Əlaqə Arxiv
news Image
2012.12.01
07:00
| A A A
Azərbaycan siyasətində şəxslər arasında kin var
Fazil Mustafa: «Bunların içində xüsusi tərbiyəsiz, heyvanxana mühitində böyümüş İlqar Məmmədov kimi daha fərqli formada fikrini deyənlər də var» «Rusiyada yaranan «milyarderlər ittifaqı»nın formatı birbaşa prezident Vladimir Putin tərəfindən diqtə olunub»

Azərbaycan parlamentinə münasibətdə son dövrlər bəzi QHT rəhbərləri, media təmsilçiləri tərəfindən sərgilənən münasibət cəmiyyətdə də birmənalı qarşılanmadı. Çünki bu münasibət daha çox təhqir üzərində köklənib və qanunverici orqanı təhqir edənlərin bəziləri bu mövqelərindən heç də geri çəkilmək niyyətində deyillər. Milli Məclisə qarşı sərgilənən bu mövqenin nədən qaynaqlanmasına gəlincə, "Mövqe" qəzetinə müsahibəsində, Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa qeyd edir:

- Burada birinci faktor Milli Məclisin fəaliyyəti ilə bağlı cəmiyyətin lazımi səviyyədə bilgi ala bilməməsidir. Milli Məclisin öz televiziyası olmalıdır. Dünyanın elə bir ölkəsi yoxdur ki, onun parlamentinin televiziyası olmasın. Parlamentdə edilən çıxışlar mətbuat, televiziya vasitəsi ilə birbaşa tamaşaçıya çatdırılmalıdır. Lakin bizdə Milli Məclisdə olan bütün çıxışları parlamentin özü tərəfindən hazırlanaraq dövlət televiziyasına verilir. O da bir saatlıq proqam içində özünün siyasətinə uyğun olaraq hazırlanan verilişi müəyyən qəlibə salıb diktor mətni ilə təqdim edir. Təəssüf ki, burada heç bir tənqidi çıxış verilmir, deputatın seçicisi ilə bağlı qaldırdığı problem orada öz əksini tapmır. Özəl telekanallar da sadəcə, yayım siyasətinə uyğun olan müəyyən epizodları verirlər. Belə bir vəziyyətdə Milli Məclisdə nə danışılır, nədən bəhs edilir, kim hansı məsələni qaldırır, bu, bilinmir.

Bunu da əsas götürərək bir qrup adamlar Milli Məclislə bağlı neqativ fikirlər səsləndirirlər. Təbii ki, bunların içində xüsusi tərbiyəsiz, heyvanxana mühitində böyümüş İlqar Məmmədov kimi daha fərqli formada fikrini deyənlər də var.

Bu səbəbdən hesab edirəm ki, Milli Məclis öz təbliğat kursunu, təqdimatını dəyişməlidir. Təqdimat dəyişilmədikcə belə bir fikirlər səsləndiriləcək. Digər tərəfdən təhqirlərə qarşı Milli Məclisin reaksiyası daqaneedici deyil. Məsələn, İlqar Məmmədovun parlament haqqında məlum ifadəsindən sonra bir sıra deputatlar "Milli Məclis təhqir olundu" deyə məsələ qaldırdılar, onun məhkəməyə veriləcəyini bildirdilər, lakin sonradan heç bir addım atılmadı. Bunu anlamq olmadı və ikiqat Milli Məclisin nüfuzuna zərbə vuruldu. Ona görə də məncə, bu məsələdə təhqir edənin üzərinə getmək lazımdır.

- Elə sizə qarşı da az təhqiramiz fikirlər səslənməyib. Düzdür, elə media müstəvisində buna kifayət qədər cavab vermisiniz. Hətta "Azadlıq" qəzeti ilə bağlı ABŞ səfirliyinə də müraciət etdiniz. Hansısa dəyişiklik müşahidə olundumu?

- Ümumiyyətlə, söhbət adıçəkilən qəzetin mövqeyinin dəyişməsindən getmir və dəyişməsi mənim üçün maraqlı da deyil. O qəzet ictimai rəyə elə bir təsir edən, yaxud da hansısa mənəvi məbəd kimi bizim qarşımızda dikilən bir hüquqi şəxs deyil. Mən hər zaman söyləmişəm, bu qəzet saxtakarlıq və fırıldaqçılıqla Azərbaycanın narazı elektoratının düşüncələrini manipulasiya etməklə məşğuldur. Bizim də siyasət anlayışımızda cəmiyyəti aldatmaq, yalançılıqla cəmiyyətə müəyyən yön vermək xətti yoxdur. Bu xətti aparan insanlara qarşı sərt mövqe qoyuruq. Bunu da bəyənəməyən insanlar bu qəzeti əsas tribunaya çevirib bizə qarşı müxtəlif böhtanlar, təhqirlər səsləndirirlər. Son məsələlərdə də biz onlara qarşı mövqeyimizi o şəkildə qoyduq ki, onlar müəyyən dərəcədə geri çəkilməli oldular. Ona görə də qeyd etdiyiniz qəzetin mövqeyində heç bir dəyşiklik yoxdur. Bu qəzet başdan-ayağa çirkaba bulaşmış bir mətbu orqandır. Biz onların kökünü tanıdığımıza görə, onlara qarşı mövqeyimizdə kifayət qədər sabit və prinsipial xətti davam etdiririk. Bu məsələdə bizim mövqeyimiz daha doğrudur.

-Təhqirlərə anonim imza ilə sosial şəbəkələrdə də rast gəlmək olar. Bu günlərdə deputat həmkarınız Fəzail Ağamalı belə bir təkliflə çıxış etdi ki, internetdə, o cümlədən sosial şəbəkələrdə istifadəçilərin anonimliyini aradan qaldıran qanun qəbul edilsin. Buna necə baxırsınız?

-İnternetdə anonimliyin aradan qaldırılmasını təmin etmək bir az çətindir. Çünki bu məsələdə anonimliyin qaldırılması bizdən asılı deyil. Həmçinin, vətəndaş da hansı formada istəyirsə, sosial şəbəkədə iştirak edə bilir. Yaxud da əgər vətəndaşın kimliyi sənə məlum olursa və o, xaricdə yaşayırsa, anonimlik qaldırıldı- qaldırılmadı fərqi yoxdur, eyni qaydada təhqir edəcək. Bu, necə önlənəcək? Qeydiyyat məsələsində başqa adlar nəzərdə tutulmasa, çox adam o şəbəkələrə maraq göstərməyəcək. Ona görə də bu, real məsələ deyil.

- Gələn il keçiriləcək prezident seçkilərinə artıq indidən müəyyən hazırlıq müşahidə olunmaqdadır. Siz də bir partiya sədrisiniz. Ümumiyyətlə, seçkilərdə namizəd kimi iştirak etməyi düşünürsünüzmü?

- Bəli, mən namizəd olaraq seçkilərə qatılmağı düşünürəm. Çünki, bizim partiya olaraq prinsipimiz budur ki, bütün seçkilərdə iştirak edək. Gücümüzün az - çoxluğunun bura dəxli yoxdur. Hər bir seçki bizim üçün bir təbliğat mərhələsidir. Hər bir seçki təşkilatlanma, cəmiyyətlə təmas imkanıdır. Söhbət də ondan gedir ki, Azərbaycan kimi hələ daşların tam yerinə oturuşmadığı bir ölkədə, siyasətin cəmiyyət tərəfindən çox da maraqlı peşə olaraq görülmədiyi bir mühitdə ideyaların təbliği, tanınma çox önəm daşıyır. Ona görə də seçkilərdə iştirak kimi fürsəti qaçırmağı düşünmürük. Bütün seçkilərdə iştirak etməyə qərar vermişik. Hazırlıq işləri gedir.

- Qeyd etdiniz ki, siyasət cəmiyyət tərəfindən çox da maraqlı peşə olaraq görülmür. Lakin belə fikirlər də səslənir ki, əksinə, Azərbaycan cəmiyyəti həddindən artıq siyasiləşib.

-Yox, əksinə, cəmiyyətin siyasiləşməsi o vaxt olur ki, burada mülkiyyət münasibətləri tam dəqiqləşir. Azərbaycan kimin mülkiyyətinin hara qədər olduğu bəlli deyil. Məsələn, sahibkar bir günün içində bank borcuna görə müflis olub sıradan çıxa bilər. Taksi sürücüsü məktəb müəllimidir. Məktəbdə maaşlar qalxsa, o, sürücülüyü atıb məktəbə qayıdacaq. Kəndində normal iş şəraiti olsa, xaricə gedən qayıdacaq öz kəndinə, ailəsinin yanına. Belə bir vəziyyətdə insanlar hansı siyasəti dəstəkləməyi müəyyən edə bilmirlər.

Burada bir də psixoloji amil var. Bu amil odur ki, vətəndaşın 20 il ərzində simpatiya bəslədiyi siyasətçiyə münasibəti dəyişməyib. Hətta siyasətdən və yaxud da həyatdan gedən siyasətçinin adını da çəkib dəstəkləyənlər var. Bu da psixoloji faktora çevrildiyindən siyasətin içində olma mənasına gəlmir. Bu, daha çox mövqesizliyin ortaya çıxması təzahürürdür. Ona görə də bu məsələyə münasibətimiz belədir ki, insanlar konkret proqramlara doğru yönəlməlidirlər. Bunun üçün də proporsional seçki sistemi bərpa olunmalıdır ki, şəxslər yox, konkret partiya proqramla cəmiyyət qarşısına çıxsın və əhali istəyinə uyğun da partiyasını seçsin.

-Yenə cəmiyyətin siyasətə marağının az olduğunu qeyd edirsiniz. Lakin belə fikirlər də səslənir ki, Azərbaycanda kəskin siyasi qütbləşmə də var.

-Yox, Azərbaycanda kəskin siyasi qütbləşmə yoxdur. Azərbaycan siyasətində şəxslər arasında kin var. Bu kinin aşılmasından söhbət gedir. Çünki, proqramların dartışması yoxdur. Ya da milliyətçi ilə islamçının mövqe dartışması yoxdur. Debat olmayanda belə olur. Məslən, mənə çox vaxt Xalq Cəbhəsinin aparıcı şəxslərindən biri kimi bu gün irad bildirirlər ki, 10 - 15 il əvvəl sən Xalq Cəbhəsində bu xətti aparırdın, indi başqa xətti aparırsan. Mən də başa sala bilmirəm ki, mən indi Böyük Qurtuluş Partiyasının sədriyəm və partiyamın tərəfdarlarının istədiyi formada siyasət aparıram. Artıq mən "cəbhəçi"nin arzusu ilə siyasət aparmıram. Bunu bəzilərinə başa salmaq çətin olur. Bunu dəyişmək Azərbaycan cəmiyyətində çox sançılı, ağrılı gedir. Biz də müəyyən debatlar formasında mövqeyimizin haqlılığını çatdırmaq istəyirik.

Digər tərəfdən partiyanın siyasətə aktiv qatılması üçün partiya stimullaşdırılmalıdır. Məsələn, proporsional sistem müəyyən olunur, partiya artıq seçkiyə partiya proqramı ilə qatılır. Əhali ayrı - ayrı adamların yox, partiyanın adını eşitməyə başlayır. Konkret partiyanın mövqeyi cəmiyyət üçün daha cəlbedici olur. Partiyanın proqramını, fikirlərini, kadrlarını görür.

- Belə olan halda indiki şəraitdə BQP öz proqramını cəmiyyətə necə çatdırır?

- Biz məram və proqramımızı cəmiyyətə çatdırırıq. Məsələn, mən bir partiya sədri olaraq BQP-nin mövqeyini xalqa çatdırıram. Həm də mənim mövqeyim bir çox hallarda Böyük Qurtuluş Partiyasının ümumi kursunu izah edəcək bir mövqedir. Amma bu, həm də debatlar şəklində olmalıdır ki, hamı cəmiyyət qarşısında öz potensialını ortaya qoya bilsin.

-Tez-tez müzakirə mövzusuna çevrilən məsələlərdən biri də iqtidar-müxalifət dialoqudur. Konstruktiv müxalifət partiyası olaraq iqtidarla sizin dialoqunuz varmı?

-Yox, iqtidar ilə dialoqumuz yoxdur. İqtidarda olan ayrı -ayır şəxslərlə normal münasibətlərimiz var. Amma bu, instiusional bir münasibət deyil. Əslində, partiyalararası bir dialoq mühiti olmalıdır. O mühitin yaranması üçün kimlərsə fədakarlıq etməlidir. Biz də əlimizdən gələn fədakarlığı edirik və edəcəyik.

- Bəs radikal düşərgədə, konkret halda İctimai Palatada yer alan qüvvələr dialoq üçün hansısa fədakarlıqlar edirlər?

İctimai Palatadan olan qüvvələr də dialoqa köklənən siyasi platformanı ortaya qoymurlar. Onlar özləri də dialoqda maraqlı deyillər. Əslində, daloqun baş tutması onlara verilən gözəl bəhanədir. Lakin əgər bəhanə varsa, bu bəhanənin ortadan qaldırılması üçün mütləq müəyyən addımlar atılmalıdır.

- Son günlərin ən aktual müzakirə olunan mövzularından biri də Rusiyada bir qrup zəngin azərbaycanlılar tərəfindən yaradılan "milyarderlər ittifaqı" ilə bağlıdır. Qurum, onun fəaliyyəti barədə müxtəlif fikirlər dolaşır. Siz bu qurumun fəaliyyətini necə qiymətləndirirsiniz?

- Rusiyada yaranan "milyarderlər ittifaqı"nın formatı birbaşa prezident Vladimir Putin tərəfindən diqtə olunub və həmin ölkənin xüsusi xidmət orqanlarının yönləndirdiyi formatdır. Buna heç bir şübhəm yoxdur. Qurumda olanlar da Moskvanın ona diqtə etdiyini yerinə yetirməyə bilməzlər. Təsəvvür edin ki, o azərbaycanlı milyaderlərin hər bir imkanları var. Amma Putin onları çağırır və deyir ki, belə bir formatda təşkilat qurmalısınız. Həmin qurulan formatın ardı da Azərbaycanda öz əksini tapmağa başlayır. Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi yaranır, ardınca şimalda separatçı dərnəklər hərəkətə keçir. Bunların hamısı səbəbsiz deyil. Bunun da kökündə Azərbaycanın daxili ilə bağlı məsələlər dayanır. Ölkədə dialoq mühiti olmadığına görə, Rusiyanın atdığı təhlükəli addımlar sanki, hakimiyyətdən başqa heç kimə aid olan məsələ deyil. Halbuki Rusiya təhlükəsi varsa, onun bədələni hamımız ödəyəcəyik. Kənardan ölkəyə müdaxilə təhlükəsini önləmək üçün daxildə mütləq uzlaşma yolu tapılmalıdır. Çünki, heç kəs, hətta ən qatı müxalifətçi belə istəməz ki, Rusiya yenidən Azərbaycanı işğal etdin. Ona görə də bir uzlaşmaya gəlmək lazımdır ki, hamı bu mövzuda bir - birinə dəstək vesin. Təəssüf ki, bu, yoxdur. Sanki, bu, təkcə hakimiyyətin problemidir. Amma əslində, bu, bütün Azərbaycan qarşı olan bir prosesdir.

- Putinin yenidən hakimyyət başına gəlməsindən sonra Rusiyanın Azərbaycana qarşı radikallaşmasının səbəbi nədir?

- Səbəb Yaxın Şərqdə Rusiyanın mövqelərinin tam əlindən çıxmasıdır. Yaxın Şərq Rusiyanın əlindən çıxdıqdan sonra onun yumruğu hara dəyə bilər? Təbii ki, Gürcüstan, Azərbaycan, Moldova, Orta Asiyaya. Yəni harada münaqişə ocaqları var, orada Moskva daha çox od qalamağa çalışacaq. Azərbaycanda bunu önləmək üçün isə hamı zərbəni eyni nöqtəyə vurmalıdır.
Sizin Reklam Yeriniz