Əlaqə Arxiv
news Image
2012.09.11
14:12
| A A A
"Biz bundan sonra da Ermənistanı bütün beynəlxalq və regional layihələrdən təcrid edəcəyik”
“Ermənistanın ağır iqtisadi vəziyyətinin səbəbkarı Azərbaycandır” "Azərbaycan üçün əsas problem torpaqlarımızın hələ də işğal altında qalmasıdır. Ermənistanın Azərbaycana qarşı təcavüzü, işğalçı siyasəti nəticəsində torpaqlarımız işğal altındadır". APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
Prezident bildirib ki, ermənilərin dünyadakı havadarlarının onlara verdikləri dəstəyin nəticəsində bu məsələ həllini tapa bilmir: "Baxmayaraq ki, məsələnin həlli üçün bütün imkanlar, bütün hüquqi baza var. Beynəlxalq təşkilatlar qərarlar, qətnamələr qəbul edib. Dünyanın aparıcı ölkələrinin liderləri bəyanatlar veriblər ki, indiki vəziyyət dözülməzdir və "status-kvo" dəyişdirilməlidir. Əfsuslar olsun ki, Ermənistan bu çağırışlara biganə qalır, beynəlxalq ictimaiyyət də onlara kifayət qədər güclü təzyiq və təsir göstərmir. Məsələnin həll olunmamasının səbəbi məhz bundan ibarətdir. Biz bundan sonra da ölkəmizi, beynəlxalq mövqelərimizi gücləndirəcəyik. Məsələnin həlli üçün hüquqi əsaslar kifayət qədər çoxdur və bu əsaslar Azərbaycanın mövqeyini müdafiə edir, dəstəkləyir. BMT, onun Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, digər beynəlxalq təşkilatlar qərarlar qəbul ediblər ki, bu qərarlar məsələnin həlli üçün yeganə yoldur".
Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünün bütün ölkələr tərəfindən tanındığını və bu məsələnin ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa biləcəyini vurğulayıb: "Məsələnin həlli ilə bağlı Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur, biz tutduğumuz yoldan dönməyəcəyik. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. İşğal edilmiş bütün torpaqlardan işğalçılar çıxarılmalıdır və çıxarılacaq, Azərbaycan vətəndaşları öz doğma torpağına qayıtmalıdırlar və qayıdacaqlar. Soydaşlarımız hazırda keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarından kənarda yerləşən bölgələrə və Dağlıq Qarabağa, Xankəndiyə, Şuşaya qayıdacaqlar. Mən buna əminəm, buna inanıram və mənim inamımı gücləndirən kifayət qədər çox amillər var: Beynəlxalq hüquq, Azərbaycanın iqtisadi qüdrəti, bizim hərbi potensialımız və siyasi müstəvidə Azərbaycanın artan çəkisi. Təkcə bir ilin tarixçəsinə nəzər salmaqla biz Azərbaycanın uğurlarını görə bilərik. Biz dünyanın ən mötəbər beynəlxalq təşkilatının - BMT Təhlükəsizlik Şurasınız üzvüyük. Bir neçə ay bundan əvvəl bu təşkilata sədrlik etmişik. Bu təşkilata 155 ölkənin dəstəyi ilə daxil olmuşuq.
Bu yaxınlarda 120 ölkə - Qoşulmama Hərəkatının üzvləri Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair qətnaməni dəstəkləyib. 120 ölkə dünya birliyinin əksəriyyətidir. Biz bir çox halda beynəlxalq aləm anlayışını eşidirik və bəzi təşkilatlar, bəzi qurumlar beynəlxalq aləm dedikdə özlərini nəzərdə tuturlar. Beynəlxalq aləm 20, yaxud 30 ölkəni birləşdirən məsələ deyil. Beynəlxalq aləm BMT-dir və BMT-də 155 ölkə bizi dəstəklədi. Beynəlxalq aləm Qoşulmama Hərəkatıdır. Orada 120 ölkə fəaliyyət göstərir. Onlar da bizi dəstəklədi. Yəni, beynəlxalq aləm bizim mövqeyimizi dəstəkləyir və əlbəttə ki, bu, bizə əlavə imkanlar verir, inamımızı artırır.
Bununla bərabər və xüsusi olaraq 20 ildir Minsk qrupu yaradılıb ki, bu məsələni həll etsin və məsələni həll edə bilmir, Ermənistana lazımi təzyiqi göstərə bilmir. Biz görürük ki, bu məsələ Azərbaycanın gücü hesabına öz həllini tapa bilər və tapmalıdır. Ona görə biz daha da güclü olmalıyıq. Biz ordumuzu daha da gücləndirməliyik və gücləndiririk. Hazırda Azərbaycan Ordusu nəinki bölgədə, dünya miqyasında qüdrətli orduların sırasındadır. Biz iqtisadi potensialımızı gücləndirməklə ölkəmizi irəliyə aparırıq. Bu bizə imkan verir ki, bütün məsələlərlə bağlı müstəqil siyasət aparaq. Biz xarici və daxili siyasətlə bağlı milli maraqlara söykənən qərarları qəbul edirik. Güclü Azərbaycan güclü regional amildir. Həm sabitləşdirici amildir, eyni zamanda, Azərbaycan ilə artıq regional məsələlərdə hesablaşmamaq mümkün deyildir. Azərbaycanla hesablaşmamaq cəhdləri heç bir nəticə verməyib və yaxın tarix bunu göstərir. Ona görə, nə qədər güclü olsaq, Azərbaycan öz ərazi bütövlüyünü bir o qədər tez bərpa edəcək.
Məsələnin həlli ilə bağlı bizim birmənalı mövqeyimiz var. Bu barədə mən dəfələrlə fikirlərimi bildirmişəm. İşğal edilmiş bütün torpaqlardan işğalçı qüvvələr çıxarılmalıdır, ondan sonra bölgədə sülh, əməkdaşlıq yarana və təhlükə mənbəyi aradan götürülə bilər. Hələ ki, torpaqlarımız işğal altındadır, bizim bir nömrəli hədəfimiz Ermənistandır.
Biz bundan sonra da Ermənistanı bütün beynəlxalq və regional layihələrdən təcrid edəcəyik. Bu siyasət öz səmərəsini verir və Ermənistanın ağır iqtisadi vəziyyətinin səbəbkarı Azərbaycandır. Bu, birmənalıdır. Ermənistandan onların rəsmi statistikasının göstəricilərinə görə, ilin birinci yarısında 80 min adam köçüb. İlin sonuna qədər bu, yəqin ki, ikiqat rəqəmə çatacaq. Azərbaycan əhalisi artır və 5-10 ildən sonra ümumiyyətlə, bu faizlər nisbəti birə on olacaq, bəlkə də ondan da az. Bu amillər onları düşündürməlidir. Onların ağır iqtisadi vəziyyəti, demoqrafik vəziyyət, bütün beynəlxalq məsələlərdən təcrid edilməsi onları narahat etməlidir.
Azərbaycan isə irəliyə gedir. Baxmayaraq ki, torpaqlarımız işğal altındadır, biz böyük uğurlara imza atırıq və bu uğurları artırırıq. Bir neçə gün bundan əvvəl mötəbər beynəlxalq iqtisadi qurum - Davos İqtisadi Forumu ölkələrin iqtisadiyyatlarının rəqabət qabiliyyətliyinə görə Azərbaycanı 46-cı yerə layiq görüb, MDB məkanında birinci yerdə. Bizim işimiz haqq işidir. Biz ədalətin bərpasını istəyirik və buna nail olacağıq. Bizim üçün, həm xarici siyasətimiz üçün, həm ümumiyyətlə, bizim gündəliyimizdə duran bir nömrəli məsələ torpaqlarımızın işğalçılardan azad edilməsidir. Gecə-gündüz çalışırıq və bu fəaliyyəti davam etdirəcəyik".
Sizin Reklam Yeriniz