Əlaqə Arxiv
news Image
2012.10.02
18:32
| A A A
Hələ ki, tələbələr müəllimləri qiymətləndirə biləcək səviyyədə deyillər
Zahid Məmmədov: «200 bal toplayan tələbənin müəllimi ilə 700 bal toplayan tələbəyə dərs deyən müəllimin maaşı eyni olmamalıdır»

Müasir dünyada hər bir ölkənin uğurlu gələcəyi həmin ölkədə elmin və  təhsilin səviyyəsi ilə müəyyən olunur. Təcrübə göstərir ki, təbii sərvətlərin bolluğu dövlətin inkişafının əsas göstəricisi deyil, başlıcası, bu sərvətləri cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsini təmin etməkdir. Bu, indiki mərhələdə təhsil sisteminin ən zəruri vəzifəsidir. ABŞ, Yaponiya, Cənubi Koreya və digər inkişaf etmiş ölkələr malik olduqları maddi resurslardan daha çox təhsil sisteminin yetişdirdiyi insan kapitalından böyük gəlirlər əldə edirlər. Bəşəriyyətin inkişaf tarixində təhsilin bu qədər önəmli olduğu halda, bəs görəsən hazırda dünyada universitetlər ictimaiyyətin və iqtisadiyyatın ehtiyaclarına yetərincə cavab verirmi? Mövzu ətrafında müsahibimiz iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirir ki, 08.12. 2009-cu il tarixində Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin dövrü mətbuatda "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsində elmi ictimaiyyət qarşısında mühüm vəzifələr qoyulub:

- Məqalədə sosial-siyasi elmlər sahəsində, fəlsəfə, dövlət idarəçiliyi nəzəriyyəsi, menecment və digər sahələr üzrə biliyə əsaslanan keyfiyyətli  mütəxəssislərin hazırlığı məsələsi  universitetlər qarşısında mühüm vəzifə kimi qarşıya qoyulub və özəlliklə, dünya maliyyə bazarlarının və xarici investisiya axınlarının istiqamətlərini  təhlil edən elmi mərkəzlərin yaradılması günün əsas tələblərindən biri olaraq xüsüsi vurğulanıb. Lakin kadr qıtlığı və müvafiq mexanizmlərin işlənilməməsi bu prosesi hələlik düzgün qurmağa imkan vermir. Əsas məqsədimiz ondan ibarətdir ki, yaxın illərdə təhsildə, elmdə, ümumən intellektual sahələrdə ciddi dönüş yaradılmalı və biliklərə əsaslanan iqtisadiyyatın qurulması prosesi intensivləşməlidir.

Universitet elmi bilikləri öyrənmək arzusunda olanlara çatdıran və elmi araşdırmaları fasiləsiz davam etdirən elmi mərkəzdir. XIX əsrdən etibarən, universitetlər daha çox araşdırmaya yönəlik mərkəz vəziyyətinə keçiblər. Əsl modern universitet həm tədqiqat, həm də tədris prossesini həyata keçirən araşdırma müəssisəsidir.


- Modern ali məktəbin məqsədi nədir?

- Modern ali məktəblərin məqsədi öyrətmək yox, öyrənməkdir. Öyrənməyi bilməyən ali məktəb, öyrədən müəssisə ola bilməz. Yəni özü öyrənməyənin  başqasını öyrətməsi mümkünsüzdür. Özəlliklə, ictimai elmlər sosial sifarişə çevik reaksiya verməlidir. Bundan başqa modern universitetlər üç məqsəd naminə xidmət verir: Araşdırma yolu ilə bilik istehsal etmək; tədris yolu ilə gələcək nəsillərə bilik vermək və əmək bazarının ehtiyacına uyğun mütəxisslər hazırlamaq. Modern universitetlərdə professor-müəllim heyəti isə 3 təməl parametrə cavab verməlidir: yaradıcı, yenilikçi və təşəbbüskar. Bu səbədən də hörmətli akademikimiz Ramiz Mehdiyev cənblarının məqaləsində "Ona görə də daim axtarışda olan insanlara geniş meydan verilməli, yeni fikirlər və ideyalar, novator yanaşmalar dəstəklənməlidir" fikirləri yer alıb. Qaldırılan bu məsələyə də universitet rəhbərləri diqqətlə yanaşmaladırlar.


-Məlumdur ki, dünya praktikasında universitetlərdə "müəllimlərin qiymətləndirmə sitemi" mövcuddur. Bu cür praktikanı bizdə də tətbiq etmək nə qədər real görünür? 

- Bizdə hələ ki, tələbələr müəllimləri qiymətləndirə biləcək səviyyədə deyillər. Amma Qərb universitetlərində tələbələr tərəfindən "müəllimlərin qiymətləndirmə sitemi" tətbiq edilir. Bu sistemin 3 əsas funksiyası mövcuddur. Birincisi, informasiya funksiyasıdır.  Bu funksiya tədris kurslarının keyfiyyətini xarakterizə edir, tədris prossesi, tədris kursları və tələbələrin ixtisaslaşması mövzusunda dolğun məlumat hazırlanır. Bu da öz növbəsində rektorata  optimal qərarların  hazırlanmasında yardımçı olur. İkincisi isə motivasiya funksiyasıdır. Tələbələr tərəfindən müəllimlərin qiymətlən¬dirilməsi haqqında açıq informasiya məlumatı müəllimlərin  öz üzərində daha da məsuliyyətlə işləməyə məcbur edir və dərsə çox hazırlıqlı gəlməsinə yardımçı olur. Üçüncü və ən əsası stimullaşdırıcı funksiya isə ali məktəbin rəhbərliyi ilə müəllimlər arasında bağlanacaq müqaviləyə təsir  göstərir. Yəni, 200 bal toplayan tələbənin müəllimi ilə 700 bal toplayan tələbəyə dərs deyən müəllimin maaşı eyni olmamalıdır. 

Lakin yaddan çıxarılmamalıdır ki, Azərbaycanda bir çox tələbə diplom almaq xatirinə universitetdə  təhsil alırlar. Məqsəd biliklərə yiyələnməkdən çox, diploma sahib olmaqdır. Bu mənada Qərb Universitetlərində tələbələr tərəfindən "müəllimlərin qiymətləndirmə sitemi"ni Azərbaycanda ali məktəb müəllimlərinin peşəkarlıq səviyyəsini müəyyən edən mexanizm kimi qəbul etmək mümkün deyildir. 

Əlavə olaraq onu da bildirim ki, dünyada artıq müəllim yox, daha çox tələbə danışır. Burada 3 metod var. Aktiv, passiv və interaktiv. Aktivdə tələbə, passivdə müəllim, interaktivdə isə qrupda qarışıq müzakirələr olur. Hazırda Dövlət İqtisad Universitetində birbaşa rektor Şəmsəddin Hacıyevin əmri ilə interaktiv metod tətbiq olunmaqdadır.


-Qeyd olunanlar fonunda Avropa universitetlərində üstünlüklərini xarakterizə edən əsas göstəricilər nədir?

- Burada əsasən 7 göstərici mövcuddur. Birincisi, üniversitetin dünya üzrə reytinq göstəricilərinə görə  neçənci sırada olmasıdır. İkincisi, məzunların iş tapma imkanlarıdır. Üçüncüsü, təhsil ocaqlarının ictimaiyyət tərəfindən qəbul edilən müəllimlərinin fikri və onların  ictimaiyyətə təsir etmə gücüdür. Dördüncü amil universitetdə xarici tələbələrin sayıdır. Beşincisi, professor-müəllim heyətinin neçə faizinin  elmi-tədqiqat işi ilə məşğul olmasıdır. Altıncısı, məktəbin hökümət və iri biznes sturukturları ilə hansı sahədə sıx əlaqəsi saxlamasıdır. Ən nəhayət yeddinci isə professor-müəllim heyətinin hökumət və biznez sturukturlarının məsləhət şuralarında fəaliyyət səviyyəsidir.


- Kadr hazırlığında xarici dil bilgisinin nə qədər rolu var?

- Universitetlər dil öyrənmə mərkəzləri yox, ixtisas  öyrənmə mərkəzləridir. Gercəkdən də, bəzi təhsil işçiləri  ölkəmizin gələcək inkişafı təhsil sistemlərində və iş yerlərində xarici dilin istifadəsinə bağlayırlar. Ancaq vaxtilə M.Y.Lermontov yazırdı ki, Avropada fransız, Qafqazda isə Azərbaycan dili əhəmiyyətlidir. Bəs nə oldu dilimizə? Vaxtilə Qafqazın diplomatik və iqtisadi dili sayılan Azərbaycan dilinə belə laqeyd münasibət nədən oldu? Suala cavab ciddi araşdırma tələb edir. Qoyulan suala cavablardan birincisi, təhsil sistemində vahid tədris dilinə keçməməyimizdir. Yəni, dövlət təhsil sistemində tədrisin Azərbaycan dilində aparılmasına nail olmalıdır. Ümumiyyətlə, Azərbaycan vətəndaşları hesabına maliyyələşən məktəblərdə Azərbaycan dilini sadəcə bilmək yetərli deyil. Eyni zamanda elmi dili bilmək məcburiyyətini yaratmaq lazımdır. Universitetə qəbul olunların məqsədi dil öyrənmək yox, ixtisas öyrənməkdir. Məsələn, tutaq ki, bir qrup azərbaycanlılara bir azərbaycanlı professor ixtisası ilə əlaqədar mövzunu xarici dildə anlatmağa çalışır. Burada professorun vəzifəsi xarici dili yaxşı bilmək yox, ixtisasını yaxşı şəkildə anlatmaqdır. 

Digər tərəfdən azərbaycanlı tələbəyə azərbaycanlı müəllim niyə ana dilində deyil, xarici dildə dərs versin ki? Dil hər hansı bir cəmiyyətin inkişafını göstərən bir güzgüdür. Cəmiyyətin bilik lokomotivi olan universitetlərimizdə əgər doğma dilimizdən istifadə etmiriksə, bəs onda necə bilik iqtisadiyyatına sahib olan güclü bir dövlət quracağıq? Milli dil siyasəti güdən ölkələrin təhsil sistemlərində xarici dildə təhsil yoxdur. Hətta, Avropanın mərkəzində yerləşən Macarıstan və Çexoslovakiyada nüfuzlarının azalmalarına baxmayaraq, təhsil sistemi öz ana dillərindədir. Amma bu ölkələrin iqtisadi inkişaf səviyyələri də yüksək dərəcədədir. Hollandiya, İsveç kimi güclü iqtisadi gücə sahib olan ölkələrdə də təhsil sistemləri öz ana dillərindədir. Lakin Pakistan, Əlcəzair, Banqladeş, Hindistan, Livan, Nigeriya, Mali kimi ölkələrin təhsil sistemlərində tədris xarici dildə ikən, nəyə görə bu ölkələr iqtisadi cəhətdən güclü deyillər? Hətta, sovet dövründə Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikistanın ali məktəblərində tədris dilləri rus dillərində ikən, Azərbaycanda Azərbaycan bölməsindən məzun olanlar istər ixtisası, istərsə də dili onlardan yaxşı bilirdilər. İqtisadi inkşafımız da onlardan daha öndəydi. Yəni, iqtisadi inkişaf dilə bağlı deyil. İqtisadi inkişaf ixtisasını ən gözəl şəkildə bilən və təcrübədə tətbiq edən  insan gücünə bağlıdır. Hətta Avropa Birliyi ölkələri iqtisadi-siyasi ittifaqlar qurduqları halda, indiyə qədər vahid bir dilə keçməsini gündəliyə gətirməyiblər. Deməli, inkişaf dilə deyil, insan gücünə bağlıdır.

Sizin Reklam Yeriniz