Əlaqə Arxiv
news Image
2014.07.03
11:00
| A A A
"Nə mahnılarımdan huşunu itirən qadınlardan istifadə elədim..."-Qaraqan
Bu günki ədəbi mühitdə onun xüsusi dəsti-xəti var. Yaradıcılığında fərqli üslublara müraciət etsə də, imzasını atdığı hər bir işi demək olar ki, ona uğur gətirib. Movqe.az-ın bu dəfəki qonağı yazıçı, bəstəkar,eləcə də reper kimi tanınıb sevilən, bu günkü gəncliyin nəbzini tutmağı bacaran Qaraqan ləqəbi ilə tanınan Elxan Zeynalovdur.


- Daha çox qəmli mahnılar ifa edirsiniz. Səbəb?

- Pozitiv enerjili bir–iki mahnım var. Ancaq əksəri qəmli mahnılardır. Uzun əsrlər bundan öncə də dünyada iki incəsənət növü mövcud olub: şairlər, təlxəklər. Təlxəklərin işi oyun çıxarıb insanları əyləndirmək idisə, şairlərin işi qəmli şeirlər yazmaq idi. Mən də yəqin şairlər kateqoriyasına aidəm və mənə belə daha rahatdır.

- Qaraqan bu gün kifayət qədər sevilir. Bu sevgini qazanmaq üçün nəsə edirsiniz?

- Ümumiyyətlə heç nə etmirəm. Məqsəd sevilmək deyil. Məqsəd yazmaqdır və bu yazı kimisə sevindirirsə çox yaxşı. Belə deyim ki, taleyin qəribə bir ironiyası var ki, Allah elə şeyləri insanlara verir ki, əslində bu həmin insana lazım deyil. Bu sevgi də mənə heç bir halda lazım deyildi. Bəlkə də bu sevgiyə digər bir insanın daha çox ehtiyacı var idi. İnsanlar var ki, bilərəkdən elə geyinirlər ki, baxılsınlar, diqqət cəlb etsinlər. Amma Allah onlara istədiyini vermir. Mənə isə verildi. Hərdən özüm də düşünürəm ki, bu niyə mənə verildi. Mən bu sevgiyə müsbət bir şey kimi baxmıram.

- Bəs bu məşhurluq sizə hər hansı bir mənada maneçilik törədirmi?

- Hərdən rahat gəzə bilməyəndə əsəbləşirəm ki, niyə məni tanıyırlar.

- Neçə yaşınız var?

- 27.

- Məşhur olduğunuz dönəmdən bu günə kimi tam səmimi desək məşhurluqdan baş giccəllənmə oldumu ?

- Tam səmimi deyirəm bir qram da olmadı. Nə mahnılarımdan huşunu itirən qadınlardan istifadə elədim, nə "super yazmısan, brat" deyən varlı qaqaşlardan istifadə elədim. Bu şan-şöhrət mənə heç nə vermədi. Necə idimsə, eləcə də qalmışam. Və bunu məni uşaqlıqdan tanıyan insanlar yaxşı bilir. İnsanı o şey dəyişə bilər ki, həmin şey insana təsir edə bilsin. Hansısa alkoqolameyilli insana alkoqol dükanı versək, bu onun həyatını tam dəyişəcək. O içəcək, sonra isə dükanı dağıdıb tökəcək. Amma alkoqol dükanını bir dindara versələr, bu ona təsir etməyəcək, heç bir mənada da həyatını dəyişməyəcək. Çünki dindar içki qəbul etmir. Əgər şöhrəti alkoqol kimi qəbul etsək, mən şöhrət içkisini içmədiyim üçün başım da giccəllənməyib.

- Qaraqana ən qeyri-adi təklif nə olub?

- Qeyri-adi təkliflər olub. Vəzifəli insanların qızları və yaxud imkanlı insanlar, partiya başçıları, TV və ya radio rəhbərləri mənə təklif ediblər ki, gəl bizimlə işlə. Sən insanlara təsir edə bilirsən. Ancaq qəbul etməmişəm.

- Məsələn, intim münasibət təklif edən xanımlara cavabınız nə olur?

- Mənə intim münasibət təklif edən xanımlar olub. Onları da başa düşürəm. Amma … (gülür-red)

- Guya onlarla görüşmürsüz ?

- Belə deyək də.. Var qablar gündəlik istifadə edirik, mütamadi şəkildə və var plasmas qablar. Hansı ki bir dəfə istifadə edib, tullayırsan. Mən bir dəfəlik qab deyiləm heç kim üçün. Və xoşlamıram qısa müddətlik istifadə olunmağı… Elə münasibətdə özümü plasmas qab hiss edə bilərəm. Mənlik deyil elə münasibətlər. Mən hesab etmirəm ki, əgər elə təklifə hə desəm mən fanatdan yox, fanatım məndən istifadə edəcək. Bu necə hansısa qızın qüruruna toxunarsa, mənim də qüruruma toxunur. Ona görə elə şeyləri sevmirəm.

- Evlənmək barədə nə düşünürsünüz?

- Evlilik barədə heç düşünmürəm. "Evlənmək vaxtıdır" deyirlər. Amma mənim üçün belə bir anlayış yoxdu. İnsan 40, 50 yaşlarında və yaxud da heç evlənməyə də bilər. Sadəcə kimləsə yaşaya da bilərsən. İki insanın xoşbəxtliyi üçün 300 nəfər yeyib-içib, hoppanıb-düşməsə də olar.

- Mentalitet Qaraqan üçün nə deməkdir?

- (düşünür-red) Heç bir xüsusi anlam kəsb etmir, inanın. Bəlkə xüsusi nələrisə var, amma məncə yoxdur.

- Bu gün Qaraqanın məqsədi nədir?

- Vacib məqsədlərimdən biri odur ki, insanı meymunlardan ayıran əsas cəhətləri insanlarda inkişaf etdirməkdir. Normal insanlar əgər hələ də primitiv vəziyyətdə qalırlarsa, həm özləri, həm cəmiyyət üçün təhlükəlidirlər. Gənclərdə, insanlarda beyin qırışlarını inkişaf etdirmək məqsədlərimdən biridir.

- Gənclər arasındakı münasibəti yazıçı olaraq Qaraqan necə qiymətləndirir?

- Xarici ölkədə olan zaman da mən özüm üçün araşdırdım. Və belə nəticəyə gəldim ki, Azərbaycan gənclərinin heç bir problemi yoxdur. Necə bir yazıların altda olan şərhi oxuyub, həmin insana nifrət ediriksə, bir balaca ingilis dilini bilən şəxs də onlarda olan şərhləri oxuyur və eyni vəziyyətlə rastlaşır. Hər bir ölkədə dahilərlə yanaşı avam kütlə də var.

- "İkinci addım"ı yazmaq üçün xarici ölkəyə yollandınız. Burada yazmağa sizə nə mane olurdu?

- "İkini addım"ın səfərlərini etdim, qurtardım. Müəyyən məbədlər, dini qurumlar, gizli təşkilatların olduğu yerə getdim və eyni zamanda da informasiya topladım. Bir çox kitablarımı Bakıdan kənarda yazıram. Bakıdan çıxan zaman sanki enerji bunkerindən çıxırsan. Bakıda neqativ çox sıxır. Başqa yerdə olanda daha rahat düşünürsən. Bütün yazıçılarda var bu psixolojı durum.

- "Исповедь одного извращенца " kitabınızı oxuyan zaman düzü təəccübləndim.. O kitabı yazıb bitirdikdən sonra insanlar sizi qınaq obyektinə tutmadı ki?

- Sırf o kitabdan sonra yaxşı təkliflər gəldi, tənqidlər yox. (gülür-red) Tənqidi önəmsəmirəm. Heç önəmsəmirəm.

- Ədəbi mühitə necə gəldiniz?

- Rəşad Məcidin köməkliyi ilə. O hekayələrimi bəyənmişdi, deyirdi kitab yaz. Yazıçılar birliyində oldum, böyük yazıçılarımızı gördüm, təsirləndim. Kiçik bir şeydən də təsirlənən insanam. Yazıçılar birliyinin o mənada mənə köməyi oldu. Amma bunu başlıq üçün demirəm. Çünki ondan başqa mənə heç bir köməyi dəymədi ki, tərifləyim. Mənəvi cəhətdən amma köməyi çox oldu.

- Qaraqan həmişə baş rolda özü olur?

- Hə.

- "Etiraf otağına" daxil olsanız ilk etirafınız nə olar?

- İnsan hər gün özü-özünə nələrisə etiraf etməlidir. Mən beləyəm. Ona görə də rahatam. Mənfi və müsbət cəhətlərimlə.

- Ən mənfi cəhətiniz nədir?

- Özünə qapalı olmağım. O insanları sevirəm ki, hamı ilə ünsiyyətə girə bilirlər.

- Milyonçu olmaq belə asandır?

- Əslində hə. Bizim bütün xoşbəxtlik hisslərimiz fermentlərin buraxılışı ilə baş verir. Məsələn, sənin pulundan asılı olmayaraq Havay adasında, bəyaz yaxtada 7 qadın və saksafon çalanla uzanmısansa, orada sənin keçirdiyin endorfin hissi ilə balaca bir uşağın Sulutəpədə velisopedlə düşdüyü anda keçirdiyi endorfin hissi ilə eynidir. Sən dünyanı dağıtsan da həyatdan daha çox həzz ala bilmərsən. Bunu narkomanlar edə bilər. Ona görə düşünürəm ki, hər bir insan milyonçu ola bilər. Sadəcə milyonçu olmaq üçün arzuları dəyişmək lazımdır. Əgər mən bu gün bir milyonluq avtomobil istəmirəmsə, deməli mən həmin bir milyonu qazanmıram.

- "Salam Allah", ya tanrı ? Bəziləri deyir ki, tanrı yunanlarda, Allah bizdədir. Siz bilərəkdən belə mübaliğəyə yol vermisiniz.

- Bu sadəcə radikal dindarların fikri ola bilər. Bir varlığın ki, mindən artıq adı var, ona tanrı deyəndə nə olar ki ?

- Namaz qılırsınız?

- İbadət edirəm. Amma bəlkə də başqa cür edirəm.

- İslam dininə qulluq edirsiniz?

- Din sözünün mənası yol deməkdi. Hərənin də Allaha doğru öz yolu var.

- Başa düşmədim. Hərənin öz yolu var, təbii. Bəs sizin yolunuz, dininiz hansıdır?

- Mən belə sual verərdim ki, onların qulluq etdiyi din İslamdır ki ?

- Namaz qılırlar, oruc tuturlar, fitrə, zəkat verirlər, Həccə gedirlər və belə halda özlərini müsəlman hesab edirlər. Bəs siz ?

- Hərə bir cür zənn edir. İslam sözünün tərcüməsi Allaha təslim olmaq deməkdir. Mən də elə zənn edirəm ki, İslamdır.










Sizin Reklam Yeriniz