Movqe.Az AzərTAc-a istinadən xəbər verir ki, mayın 10-da Bakıda Heydər Əliyev Mərkəzi açılıb, ulu öndərin anadan olmasının 89-cu ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 8 illiyi münasibətilə təntənəli mərasim keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak edib.
Dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib.
Dünya arxitekturasının nadir incilərindən olan Heydər Əliyev Mərkəzinin quruluşunda Bakının memarlıq koloriti dəqiqliklə nəzərə alınıb. Dünyada bənzəri olmayan Mərkəzin yaradılması ideyasının arxitekturada mükəmməl formada əks olunması onun quruluşuna xüsusi özəllik verir. Ümummilli liderin azərbaycançılıq fəlsəfəsinin təbliği, gələcəkdə Azərbaycan vətəndaşlarının dünyada gedən müasir proseslər çərçivəsində Vətəninin və xalqının taleyi ilə bağlı genişmiqyaslı layihələrdə iştirakının, onların arzu və istəklərini gerçəkləşdirmək əzminin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edən Heydər Əliyev Mərkəzinin inşası Azərbaycanın müasir reallıqlarını əks etdirir. Bununla yanaşı, ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisəyə çevriləcək bu mədəniyyət ocağının yaradılması Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin miqyasını və əhəmiyyətini göstərir.
Prezident İlham Əliyev mərasimdə çıxış edib.
Heydər Əliyev
Mərkəzini nadir memarlıq abidəsi adlandıran Prezident İlham Əliyev
bu kompleksin yaradılması ideyasından danışdı. Dövlətimizin başçısı
məşhur memar Zaha Hadidin layihəsi əsasında tikilən bu mərkəzin
müasirliyi ilə diqqəti çəkdiyini və çoxfunksiyalı olduğunu
bildirib, həm memara, həm də tikintidə iştirak edən bütün insanlara
təşəkkür etdi. Dəfələrlə tikintinin gedişi ilə maraqlandığını deyən
Prezident İlham Əliyev vurğuladı ki, bu mərkəz Azərbaycan
vətəndaşlarına yüksək səviyyədə xidmət göstərəcək.
"Bakı sürətlə gözəlləşir və inkişaf edir",- deyən Prezident İlham Əliyev bildirdi ki, müasirliklə qədimliyin vəhdət təşkil etdiyi paytaxtımızın bir çox məşhur rəmzləri var. İndi isə müasir Bakının yeni rəmzləri yaradılır və bu sırada Dənizkənarı Milli Park, Dövlət Bayrağı Meydanı, Alov qüllələri, "Kristal saray" və nəhayət Heydər Əliyev Mərkəzi var.
"Heydər Əliyev bütün
dövrlərdə öz xalqına xidmət edib", - deyən Prezident İlham Əliyev
ulu öndərin ölkəmizə rəhbərlik etdiyi illərdə gördüyü işlərdən
danışdı. Bildirdi ki, Heydər Əliyev ölkəyə rəhbərliyi dövründə
Azərbaycanın inkişafına çalışıb. Ulu öndər hakimiyyətdən
uzaqlaşdırılandan sonra Azərbaycan böyük problemlərlə üzləşdi,
Dağlıq Qarabağda separatçılıq meyilləri gücləndi, Qanlı Yanvar
hadisəsi, Xocalı soyqırımı baş verdi, torpaqlarımızın işğalı
prosesi başladı, ölkə gərgin ictimai-siyasi təzyiqlərlə üz-üzə
qaldı. 1993-cü ildə xalqın tələbi ilə ölkədə yenidən rəhbərliyə
qayıdan Heydər Əliyevin siyasi iradəsi, müdrikliyi, cəsarəti və
xalqın ona olan məhəbbəti sayəsində Azərbaycan üzləşdiyi
fəlakətlərdən xilas oldu. Ölkə tərəqqi dövrünə qədəm qoydu, bütün
sahələrdə inkişaf meyilləri gücləndi. Ona görə də Heydər Əliyev
müasir, müstəqil Azərbaycanın banisi və qurucusudur.
Son illərdə
Azərbaycanda həyata keçirilən siyasi-iqtisadi islahatlardan danışan
Prezident İlham Əliyev ölkədə demokratikləşmə prosesinin sürətlə
getdiyini diqqətə çatdırdı. İqtisadi sahədə əldə olunan mühüm
nailiyyətlərdən danışan dövlətimizin başçısı bildirdi ki, bu
uğurları beynəlxalq maliyyə qurumları da təsdiqləyir. Təsadüfi
deyildir ki, indi Azərbaycan güclü iqtisadiyyata və güclü orduya
malikdir. "Biz heç vaxt imkan vermərik ki, Azərbaycanın
suverenliyinə və inkişaf haqqına kimsə müdaxilə etsin", - deyən
Prezident İlham Əliyev ölkəmizin dünyada artan nüfuzundan danışdı.
Bildirdi ki, beynəlxalq təşkilatlarda prinsipiallığı ilə seçilən
Azərbaycanın bu mövqeyi xalqımızın milli maraqlarına, ədalətə və
beynəlxalq hüquqa əsaslanır. Dövlətimizin başçısı ölkəmizin BMT
Təhlükəsizlik Şurasına üzv seçilməsini 20 il müstəqil olan
Azərbaycanın diplomatik uğuru kimi xarakterizə etdi.
Sonra dünya
memarlığının nadir incilərindən olan Heydər Əliyev Mərkəzindən bəhs
edən film nümayiş olundu.
Filmdə Mərkəzin yaradılması ideyası, bu istiqamətdə həyata keçirilən tədbirlər, Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakının rəmzinə çevriləcək nadir memarlıq kompleksinin əhəmiyyətindən bəhs olunur.
Daha sonra Heydər Əliyev Fondunun fəaliyyətinin 8 illiyinə həsr olunmuş mərasim keçirilib.
Mərasimdə çıxış edən Fondun Prezidenti Mehriban xanım Əliyeva Heydər Əliyev Mərkəzinin açılışı münasibətilə təbriklərini çatdırdı və bu binanı ulu öndərin xatirəsini yaşadan abidə adlandırdı. Mehriban xanım Əliyeva çıxışında Heydər Əliyev Fondunun fəaliyyətindən danışdı, rəhbərlik etdiyi təşkilatın bir çox beynəlxalq layihələrdə uğurla iştirak etdiyini deyib.
Birinci xanım
Mehriban Əliyeva bu yaxınlarda Bakıda keçiriləcək "Eurovision-2012"
beynəlxalq mahnı müsabiqəsinin uğurla başa çatması üçün Heydər
Əliyev Fondunun imkanlarını əsirgəməyəcəyini dedi.
Daha sonra Heydər Əliyev Fondunun təhsil sahəsindəki fəaliyyətinə göstərdiyi böyük dəstəyə görə Litva Respublikasının Azərbaycandakı səfiri Kestutis Kudzmanas Fondun təsis etdiyi "Qızıl çinar" beynəlxalq mükafatı ilə təltif olunub.
Eyni mükafat beynəlxalq idman yarışlarında Azərbaycanı layiqincə təmsil etdiyinə görə əməkdar idman ustası İlham Zəkiyevə də təqdim edilib.
Sonra mərasim konsert proqramı ilə davam edib.