı tədbirlər keçirilib?

"Erməni cinayətləri silsiləsi"ndən olan növbəti layihə gənclərimizin çox az məlumatlı olduğu daha bir erməni cinayətinin – Ağdaban faciəsinin təqdim olunmasına həsr edilib. Ermənilərin Ağdabanda törətdiyi cinayətlər haqqında gənclərimizə videorolik təqdim edilmiş, bu cinayəti özündə əks etdirən faktlar toplusu tədbir iştirakçılarına paylanıb.

Növbəti bir internet aksiya may ayının 1-dən 8-nə qədər olan zamanı əhatə etmişdir. Bu aksiyada ermənilərin işğal edərək xarabalığa çevirdiyi Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri haqqında hazırlanmış müraciət Fransa, Almaniya, Rusiya, ABŞ və sair ölkələrin parlamentarilərinə, dövlət başçılarının elektron ünvanlarına, beynəlxalq təşkilatların katibliklərinə göndərilib. Bu aksiya zamanı 2000-dən artıq elektron ünvana məktublar göndərilib.

Həmçinin Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı YAP Gənclər Birliyinin Ofisində Şuşanın işğaldan öncə və sonrakı vəziyyətini, təbiətini, abidələrini özündə əks etdirən yüzə yaxın şəkil sərgilənib. Sərgidə partiyamızın rəhbər şəxsləri, Milli Məclisin deputatları, müxtəlif mətbuat nümayəndələri iştirak edib.

Milli Qəhrəmanlar gənclərə nə dərəcədə tanıdılır?

Birinci Qarabağ müharibəsi iştirakçılarının, vətənimizin qorunmasında böyük rəşadət göstərmiş döyüşçülərin gənclər birliyi üzvləri ilə mütəmadi görüşləri keçirilir. Bu mənada 18 may – Laçın rayonunun erməni quldurları tərəfindən işğal edilməsi günündə Azərbaycanın qəhrəman oğlu İbad Hüseynovla gənclərin görüşü təşkil olunub. Görüşdə gənclər qarşısında çıxış edən qəhrəman onlara döyüş yolundan bəhs etmiş, gənclərin suallarını cavablandırıb.

Gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində hansı işlər görülür?

YAP Gənclər Birliyi bu ilin ilk altı ayı ərzində gənclər birliyinin tərkibində cəmləşmiş, partiyanın tədbirlərində yaxından iştirak edən gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün müxtəlif layihələr reallaşdırıb. Bu layihələrin ən böyüyü YAP Gənclərinin Qış məktəbidir. Qəbələ və Oğuz rayonlarında keçirilən Qış məktəbində partiyanın üzvü olan 120-dən artıq gənc iştirak edib. 17-19 fevral tarixlərində keçirilən bu məktəblərdə "Azərbaycan 2020-gəncliyin gələcəyə baxışı" mövzusunda konfrans təşkil olunub, gənclərin Cənab Prezident İlham Əliyevin "Azərbaycan 2020-Gələcəyə baxış" İnkişaf Konsepsiyası ilə bağlı imzaladığı sərəncama uyğun olaraq Konsepsiyanın hazırlanması üçün təkliflər verilib. Sonra da bu sitiqamətdə işlər davam etdirilib, Konsepsiyanın hazırlanması ilə bağlı YAP Gənclər Birliyi dövlət və hökumət nümayəndələri, millət vəkilləri və QHT təmsilçilərinin iştirakı ilə "Azərbaycan 2020: gələcəyə baxış gəncliyin düşüncələri" adlı dəyirmi masa-Konfrans keçirib. Konfransda gənclərin səsləndirdiyi təkliflər sisteməşdirilib, paket halına salınıb.

Gənc fəallar üçün debat treninqləri və "Universal gənclik" adlı silsilə mühazirə kursları da təşkil olunub. Hazırda da bu iş davam etdirilir.

Mühazirəçilər kimlərdir? Hansı mövzuda dərslər keçirilir?

Mühazirələr ölkəmizin tanınmış elm adamları tərəfindən oxunub. Gənclərin böyük marağına səbəb olan ilk belə mühazirə fevralın 10-da YAP Gənclər Birliyinin Ofisində "Türkmənçay müqaviləsi – tarixi şərait və nəticələr" mövzusunda olub.

Bu günə qədər "Beynəlxalq təşkilatlar: tarixi və fəaliyyət mexanizmləri", "Beynəlxalq Dəniz Hüququ- Xəzərin hüquqi statusu", "Dağlıq Qarabağ münaqişəsi və erməni terrorizmi", "Soyqırım ideologiyasının yaranmasının fəlsəfi və psixoloji əsasları", "Təbiətdə olan ən müasir texnologiyaların bugünkü həyatımıza tətbiqi" və başqa fərqli mövzularda gənclər üçün mühazirələr oxunub.

Bundan əlavə Milli Lider Heydər Əliyev irsinin araşdırılması və gənc nəslə öyrədilməsi məqsədi ilə bir həftəlik silsilə mühazirə kursu təşkil olunub, mühazirələrdə Heydər Əliyevin Azərbaycan xalqı, milləti və dövləti üçün gördüyü işlər müxtəlif istiqamətlərdə təhlil olunmuş və görkəmli elm adamları tərəfindən dinləyicilərin diqqətinə çatdırılıb.

Bölgələrdə qalan gənclər üçün də belə tədbirlər keçirilir?

YAP Gənclər Birliyi fəaliyyət planına uyğun olaraq region gəncləri ilə əlaqələrin daha sıx qurulması işini davam etdirir. Bu məqsədlə fevralın 1-də Ağdam rayon Mədəniyyət evində Qarabağ bölgəsini təmsil edən gənclərlə Gənclər birliyi sədrinin və sədr müavinlərinin görüşü keçirilib. Görüş zamanı bu bölgəni təmsil edən gənclərin problemləri dinlənilib, onlara İKT biliklərinin inkişaf etirilməsi ilə bağlı tövsiyyələr verilib.

Fevralın 29-dan martın 1-ə kimi Respublika rayon YAP Gənclər Birliyi sədrlərinin Bakı şəhərində ümumi müşavirəsi keçirilib. 2 gün davam edən müşavirədə regionlarda fəaliyyət göstərən gənclər birliyi sədrlərinə İKT, xüsusən sosial şəbəkələrdə fəaliyyətlə bağlı texniki, nəzəri və ideoloji treninqlər keçirilib. Onlara verilən bilikləri mənimsəmə dərəcəsi yoxlanılaraq qiymətləndirmələr aparılıb.

Aprelin 14-16-ı YAP Gənclər Birliyinin təşəbbüsü ilə ölkəmizin Cənub regionunun gəncləri ilə görüş keçirilib. Cənub regionunda yerləşən rayonların YAP Gənclər Birliyi sədrlərini və fəal gəncləri əhatə edən bu müşavirədə region gənclərinin qarşılaşdırları problemlərdən danışılıb, müasir texnologiyaları, sosial şəbəkələrdən istifadə qaydaları, sosial şəbəkələrin imkanları haqqında mühazirələr oxunub.

Gənclər Birliyi olaraq hansı beynəlxalq tədbirlərdə iştirak etmisiz?

Birinci yarımil ərzində YAP Gənclər Birliyi üzvləri müxtəlif beynəlxalq təşkilatların təşkil etdiyi tədbirlərdə, treninqlərdə və seminarlarda da iştirak ediblər. ATƏT-in Bakı Ofisinin Novxanıda və Konrad Adenauer Fondunun Tbilisidə təşkil etdiyi tədbirlərdə və treninq kurslarda partiyamızın gəncləri aktiv iştirak edib, sertifikatlarla təltif olunublar.

Prezident cənab İlham Əliyevin 2012-ci ili ölkəmizdə "İdman ili" elan etməsi ilə əlaqədar olaraq YAP Gənclər Birliyi ölkəmizdə fəaliyyət göstərən bir sıra idman federasiyaları ilə bağlı əməkdaşlıq etmək barədə razılığa gəlib. Əsasən milli idman növlərini təmsil edən federasiyalarla görüşlər keçirən təşkilatımız Azərbaycan Atçılıq Federasiyası, Azərbaycan Güləş Federasiyası və digər qrumların rəsmi şəxsləri ilə görüşlər keçirib, gənclərimizin bu idman növlərinə marağının artırılması ilə bağlı layihələr həyata keçirməyə başlayıb.

Mayın 18-də YAP Gənclər Birliyinin İdarə Heyətinin üzvləri ölkəmizdə gənclər siyasətini həyata keçirən əsas qrum olan Gənclər və İdman Nazirliyində görüş keçirib. Cənab Nazirin qəbulunda olan gənclərimiz öz təklifləri ilə çıxış edib, səsləndirilmiş əksər təkliflər Nazir tərəfindən dəyərləndirilib və yüksək qiymətləndirilib.

Məlumdur ki, bu il ölkəmiz dünyanın ən böyük musiqi yarışması olan Avroviziyaya ev sahibliyi edib. Musabiqənin təşkil olunmasında partiyamızın gəncləri böyük say tərkibi ilə qatılıblar. Yarış öncəsi həyata keçirilən reklam xarakterli flaşmoblarda, ölkəmizə gələn qonaqların qarşılanması və yola salınması üçün fəaliyyət göstərən könüllülərin tərkibində partiyamızın üzvləri olan gənclər xüsusi fəallıqları ilə seçilib və layiqincə təmsil olunublar.

Beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində hansı işlər həyata keçirilib?

Fevralda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin dəvəti ilə Makedoniya Türk Demokratik Partiyası Gənclər Forumunun nümayəndə heyəti ölkəmizdə səfərdə olub. Səfər zamanı Gənclər Birliyi İdarə Heyətinin üzvləri ilə müxtəlif görüşlər keçirilib, hər iki partiyanın gənclər qollarının daha da yaxınlaşması və qarşılıqlı səfərlərin təşkili barəsində razılığa gəlinib.

Bu il YAP Gənclər Birliyi yenə də Avropa Xalqlar Partiyasının gənclik qolları ilə əməkdaşlığını möhkəmləndirib, gələcəkdə reallaşdırılacaq məsələlərlə bağlı qarşılıqlı görüşlərin keçirilməsi haqqında müzakirələr aparılıb və ilkin nəticələr əldə edilib.

Beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində Rumıniyanın ölkəmizdə olan fövqəladə və səlahiyyətli səfiri, həmçinin Rumıniyanı bu il ölkəmizdə keçirilən "Avroviziya" mahnı müsabiqəsində təmsil edən "Mondinqa" qrupunun üzvləri ilə keçirilən görüşü də qeyd etmək olar. Görüş 27 may tarixində YAP Gənclər Birliyinin Ofisində keçirilib, görüşdə partiyamızın aktiv gəncləri, idarə heyətinin üzvləri iştirak edib, qonaqlara milli dəyərlərimizin ən gözəl örnəyi olan milli xalçalar hədiyyə edilib. Görüşdə musiqi qrupunun üzvləri Azərbaycan-Rumıniya əlaqələrinin 20 illiyi ilə əlaqədar yenidən ölkəmizə konsert vermək üçün dəvət edildi və qrup üzvləri bu təklifi böyük məmnunluqla qəbul etdi.

Bu istiqamətdə atılan addımlardan biri də qardaş Türkiyə Cümhuriyyətinin iqtidar partiyası olan AK Partinin Gənclik Qollarının bu il keçirilən qurultayına YAP Gənclər Birliyinin də dəvət almasıdır. YAP Gənclər Birliyi bu qurultayda yüksək səviyyədə təmsil olunub, gələcəkdə sıx əməkdaşlıq haqqında söhbətlər aparılıb.

Ümumiyyətlə demək olar ki, YAP Gənclər Birliyinin bu ilin 6 ayı ərzində davamlı və sıx proqramla fəaliyyət göstərib və üzərinə düşən işi layiqincə həyata keçirməyə çalışıb.

Sizin Reklam Yeriniz