Goal.az saytının "Tanınmışlar" rubrikasının budəfəki qonağı aparıcı Şəhriyar Əbilov oldu. Tanınmış aparıcımız ona ünvanladığımız sualları səmimi cavablandırdı.
- Şəhriyar, istərdik ki, birinci özünüz haqqında məlumat verəsiniz.
- 1979-cu ildə Bakı şəhərində anadan olmuşam. Müxtəlif sahələrdə çalışmışam. Satıcı, mühafizəçi və digər peşələrlə məşğul olmuşam. İşləməkdə heç bir qəbahət görmürəm. Çünki, kişi işləyər və ailəsini saxlayar. Sonra "Qəfəs" adlı realiti-şouda iştirak etdim və finala qədər irəlilədim. Bundan sonra isə yaradıcı fəaliyyətə başladım. Məqsədimizdən dönməmək şərtilə bir istiqamətdə gedirik ki, istəyimizə nail olaq.
- Biz sizi məhz "Qəfəs" realiti-şousundan sonra tanıdıq. Bu şou sizin həyatınızda hansı dəyişiklikləri etdi?
- "Qəfəs" istəyimə nail olmaq üçün bir nərdivan idi. Mən uşaqlıqdan istəyirdim ki, aktyor, rejissor olum. Rejissor olmasam da, bu gün aparıcı, aktyor, şoumen kimi fəaliyyət göstərirəm. Ümumiyyətlə, mənim uşaqlıqdan aktyorluğa həvəsim olub. "Tarzan"a baxanda - Tarzan, "Zorronun maskası"na baxanda Zorro olurdum. Sonra məktəbi bitirdim, aktyor olmaq istəsəm də, evdəkilərin təkidi və istəyi ilə hüquq fakültəsinə qəbul oldum. Amma sonralar dərk etdim ki, mən özümü bu sahədə görmürəm. Başladım İncəsənət Universitetinə gedib-gəlməyə. Tez-tez gedib dərslərdə iştirak edirdim.
- Ailə üzvlərinizin bundan xəbəri var idi?
- Anam məni əslində həmişə dəstəkləyirdi. Sadəcə, həmin vaxt o da məni hüquqşünas kimi görmək istəyirdi. İstədim ikinci təhsil alım, amma ikinci təhsil pullu olduğundan imkanım çatmadı. Axı mənim birinci təhsilim də pullu idi. Bu sahə üzrə təhsil almasam da, özümü bu sahədə təsdiq etməyə çalışıram. Düşünürəm ki, bu sahə üzrə mütləqdir. Əgər incəsənət üzrə təhsilim olsaydı, daha böyük nəticələr əldə edərdim.
- Aktyor olmaq uşaqlıq arzunuz olub. Hansı obrazları canlandırmaq istərdiniz?
- Hər bir obrazı canlandıra bilərəm. "Xoxan" ilk rol aldığım bədii filmdir. İlk filmim olduğu üçün çox sevinirəm. Seriallarda, qısametrajlı filmlərdə, reklamlarda rol almışam. Romantik, xilaskar qəhrəman obrazını, Azərbaycanın tarixi şəxslərini canlandırmaq istəyirəm. Müsbət qəhrəmanları oynamaq istəyirəm.
- Romantik obrazları canlandırmaq istədiyinizi dediniz. Sizi həyatda romantik insan hesab etmək olar?
- Bəli. Romantik insanam.
- Televiziyaya necə gəldiniz, Şəhriyar?
- Televiziyaya "Qəfəs" realiti-şousundan sonra gəldim. Bundan sonra bir müddət restoranlarda aparıcı işlədim. Onu deyim ki, əvvəllər televiziyanın qapıları üzümə bağlı oldu. Heç kim məni qəbul edib efirə buraxmaq istəmirdi. Çünki, mənim imkanım yox idi. Lakin ATV-nin hazırki rəhbərliyi mənə güvəndi. Özümü sınamaq üçün mənə imkanlar yaratdı. Sınaq üçün səhər verilişində aparıcı kimi işləməyə başladım. Sağ olsunlar, həmkarlarım da mənə çox köməklik göstərdilər. Daha sonralar "Böyük Səhnə" telelayihəsində əsas aparıcı oldum. Burada özümü təsdiqlədim və əhali tərəfindən sevildim.
- ATV-yə yeni bir nəfəs gətirə bildinizmi?
- Mən deyərdim ki, ATV-nin yeni bir övladı dünyaya gəldi. ATV övladını çox istəyir və dayaq olur. Övladı da çalışır ki, ona olan ümidləri doğrulda bilsin
- Ümumiyyətlə, özünüzə rəqib görürsünüzmü?
- Aparıcıların hamısı bir-birilə sağlam rəqabət aparır. Mən hər zaman çalışıram ki, Azərbaycanın ən məşhur aparıcısı olum. Bu istiqamətdə də daima səylərimi artırıram.
- Sizcə, bizim aparıclarda hansı çatışmayan cəhətlər var?
- Bizim aparıcılar bir müddət öz üzərlərində işləyirlər. Lakin sonradan fəaliyyətini dayandırırlar. Lakin daima öz üzərində çalışmalısan. Bundan başqa çoxlu kitablar oxumaq lazmdır. Kitab oxuduqca insanın nitqi formalaşır və sən mükəmməl surətdə veriliş apara bilirsən.
- Hansı janrlarda olan kitabları oxuyursunuz?
- Mənim ən sevdiyim kitab "Hellos"dur (gülür). Qeyd edim ki, mən jurnal, qəzet, kitab oxuyuram. Yetər ki, oxumalı maraqlı nəsə olsun. Daha çox fantastik janrlarda olan kitabları sevirəm.
- Oxuduğunuz kitablarda özünüzə yaxın olan personaj tapmısınız?
- Mən daha çox qəhrəmanlıq göstərən, xalqını xilas edən personajları özümə yaxın bilirəm.
- Aparıcı olmaq üçün mütləq jurnalistika fakültəsini bitirməlisən?
- Düzdür təhsil lazımdır. Lakin insanın özündə də istedad lazımdır.
- Yaşlı nəslin nümayəndələri bəzən gənc kadrları tənqid edirlər. Bunun səbəbini nədə görürsünüz?
- Hər bir dövrün öz tələbləri var. Gərək zamanla ayaqlaşasan. Onlarında fikrinə hörmətlə yanaşıram. Ümumiyyətlə aparıcı efirdə səmimi olmalıdır. Səmimi olmadınsa, qüsurların da daha çox olacaq. Mən efirdə olanda elə bilirəm ki, sanki tamaşaçı ilə söhbət edirəm.
- Geyimlərinizlə hər zaman fərqlənirsiniz… Seçilməyi sevirsiniz?
- Mən özüm də həmişə deyirəm ki, uğurumun müəyyən faizini geyimlərim təşkil edir. Geyim insanın həyatında çox böyük önəm daşıyır. Geyimləri çox sevirəm. Teleaparıcı geyimi ilə həmkarlarından seçilməlidir. Hamıya oxşasa, sən maraqsız, reytinqsiz, adi aparıcı olacaqsan. Tək danışıqla, boy-buxunla seçilməməlisən. Biz seçilərək tamaşaçı qarşısına çıxarılan insanlarıq. Rəngli geyimləri sevirəm. Bəzi aparıcılar rəngli geyimlər geyinmir ki, ona klon deyərlər. Heç kim qırmızı geyinməsə də, mən qırmızı geyinirəm.
- Bəzi insanlar sizin geyim tərzinizi birmənalı şəkildə qəbul etmədilər...
- Bəli. "Mənə niyə qırmızı geyindin?" deyənlər, qırmızı geyinirlər. Bunu birinci kimsə etməlidir. Ümumiyyətlə, Azərbaycanda yenilik edən tənqid atəşinə tutulur. Alim Qasımov muğamı fərqli ifa edəndə hamı onu tənqid atəşinə tuturdu, indi isə ustaddır. Hamı birinci olmaq istəyir, ona görə, seçilməlisən, işindəki sağlam rəqabət səni uğura aparacaq. Bığlarıma gülürdülər, indi isə deyirlər yaraşır. İnsan ilk aldığı mənfi reaksiyadan qorxub geri çəkilməməlidir, öz işinə inanmalısan.
- Geyimdə brend önəm daşıyır?
- Əsas zövqlü geyinməkdir. Standart geyinmək olar, məsələn, ağ rəngi hansı rənglə geyinəndə qəşəng olur, yaxud, qaranı, qırmızını. Amma fərqli rəngləri bir-birinə yaraşdırmaq gözəl effekt verir.
- Sizi digər həmkarlarınızdan fərqləndirən cəhətlərdən biri də bığlarınızdır…
- Keçmişin kişilərinin dəbini qaytarmaq istəyirəm. Ümumiyyətlə Avropa üslubu ilə Azərbaycan üslubunu qarşıdırıb gözəl imic ərsiyə gətirməyi çox sevirəm.
- Qarderobda ən çox hansı geyimləriniz üstünlük təşkil edir?
- Klassikanı sevirəm. Kostyumlar üstünlük təşkil edir. Ayaqqabıları kostyumlara görə seçirəm. Hər kostyuma uyğun saatım, boğaz şərfim, cibimin parçası, qalstuk olmalıdır.
- Sizi kompleksli insan saymaq olar?
- Kompleks deyəndə ki, bilmirəm, bəlkə də buna kompleks deməzdim. Efirdə bunu göstərmirəm də. Hər kəsdə olduğu kimi, diqqətciləm, yerimi bilənəm. Və hesab edirəm ki, hər bir insan yerini bilsə, cəmiyyət tərəfindən seviləcək, hörmətlə qarşılanacaq.
- Dostlarınız çoxdur?
- Məncə, dostsuz insan yoxdur. Hər bir insanın dostu olduğu kimi, mənimdə dostlarım var.
- Sadiq olmayan dostlarınızla nə edirsiniz?
- Onları həyatımdan silirəm. Güclü yalan oldusa, o insanı qaytarmaq mümkünsüzdür.
- Yalanı sevmirsiz. Heç yalan danışmısınız?
- Yalanın bir həddi var. Kimsə mənim xoşuma gəlmirsə, durub onun üzünə demirəm ki, sən pissən. İnsanın xətrinə dəymək olmaz.
- İdmanla məşğul olmusunuz?
- Mən uşaq vaxtı idmanı çox sevirdim. Hər zaman idmanın müxtəlif növləri ilə məşğul olmuşam. Ümumiyyətlə, döyüş filmlərinə baxa-baxa böyümüşük. Həmin dövrlərdə Brus Linin kinolarını verirdilər. Həmin kinolara baxıb məndə onlar kimi idmançı olmaq istəyirdim. Bundan sonra karate ilə məşğul olmağa başladım. Daha sonralar cüdo ilə məşğul oldum. "Burvestlinq" deyilən bir cəmiyyət var idi. Məhz cüdo məşqlərimi bu cəmiyyətdə keçirdim. Daha sonralar "Boksçu" filmi nümayiş olundu. Bu film mənə o qədər təsir etdi ki, bu idman növü ilə məşğul olmağa başladım. Deyərdim ki, artıq peşəkar kikboksinqçi olmuşdum. Mənim bir pis cəhətim var idi ki, yarışlara getmirdim. Əgər mən bir idman növü ilə sona qədər məşğul olsaydım, bəlkə də Olimpiya çempionu olardım. Bundan başqa, kikboksinqlə məşğul olanda hamı mənimlə rinqə çıxmaqdan qorxurdu. Bundan başqa basketbol üzrə qızlardan ibarət komandanın baş məşqçisi oldum.
- Müxtəlif idman növləri ilə məşğul olmusunuz… Diqqətinizi daha çox hansı idman növü çəkib?
- Kikboksinqi daha çox sevirdim. Eduard Məmmədovla birlikdə kikboksinqə başlamışdım. Baxın, indi o hansı nəticələrə malikdir. Əgər məndə idmanda qalsaydım, daha böyük uğurlar qazanardım.
- Çoxları futbolu idmanın "şah"ı hesab edir. Futbola maraqlanırsınız?
- Uşaqlıqda futbolla məşğul olmuşam. Lakin sonradan dostlarım futboldan ayrıldığı üçün mən də davam etdirmədim. Əvvəl qapıda dururdum. Daha sonra müdafiəçi, yarımmüdafiəçi kimi oynamışam.
- Futbol üzrə milli komandanın oyunlarını izləyirsiniz?
- Əlbəttə. Hər bir azərbaycanlı kimi məndə çalışıram ki, komandalarımızın oyunlarını izləyim. Amma istəyirəm ki, komandamız daha yaxşı oyun göstərib, bizləri sevindirsin. Bilirsiz, futbol pula görə inkişaf etdirilməməlidir, futbolun inkişafına nail olmaq lazımdır. Götürsək bizim ölkənin Braziliyadan fərqi nədi, ikisidə dənizkənarı ölkədir. Bəyəm bizdə güclü qaçan insanlar yoxdur? Görünür, hardasa müəyyən çatışmazlıqlar var. Lazımdırki həmin əksiklikləri düzəltmək. Belə olan halda inkişafa nail olmaq olar.
- Millimizdən başqa hansı komandalara azarkeşlik edirsiniz?
- İtaliya millisinin oyunlarını izləyirəm. Həmişə istəmişəm ki, onlar qalib gəlsinlər.
- Ölkə çempionatında mübarizə aparan komandalardan hansının oyunu diqqətinizi cəlb edir?
- Bilirsiniz, mənim azarkeşlik etdiyim tək komanda yoxdur. Çünki hər bir komandanın uğuru bizim uğurumuzdur. Çalışmaq lazımdır ki, daha çox nailiyyət qazanıb xalqımızı sevindirək.
- Sonda bizə olan sözünüz…
- Goal.az saytına öz minnətdarlığımı bildirirəm.
Qeyd edək ki, bu müsahibə Party Pizza restoranında baş tutub. Ünvan: Nərimanov metrosu, Nərimanov parkı yaxınlığında M.Mammadzadeh 13 (www.partypizza.az)