Adı daha çox qalmaqallarda səslənən məşhurlar sırasında olsa da, özü bununla razı olmadığını deyir. Bu gün Movqe.az-ın müsahibi müğənni, Azərbaycan Respublikasının Əməkdar artisti, son dövrlərdə sosial şəbəkələrdə paylaşdığı şəkillərə görə müzakirə obyektinə çevrilən Abbas Bağırovdur. Onunla müsahibəmizdə bir çox məqamlara toxunduq. Çəkilişə tələsdiyini desə də bizimlə danışmağa razılıq verdi.
- Sənət adamları şəxsi həyatları ilə bağlı problemlərin gündəmə gətirilməsində mətbuatı suçlayırlar. Bir məqamı unudurlar ki, onlar ailə quranda mətbuatda, televiziyalarda bunun işıqlandırılmasında özləri maraqlı olurlar. Bu nə dərəcədə doğrudur?
- Əlbəttə ki, belə bir halla razı deyiləm. Çünki, mətbuatın cəmiyyətdə öz yeri var. Amma çox istərdim ki, bəzi mətbuat nümayəndələri xəbəri yazarkən daha diqqətli və düzgün yazsınlar. Elə hallar olur ki, həmin nümayəndələr xəbəri araşdırmadan yazırlar. Bu zaman da sənət nümayəndəsiylə jurnalist arasında anlaşılmazlıq yaranır. Bunu da daha çox çalışdığı yerin reytinqini artırmaq üçün edirlər. Şou-biznesdə elə insanlar var ki, onlar ailəsini gündəmə gətirən xəbərlərlə bağlı heç bir reaksiya vermir. Aydın məsələdir ki, bu onlara xoş gəlir. Amma mən şəxsi həyatımla bağlı heç bir suala cavab vermirəm. Onunla bağlı yazsalar da öz iradımı bildirirəm. Mənim sevənlərimə mənim şəxsi həyatım deyil, yaradıcılığımda olan yeniliklər daha maraqlıdır. Hər zaman mətbuatın, düzgün yazan nümayəndələrin tərəfdarıyam və onlara olan hörmətim sonsuzdur.
- Sosial şəbəkələrdə məşhur simalar tez-tez ya təhqir, ya da tənqid olunur. Belə olan hallarda necə reaksiya verirsiniz?
- Mənim yalnız "İnstagram" hesabım var. Təhqirlərə və yaxud da tənqidlərə gəldikdə isə deyə bilərəm ki, o yazan şəxsin ailədə aldığı tərbiyədən asılıdır. İnsan onu yazmadan öncə düşünməlidir. Düşünülməmiş yazılan hər bir fikir aydın məsələdir ki, sonradan insanın başına bəlalar açır. Amma elə olur ki, bir müğənninin və yaxud da sənət nümayəndəsinin digər həmkarından xoşu gəlmir. Bu zaman o sosial şəbəkələrdə özünə saxta profil açaraq, onun əleyhinə sözlər yazmağa başlayır. Həmin insanlar digərlərinin uğuruna sevinə bilməyən paxıl insanlardır. ( əsəbləşir)
-Son zamanlar Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla olan şəkilləriniz müzakirə obyektinə çevrilib. ( Fikirimi tamamlaya bilmədim)
- Anar Məmmədov mənim ən yaxın dostlarımdan biridir. Artıq 20 ildir ki, mən onunla dostluq edirəm. Çox istərdim ki, paylaşdığım şəkillər müzakirə mövzusuna çevrilməsin. Bu fikirlər həm onun, həm də mənim tərəfimdən xoş qarşılanmır. Ona görə də bu haqda çox danışmaq istəmirəm.
- "Aləm gözəl" adlı mahnınızın sözləri və musiqisi Anar Məmmədova məxsusdur. Yeni iş birliyiniz gözlənilirmi?
-Bəli, daha 3 mahnımı sentyabr ayının sonlarında dinləyicilərimə təqdim edəcəm.
- Niyə, gənc müğənnilərin əksəriyyəti dövlət məmurlarının müəllifi olduğu və yaxud bəstələdiyi mahnıları ifa edir. Rəqabət söhbəti var, yoxsa ad məsələsidir?
- Düzdür, məmurların bəstələdiyi və yaxud müəllifi olduğu mahnıları ifa etsəm də, Nailə Mirməmmədli, Faiq Sücəddinov kimi bəstəkarlarla da işləyirəm.
- Müğənniliklə bərabər gündəlik həyatınızda daha çox nə ilə məşğul olursunuz?
- Daha çox idmanla məşğul olmağa üstünlük verirəm. Sənət əhlinin bəziləri idmanı şəkil çəkdirmək üçün edirsə, mən sırf olaraq sağlamlıq cəhətdən edirəm. (gülür)
- Nəyi bağışlaya bilmirsiniz?
-Maraqlı sualdır. Yalan danışan insanları bağışlaya bilmirəm. Çünki, özüm də yalan danışmıram.