Əlaqə Arxiv
news Image
2016.04.03
10:30
| A A A
Meyvə-tərəvəz üzərindəki etiketin mənası nədir? - Bunu bilməlisiniz

Bu yaxınlarda meyvə-tərəvəz üzərindəki etiketlərin mənası ilə bağlı məlumat yayılıb. Məlumatda bildirilir ki, etiket üzərindəki rəqəmlərdən bu məhsulun Geni Motifikasiya Olunmuş, yoxsa təbii olduğunu müəyyən etmək mümkün olur.Bu məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinə müraciət etdik.Movqe.az bildirir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin direktoru Yaqub İbrahimov məsələ ilə bağlı atv.az-ın suallarını cavablandırıb:


- Məlumata görə, meyvə-tərəvəzlərin üzərinə vurulan etiketlərdəki rəqəmlərin öz mənası var. Həmin rəqəmlər nəyi ifadə edir? Bununla bağlı yayılan məlumat nə dərəcədə doğrudur?


- Gündəlik həyatda istifadə etdiyimiz meyvə və tərəvəzlərdən bir çoxunun üzərində etiket var. Bəzi insanlarda belə bir təsəvvür var ki, məhsullar üzərində həmin etiketlərdən varsa, deməli, xaricdən gətirilib və tərkibində hansısa dəyişiklik edilib. Əslində isə istehsalçı bu etiketi vurmaqla, öz məhsulunu markalayır. Belə ki, süd məhsulları və ya makaron alarkən istehlakçı hər zaman onların kim tərəfindən istehsal edildiyini müəyyənləşdirə və yalnız bundan sonra məhsulu seçə bilər. Ayrı-ayrı yapışdırma etiketlər üzərində tərəvəz və ya meyvə haqqında şifrlənmiş məlumatın yer aldığı QR-şifr və ya ştrix-kod var. Bu məlumatları satıcı açıqlaya bilər və ya alıcı özü şifrləri açıqlayan mobil tətbiqetmə vasitəsilə məhsul haqqında istənilən məlumatı öyrənə bilər.


Bəzi stikerlər üzərində rəqəmsal şifr göstərilib. Əgər bu şifr 4 rəqəmdən ibarətdirsə, deməli, məhsul təbii şəraitdə yetişdirilib. Əgər bu şifr beş hədlidirsə, o zaman ilk rəqəmə diqqət yetirmək lazımdır. Bu, 8 rəqəmlidirsə, o zaman adıçəkilən məhsul gen mühəndisliyi və ya GMO texnologiyasından istifadə edilməklə yetişdirilib. Yaxud 9 rəqəmlidirsə, deməli, meyvə və ya tərəvəz təbii şəraitə maksimal səviyyədə yaxınlaşdırılan orqanik texnoloji proseslərə uyğun şəraitdə yetişdirilib. Bu şifrlər başqa heç nə ilə fərqlənmir. Belə ki, bananın üzərində 4011 və ya 94011 rəqəmlərinə rast gəlmək olar. Həmin rəqəmlər meyvə orqanik texnologiyalarla yetişdirildikdə əks olunur. Kivini 4030, almanı isə 4130 şifri ilə qeyd edirlər.


- Digər bir məlumata görə, meyvə və tərəvəzlər üzərindəki etiketlər yeməlidir. Ancaq çox adam buna inanmır. Bu doğrudurmu, yapışqanlı maddə ilə vurulan kağız insan səhhəti üçün zərərli deyil?


- İstehsalçılar bütün etiketlərin yeyilməsi mümkün olan kağızdan hazırlandığını iddia etsələr də, bu, etiketlərin hər zaman yeyilməsi anlamına gəlmir. Meyvə və tərəvəzləri aldıqdan sonra üzərindəki etiketlərin qoparılaraq süfrəyə verilməsi daha məqsədəuyğundur. Etiketi məhsulun üzərindən skotç parçası vasitəsilə də tez və izsiz qoparmaq mümkündür. Skotçu stikerdən yuxarıya yapışdırmaq lazımdır, bundan sonra etiket skotçla birlikdə qopacaq.

P.S. Aşağıdakı videoda bunu daha aydın görə bilərsiz.


- Bir də məlumatlarda bildirilir ki, yaxın gələcəkdə həmin etiketlər lazer oyma ilə əvəzlənə bilər. Bu üsul xüsusilə Avropa və ABŞ-da məşhurluq qazanıb. Bu doğrudurmu?


- Bəli, doğrudur. Çünki, belə markalama üsulu olduqca asandır. Belə ki, lazer şüasının təsiri altında qabıq üzərində kiçik dərinləşmə yaranır. Bu texnologiyanın ixtiraçıları belə markalama üsulu vasitəsilə istənilən mətni yazmağın mümkün olduğunu söyləyirlər. Bu izlər dəmir oksid və hidroksid vasitəsilə açılır. Onlar meyvə qabığının altına keçmir. Hələlik bu üsul ən çox banan, yemiş, nar və portağal üçün istifadə edilir.


- Hazırda ölkəyə GMO məhsullar gətirilirmi? Gətirilirsə, hansı ölkələrdən?


- Son bir ildə Azərbaycanda Genetik Modifikasiya Olunmuş (GMO) bitkilərin becərilməsi və onlardan istifadə olunması məsələsi KİV-də geniş müzakirə olunur və idxal olunan istənilən yeni bitki sortları "GMO" sayılır. Halbuki bunu sübut edəcək heç bir elmi araşdırma aparılmayıb. Azərbaycan Genetik modifikasiya olunmuş Bitkilər üzrə Ekspert Şurasının Azərbaycanda apardığı monitorinqlər nəticəsində də GMO bitkilər aşkar edilməyib. Bununla belə, Azərbaycana idxal olunan bitki və bitkiçilik məhsulları, o cümlədən də əkin materialları Dövlət Fitosanitar Nəzarəti Xidmətinin xüsusi icazəsi (İdxal Karantin İcazəsi) əsasında həyata keçirilir. İxracatçı ölkələr qarşısında Azərbaycanın tələblərindən biri də, ölkəyə gətirilən əkin materiallarının GMO olmamasıdır.


- GMO məhsullarının gətirilməsinin qarşısını almaq üçün hansı işlər görülür?


- Ölkədə genetik modifikasiya olunmuş orqanizmlərin və onlardan istifadə olunmaqla hazırlanmiş məhsulların aşkar edilməsi üçün Dövlət Fitosanitar Nəzarəti Xidmətinin tabeliyində olan laboratoriyaların bazasında Respublika Karantin Ekspertiza Mərkəzi və Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzləri yaradılıb. Eyni zamanda, Dövlət Xidməti tərkibində Genetik Modifikasiya Olunmuş (GMO) orqanizmlərin təyini üzrə laboratoriya otağında avadanlıqların yerləşdirilməsi və əməkdaşların təlimi prosesləri başa çatdırılıb. Bütövlükdə, laboratoriyalarda yenidənqurma işlərinin bu ilin ortalarına qədər tam yekunlaşdırılması nəzərdə tutulub. Bundan başqa, Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsində və Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunda laboratoriyalar qurulub.

Sizin Reklam Yeriniz