"Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir". Azərbaycan prezidenti İlham Əliyev bu fikri "Buta" sarayında 28 May - Respublika Gününə həsr olunmuş rəsmi qəbuldakı çıxışı zamanı işlədib.
Dövlət başçısı bildirib ki, Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır. Cümhuriyyətin müstəqilliyinin çox qısamüddətli olduğunu qeyd edən dövlət başçısı bu iki il ərzində böyük işlərin görüldüyünü, mühüm dövlət strukturlarının və atributlarının yaradıldığını vurğulayıb.
Cümhuriyyətin süqutundan sonra Azərbaycanda sovet dövrünün başlandığını qeyd edən prezident İlham Əliyev bütün çətinliklərə və ideoloji çərçivələrə baxmayaraq, o dövrün də Azərbaycan üçün uğurlu olduğunu bildirib.
Azərbaycanın 1991-ci ildə bərpa etdiyi müstəqilliyinin ilk illərinin çətin keçdiyini, həmin dövrdə hökm sürən anarxiya, xaos, hakimiyyətsizlik və özbaşınalığın ölkəmiz üçün böyük təhlükə olduğunu deyən prezident İlham Əliyev 1993-cü ildə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra bütün xoşagəlməz halların qarşısının alındığını, respublikada sabitliyin yarandığını, inkişaf dövrünün başlandığını, dövlətçiliyimizin əsaslarının formalaşdırıldığını və ümumi inkişaf strategiyasının müəyyənləşdirildiyini diqqətə çatdırıb.
Dövlət başçısı 1993-2003-cü illərdə ölkəmizin böyük, uğurlu yol keçdiyini vurğulayıb.
Bu gün Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmləndiyini, regional müstəvidə təsir imkanlarının artdığını, iqtisadiyyatın inkişaf etdiyini vurğulayan dövlət başçısı, digər sahələrdə də respublikamızın sürətlə inkişaf etdiyini deyib. Azərbaycan iqtisadiyyatının Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini təşkil etdiyini deyən prezident İlham Əliyev ötən il müstəqilliyinin 20-ci ildönümünü qeyd edən gənc respublikamızın 155 ölkənin etimadını qazanaraq BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini xarici siyasətimizin düzgün olduğunun bariz nümunəsi kimi səciyyələndirib. Qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz dünya birliyinin bizə olan münasibətini göstərir və hazırda Azərbaycan Təhlükəsizlik Şurasına sədrlik edir.
"Ölkə qarşısında duran əsas vəzifə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir", deyən prezident İlham Əliyev bu istiqamətdə heç bir nəticənin olmamasından təəssüfləndiyini vurğulayıb. Münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü prinsipi çərçivəsində həlli ilə bağlı nüfuzlu beynəlxalq təşkilatların kifayət qədər qətnamə və qərarlarının olduğunu diqqətə çatdıran dövlət başçısı bu istiqamətdə bir neçə gün əvvəl Çikaqoda keçirilən NATO zirvə görüşündə çox əsaslı və ədalətli qətnamənin qəbul edildiyini deyib.
"Bu gün iqtisadi inkişaf templərinə görə Azərbaycan dünya miqyasında lider ölkədir", deyən prezident İlham Əliyev beynəlxalq kredit agentlikləri tərəfindən Azərbaycanın kredit reytinqlərinin yüksək qiymətləndirildiyini bildirib. O qeyd edib ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi təmin olunur, neft və qazdan asılılıq azaldılır, özəl sektorun inkişafına böyük dəstək verilir. Hazırda iqtisadiyyatımızın 80 faizi özəl sektorda formalaşır.
Azərbaycanın qonşuları ilə beynəlxalq hüquq prinsipləri, qarışlıqlı hörmət və etimad əsasında, bir-birinin işinə qarışmamaq şərti ilə münasibət qurmağa çalışdığını deyən dövlət başçısı ölkəmizin bu yaxınlarda Qoşulmama Hərəkatına üzv olduğunu diqqətə çatdırıb. Prezident bildirib ki, bu təşkilatda Azərbaycana qarşı böyük rəğbət, inam var və ölkəmiz bu vəziyyətdən istifadə edib daha da çox dostlar qazanacaq.
Prezident İlham Əliyev ölkəmizin sosial-iqtisadi inkişafı və hüquqi-demokratik dövlət quruculuğu prosesinin bundan sonra da uğurla davam edəcəyini diqqətə çatdıraraq, Azərbaycan xalqını bir daha Respublika Günü münasibətilə təbrik edib.