Əlaqə Arxiv
news Image
2012.08.14
12:27
| A A A
“İslamı terrorla bağlamaq cəhdləri böyük cinayətdir”
Prezident İlham Əliyev müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, bir neçə gündən sonra müsəlman aləmində müqəddəs Ramazan bayramının qeyd ediləcəyini deyən prezident İlham Əliyev bildirib ki, bayram ərəfəsində müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüş artıq ənənəyə çevrilib. 

İldən-ilə Azərbaycanda müsəlman ölkələrinin səfirliklərinin sayının artdığını diqqətə çatdıran dövlət başçısı qeyd edib ki, müsəlman ölkələri ilə sıx əməkdaşlığımız var. Hazırda bu əlaqələr ikitərəfli formatda bütün sahələri əhatə edir və daha da genişlənir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsində müsəlman ölkələrinin dəstəyini qeyd edən dövlət başçısı bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində də rəsmi Bakı daim müsəlman ölkələrinin dəstəyini hiss edir. Azərbaycan prezidenti deyib ki, dünyada Xocalı soyqırımını rəsmən tanıyan ilk ölkə də məhz müsəlman ölkəsi - Pakistan olub. Buna görə bu ölkənin rəhbərliyinə minnətdarlığını bildirən prezident deyib ki, ATƏT işğal olunmuş ərazilərə faktaraşdırıcı missiya göndərib və onlar da ermənilərin məscidləri və digər müqəddəs abidələri məhv etdiklərinin şahidi olublar. 
Dövlət başçısı bildirib ki, Azərbaycan İslam həmrəyliyinə böyük əhəmiyyət verir və Bakının da İslam mədəniyyətinin paytaxtı elan edilməsi İslam aləminin ölkəmizə verdiyi böyük dəstəkdir. O, Yaxın Şərqdə gedən proseslərlə bağlı dövlətimizin Ərəb Liqasının mövqeyini dəstəklədiyini vurğulayıb. Dünyada İslam haqqında yayılan şayiələrə qarşı birgə mübarizə aparmağın önəminə də toxunan prezident deyib: "İslamı terror ilə bağlamaq cəhdləri böyük günahdır, böyük cinayətdir".
Müsəlman ölkələrinin səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri adından çıxış edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç görüşə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. Qarşıdan gələn Ramazan bayramı münasibətilə dövlətimizin başçısına təbriklərini çatdıran səfir bu ayın müsəlman dünyası üçün kəsb etdiyi əhəmiyyətdən danışıb.

Sizin Reklam Yeriniz