Prezident ABŞ müdafiə nazirinin baş müşavirini qəbul edib
Azərbaycan Respublikasını Prezidenti İlham Əliyev yanvarın 17-də
ABŞ müdafiə nazirinin baş müşaviri xanım Ketlin Hiksin başçılıq
etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycana ilk
səfərindən məmnunluğunu ifadə edən ABŞ müdafiə nazirinin baş
müşaviri xanım Ketlin Hiks paytaxtımızın onda dərin təəssürat
yaratdığını dedi. Amerikalı qonaq Azərbaycanın Əfqanıstandakı
sülhməramlı missiyada iştirakının və bu missiyaya verdiyi töhfənin
ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini dedi. Xanım Ketlin
Hiks bildirdi ki, ABŞ ölkələrimiz arasında müdafiə sahəsində
əlaqələri daha da genişləndirməkdə və strateji əməkdaşlıq
səviyyəsinə çatdırmaqda maraqlıdır. O, bu sahədə əməkdaşlığımızın
istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı qarşılıqlı fikir
mübadiləsi aparılmasının önəmini qeyd etdi. Azərbaycan ilə ABŞ
arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından
məmnunluğunu ifadə edən dövlətimizin başçısı ölkələrimizin müdafiə
sahəsində əməkdaşlığının uzun tarixə malik olduğunu və razılıq
doğurduğunu vurğuladı. Müdafiə sahəsində əməkdaşlığın ikitərəfli
münasibətlərimizin inkişafındakı rolunu qeyd edən Prezident İlham
Əliyev bu əməkdaşlığın regional və enerji təhlükəsizliyi, eləcə də
sabitliyin möhkəmləndirilməsi baxımından önəmini vurğuladı.
Dövlətimizin başçısı Azərbaycan ilə ABŞ arasında ikitərəfli
əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən müdafiə sahəsində
daha da genişləndiriləcəyinə əminliyini ifadə etdi.