Əlaqə Arxiv
news Image
2015.02.23
17:25
| A A A
Nazirlik narkomaniya ilə bağlı göstərişlər verib

Təhsil Nazirliyi qanun pozuntularına meylli olan yetkinlik yaşına çatmayanların yaşayış yerləri, işlədiyi və təhsil aldığı inzibati ərazilər üzrə yerli icra hakimiyyəti və bələdiyyələr, polis orqanları, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi, onların narkomaniya ilə bağlı profilaktiki tədbirlərlə əhatə olunması məqsədilə təhsil müəssisələrinin rəhbərlərinə müvafiq göstərişlər verib. Movqe.az-ın məlumatına görə, bu, Təhsil Nazirliyi tərəfindən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı təsdiq edilmiş Tədbirlər Planı ilə əlaqədar hesabatında əksini tapıb. Təhsil Nazirliyinin təhsil müəssisələrinin rəhbərlərinə göstərişlərində yerlərdə, xüsusən polis idarələrinin yetkinlik yaşına çatmayanlarla iş üzrə müvəkkilləri ilə daim əlaqədə olmağın, tibb işçiləri ilə birlikdə mütəmadi olaraq pedaqoji kollektivlərin görüşlərini təşkil etməyin zəruriliyi xüsusi qeyd olunub. Hesabatda nəzərə çatdırılır ki, təhsil nazirinin xüsusi göstərişi ilə hər il ənənəvi olaraq Bakı Şəhəri Müəllimləri Təkmilləşdirmə İnstitutunda "Narkomanlığın profilaktikası sahəsində təhsil müəssisələrinin rolu" mövzusunda elmi-praktiki konfrans keçirilir. Dövlət Proqramının Tədbirlər Planının müvafiq bəndinin icrası ilə bağlı narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədilə təhsil, gənclər və əmək təşkilatlarının əməkdaşları və valideynlər üçün Təhsil Problemləri İnstitutu tərəfindən "Məktəblilərin narkotik vasitələrdən qorunması yolları" adlı metodik vəsait və "Narkomaniyaya qarşı mübarizədə məktəb psixoloqlarının rolu" adlı metodik tövsiyələr hazırlanıb.

Eyni zamanda bir neçə ildir ki, BMT-nin Qlobal Fondunun maliyyə və YUNİSEF-in texniki dəstəyi ilə ümumtəhsil məktəblərinin I-XI siniflərində fakültativ məşğələlər üçün nəzərdə tutulmuş saatlar hesabına həftədə 1 saat olmaqla "Həyati bacarıqlara əsaslanan təhsil" adlı fakültativ kurs tədris olunur.

26 iyun BMT-nin "Ümumdünya narkotiklər əleyhinə mübarizə günü" ilə əlaqədar Təhsil Nazirliyi Səhiyyə Nazirliyi ilə birgə elmi-praktik konfransın keçirilməsini də  planlaşdırır. Bu istiqamətdə müvafiq təşkilati işlər yekunlaşmaq üzrədir.

Sizin Reklam Yeriniz