Əlaqə Arxiv
news Image
2011.11.30
12:33
| A A A
İKT-nin dinamik tərəqqisi Azərbaycanın regional lider mövqelərini daha da gücləndirir
İltimas Məmmədov:

Bu gün dinamik inkişaf tempinə malik Azərbaycan istər ictimai-siyasi, istərsə də sosial-iqtisadi sferada özünün sürətli yüksəliş dövrünü yaşamaqdadır. Tərəqqisi müasir dünya çağırışlarına cavab verən, qloballaşma dövrünün tələbləri ilə səsləşən ölkəmizdə prioritet sahələrdən biri də informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqidir. Azərbaycan bu istiqamətdə bir çox nailiyyətlər əldə etmişdir. Rabitə və informasiya texnologiyaları nazirinin müavini, texnika elmləri üzrə fəlsəfə doktoru İltimas Məmmədov da "Mövqe" qəzetinə müsahibəsində ölkəmizdə İKT sektorunda genişmiqyaslı işlər görüldüyünü bildirir:

- Ölkəmizdə İKT sektorunda yaşanan mövcud dinamik inkişafa son illərdə bu sahə üzrə qəbul edilmiş müvafiq sənədlər və dövlət proqramlarının, ən əsası isə "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)"nın tələblərindən irəli gələn, qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi nəticəsində nail olunub. Bu gün Azərbaycanda yaşanan inkişaf məqsədli, proqramlı şəkildə görülən işlərin ardıcıl, biri-birini tamamlayan mərhələlər üzrə yerinə yetirilməsi nəticəsində əldə edilib.

Həyata keçirilən tədbirlər, görülən işlər sayəsində ölkənin telekommunikasiya şəbəkələrinin tam olaraq modernləşdirilməsi artıq başa çatdırılmışdır. Bunun özü kifayət qədər ağır və mürəkkəb prosesdir. Nəzərə almaq lazımdır ki, bu həm də elektron hökumətin formalaşdırılması, informasiya texnologiyaları sahəsində sürətli inkişafın yaşanması üçün ən vacib elementlərdən biridir və bu mərhələ uğurla başa çatdırılmışdır. Telekommunikasiya şəbəkələrində ən yeni nəsil texnologiyalar tətbiq edilmişdir. Təbii ki, bütün bunlar üçün həm böyük maliyyə vəsaiti, həm də genişmiqyaslı texniki işlərin görülməsi tələb olunurdu. Gərgin əmək sayəsində Azərbaycan rabitəçiləri bu missiyanın öhdəsindən uğurla gəldilər. İndi ölkəmizdə ən ucqar kəndlər belə daxil olmaqla bütün bölgələrdə - elektron tipli ATS-lər qurulmuşdur. Rayonlar, şəhərlərarası rabitədə də yeni nəsil texnologiyalara keçilib. Bu görülən işlər bizə rabitə şəbəkələrində yeni nömrələmə sisteminin tətbiq olunmasına imkan verdi. İndi ölkənin bütün ərazilərində vahid nömrələmə sistemi tətbiq olunur. Kəndlərimizdə, şəhərlərimizdə, paytaxt Bakıda da, mobil rabitə sektorunda da 7 rəqəmli nömrələmə sistemindən istifadə olunur. 2011-ci il avqustun 1-dən keçdiyimiz bu yeni sistem Beynəlxalq Telekommunikasiya İttifaqının nömrələmə ilə bağlı tələb və prinsiplərinə tam cavab verir. MDB məkanında yalnız Azərbaycan ilk olaraq belə bir möhtəşəm nailiyyətə imza atıb. Nümunə üçün Rusiyanın vahid nömrələmə sisteminə keçidi ən yaxşı halda 2014-2015-ci ildə başa çatdıracağı proqnozlaşdırılır.

Bununla yanaşı, ölkəmizin əksər ucqar rayonlarına, məsələn, Lerik, Yardımlı, Neftçala rayonlarına optik xətlərin çəkilməsi başa çatdırılıb, digər uzaq hesab edilən rayonlara analoji xətlərin çəkilməsi üzərində fəal iş gedir. İnternetdən istifadənin geniş vüsət alması baxımından da bu məsələ xüsusi diqqət mərkəzindədir. Ölkəmizin ucqar kəndlərində belə cari ilin sonuna kimi genişzolaqlı internetdən istifadə edilməsi üçün müvafiq layihə hazırlanmaqdadır. Burada optik xətlərin çəkilişi, həmçinin digər imkanların genişləndirilməsi, avadanlıqların təkmilləşdirilməsi nəzərdə tutulur. Ölkənin regionlarında olan inkişaf, zavod və fabriklərin işə düşməsi, yeni iş yerlərinin açılması, təbii olaraq burada sürətli internetə böyük tələbat yaradır. Digər tərəfdən regionlarda yüksəksürətli internetin olmasını özü yeni iş yerlərinin açılmasına rəvac verir. Bizim əsas məqsədlərimizdən biri də internet istifadəçilərinin sayı baxımından Bakı ilə regionlar arasında "rəqəmli fərq"in aradan qaldırılmasına nail olmaqdır. Bunlarla yanaşı, Azərbaycan poçtunun modernləşməsi, burada hətta bank-maliyyə xidmətlərinin göstərilməsi, elektron xidmətlərdən əhalinin istifadəsinə şərait yaradılması üçün tədbirlər görülüb. Faktdır ki, Azərbaycan coğrafiyası üzrə ölkənin bütün sahəsini əhatə edən, ən geniş şəbəkəyə malik olan xidmət sahəsi poçtdur. Bu gün Azərbaycan poçtu vasitəsi ilə istənilən şəxs dövlət qurumu ilə çox asan şəkildə müxtəlif formalı təmaslar yarada bilər. Azərbaycan poçtu indi təkcə MDB yox, daha geniş məkanda nümunə göstəriləcək bir səviyyəyə çatmışdır. Poçtlarımız texniki olaraq modernləşib, infrastrukturu müasir tələblərə uyğunlaşdırılıb, onlar üçün yeni texniki avadanlıqlar, avtomobillər alınıb. Bölgələrdə, kəndlərdə modern poçt binaları tikilib istifadəyə verilib və bu proses davam etdirilir. Gələn ilin ilk yarısına kimi isə bu prosesin tam başa çatdırılması nəzərdə tutulur. Bununla da ən ucqar kəndlərimizdə də elektron xidmətlərə çıxış üçün lazımi şərait yaradılacaqdır. Görülən işlərin miqyası genişdir və onların hamısının qeyd edilməsi böyük zaman tələb edir.

-İKT sahəsində yaşanan bu dinamik inkişaf dövlətə və sadə vətəndaşa nə vəd edir?

- Təbii ki, texniki baxımdan həyata keçirilən bu işlər son nəticədə elektron hökumətin qurulması, elektron xidmətlərə keçid, elektron həllərin reallaşmasına möhkəm zəmin yaradır. Müasir inkişafın əsas tələblərindən biri məhz budur. İnsanların dövlət orqanları ilə elektron əlaqəsinin yaranması, elektron imzadan istifadə etməsi, digər elektron xidmətlərdən faydalanması zamanın tələbidir. Elektron xidmətlər vətəndaşın işini asanlaşdırır, onun vaxtdan səmərəli istifadə etməsinə səbəb olur. Vətəndaş təqaüdə çıxmaq, evini satmaq, telefon çəkdirmək, hansısa dövlət qurumuna müraciət etmək və bu qəbildən olan digər işlər görmək istəyirsə, bilavasitə dövlət qurumuna getmək, yaxud kənddən rayon mərkəzinə və ya paytaxta gəlmək üçün ehtiyac yoxdur. Artıq buna müasir informasiya texnologiyaları yardımçı olur, vətəndaş elektron hökumət portalına daxil olaraq müvafiq əməlləri həyata keçirərək öz istəyinə çata bilir. Elektron xidmətlərin tətbiqi isə məmur-vətəndaş arasında birbaşa təması aradan qaldırır, belə olan halda bürokratik əngəllərin yaradılması mümkünsüzləşir.

Bütün bunlar qəbul edilmiş Dövlət və Fəaliyyət Proqramları, digər normativ aktlar, xüsusən də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23.05.2011-ci il tarixli fərmanında qarşıya qoyulan tələb və vəzifələrin icrası sayəsində reallaşır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) əsas icraçı orqan olaraq elektron hökumət infrastrukturunun vacib tərkib hissəsi olan informasiya mübadiləsi sisteminin formalaşmasını uğurla başa çatdırıb. 8 dövlət qurumu artıq bu infrastruktura qoşulub və onların təqdim etdikləri xidmətlər elektron hökumət portalına inteqrasiya olunmuşdur. Məsələn, RİTN ilkin mərhələdə telefonların çəkilişi və digər əlaqəli servis xidmətlərini elektron şəkildə təşkil etmişdir. Hazırlıq səviyyəsindən asılı olaraq digər dövlət orqanları da tədricən bu sistemə qoşulacaqlar və göstərilən xidmətlərin sayını getdikcə artıracaqdır.



Elektron imzaların zəruriliyi gündəlik tələbata çevriləcək



- Nazirlik tərəfindən edilən daha bir yenilik elektron imzanın tətbiqi ilə bağlı oldu. Kifayət qədər vacib sayılan bu yenilik və onun mahiyyəti barədə nə deyə bilərsiniz?

-Bəli, bu günlərdə ölkədə elektron imzanın tətbiqinə start verildi. Dövlət qurumlarına elektron imzadan geniş istifadə olunması, vətəndaşlara elektron xidmətlərin təqdim edilməsi zamanı elektron imzadan edilməsi üçün müvafiq tövsiyələrimizi vermişik. Düzdür, elektron imzadan istifadə etmək üçün müəyyən şərtlərin yerinə yetirilməsi mühümdür, yəni vətəndaşın elektron imza yaratması üçün vasitələri və internetə çıxışı olmalıdır. İmza sertifikatına malik olan vətəndaşın müvafiq dövlət orqanına müraciəti zamanı onun kimliyi müəyyən olunur və bu müraciətin etibarlılığı təmin edilir. Bununla da vətəndaş zəruri olan elektron xidmətlərdən yararlanmaq imkanı qazanır.

Onu da qeyd edim ki, Azərbaycan elektron imza və elektron sənəd, elektron ticarət və bu kimi istiqamətlərdə qanunvericilik bazasının yaradılmasında MDB-nin öncüllərindəndir. RİTN-nin saytına adaxil olmaqla bütün bu qanunvericilik bazası ilə tanış olmaq olar.

Əsas məsələlərdən biri vətəndaşların elektron imza yaratma vasitələrini haradan əldə edə biləcəyidir. Müxtəlif ölkələrdə bununla bağlı fərqli yanaşmala da mövcuddur və biz bu təcrübəni öyrənərək ən optimal, ən asan variantı seçdik. Artıq poçt filiallarına müraciət etməklə bu imkandan istifadə etmək mümkündür. Növbəti mərhələdə digər yerlərdə də bu xidmətlərin göstərilməsinə baxıla bilər. Qeyd edim ki, bu xidmətlərin qiyməti də kifayət qədər aşağıdır və güzəştli qiymətlər tətbiq etməklə vətəndaşlarımızın elektron imzalardan geniş istifadəsinə nail olmaq istəyirik. Vətəndaşlar 1 illik elektron imza sertifikatları üçün ƏDV daxil olmaqla, o cümlədən kart ilə birlikdə cəmi 14 manat, 3 illik isə 30 manat ödəyəcəklər.

Dövlət qulluqçuları üçün bu qiymət 135 manat, biznes qurumlar üçün 168 manat müəyyənləşdirilmişdir.

Bu, qonşu ölkələrdəki qiymətlərdən çox aşağıdır. Bu məbləğlər yanvarın 15-nə kimi qüvvədə olacaqdır və sonra tələbata uyğun olaraq gözdən keçiriləcəkdir.

Elektron imzanın tətbiqi vətəndaşlara nə verir? İlk növbədə şəxs artıq istənilən dövlət qurumunun xidmətindən istifadə imkanı qazanır, məsafədən belə istənilən müqavilə bağlaya bilər. Yəni deyək ki, şəxs Bakıda iş yerində, evində oturmaqla Gəncədə digər şəxslə, təşkiltla istədiyi müqaviləni, əqdləri bağlaya bilər və bağlanmış sənədlər hüquqi qüvvəyə malikdir. Ölkədə müxtəlif sahələrdə elektron xidmətlər göstərildikcə elektron imzaların zəruriliyi gündəlik tələbata çevriləcək.

- Dediklərinizdən aydın olur ki, ölkəmizdə İKT-nin tətbiqi sferası genişdir. Nazirlər Kabinetinin cari ilin ilk yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev qarşıya belə bir vəzifə qoydu ki, 2025-ci ilə qədər İKT-dən əldə olunan gəlirlər neft sektorundan gələn gəlirlərə çatmalıdır. Bir mütəxəssis olaraq bu barədə nə deyə bilərsiniz?

- Ölkə Prezidenti cənab İlham Əliyev digər sahələrdə olduğu kimi, İKT sektorunun inkişafını xüsusi diqqət mərkəzində saxlayır və dövlət başçısının bu sahəyə xüsusi yanaşması var. Ölkəmizdə İKT-nin sürətli inkişafının kökündə dayanan ən vacib amillərdən biri də məhz budur. Dünya miqyaslı İKT şirkətləri də Azərbaycan Prezidentinin bu sahəyə xüsusi yanaşmasını aydın görür və onlar bundan daha da ruhlanaraq Azərbaycanda işləməyə can atırlar.

İKT sektorunda görülən işlərin miqyası isə təkcə ölkə daxilində atılan addımlarla məhdudlaşmır. Yenə də cənab Prezidentin tapşırığı ilə İKT sahəsində bir çox regional layihələr həyata keçirilir. Həmin layihələrdən əldə olunan gəlirlər ölkə daxilində alınan gəlirlərə əlavə olunduqda qarışdakı illər ərzində İKT-dən ölkəmizin daha böyük miqdarda qazanc əldə edəcəyini qətiyyətlə söyləmək olar. Həmin gəlirlərin neft gəlirlərinə gəlib çatacağı proqnozlaşdırılır.

- Azərbaycan hansı regional İKT layihələrinin təşəbbüskarıdır?

- Həmin layihələrdən danışarkən ilk olaraq Trans-Avrasiya Super İnformasiya Magistralının (TASİM) adını çəkmək olar. Artıq BMT tərəfindən də qəbul olunan və dəstəklənən layihənin icrası istiqamətində işlər görülür. Bu layihənin icrası Azərbaycana böyük gəlirlər vəd edir. Bundan başqa, ölkədə beynəlxalq data mərkəzlərinin yaradılması nəzərdə tutulur və bu, təkcə Azərbaycan üçün yox, bütün region üçün olduqca əhəmiyyətlidir.

Həmçinin bilindiyi kimi, Azərbaycan ilk dəfə olaraq öz telekommunikasiya peykini orbitə buraxmağa hazırlaşır və gələn ilin sonunda bu, baş verəcək. Özü də Azərbaycan bir peyklə kifayətlənməyəcək. Prezident İlham Əliyev Nazirlər Kabinetinin cari ilin ilk yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bildirdi ki, Azərbaycan özünün ikinci telekommunikasiya peykini də orbitə çıxaracaq. Buraxılacaq peyk Afrikanın şimal şərq hissəsindən tutmuş Avropanın böyük bir hissəsinə qədər geniş coğrafiyanı əhatə edir. Bu zonada Azərbaycan peykinin xidmətindən istifadə olunması ölkəmizə yeni imkanlar, iqtisadi səmərə vəd edir. Bunlara paralel olaraq ölkəmizdə proqram təminatı məhsullarının istehsalı və xaricə ixracı üzrə işlər görülür. Bilirsiniz ki, artıq Azərbaycan proqram məhsulu Asiya, Baltikyanı ölkələrə və bəzi digər dövlətlərə ixrac edilir. Ölkəmizdə texnoparkların yaradılması istiqamətində böyük işlər görülür.

- Dünyada artıq inkişafın Azərbaycan modelindən danışılır. Bu kontekstdə İKT sahəsində dünya üçün Azərbaycan nümunəsinin də yaranmasından danışmaq olarmı?

- Bəli, həqiqətən də indi inkişafın Azərbaycan modelindən geniş bəhs olunur. Konkret olaraq İKT sahəsinə gəlincə, bir mütəxəssis olaraq deyə bilərəm ki, həm region, həm də daha geniş coğrafi məkanda Azərbaycan bu sfera üzrə həqiqətən nümunəvi rol oynayır. Əgər əvvəllər müvafiq beynəlxalq təşkilatlar bu sahədə Azərbaycana öz tövsiyələrini verirdilərsə, indi artıq bizim mütəxəssisləri digər ölkələrə ekspert qismində dəvət edirlər. Bu gün Azərbaycan o səviyyədədir ki, bir çox mütəxəssislərimiz artıq məsləhətçi, ekspert qismində müxtəlif ölkələrdə həyata keçirilən layihələrdə iştirak edirlər. Azərbaycanda güclü kadr potensialı mövcuddur və daim bu potensial gücləndirilir.

Musahibəni aldı: Rasim

Sizin Reklam Yeriniz