Əlaqə Arxiv
news Image
2017.12.02
11:17
| A A A
Bədənimizə yeridilən mənşəyi məlum olmayan preparatlar
Esmira Ələkbərova: «Bəzi işbazlar müxtəlif estetik mərkəzlər, gözəllik salonları ilə iş birliyi quraraq belə saxta preparatları satmağa müvəffəq olurlar» Elnarə Rzayeva: «Təəssüf ki, bu işlə məşğul olanların çoxu təsadüfi kosmetoloqlar yox, estetik klinikaları, gözəllik mərkəzləri olan ixtisaslı həkimlərdir»

Üz qırışlarından yaxa qurtarmaq, yaşlanmasına baxmayaraq, gənc, eləcə də müasir, baxımlı görünmək arzusu qadınları son illərin ən populyar kosmetoloji üsulu olan “botoks”a tələbatını artırıb. “Botoks” a olan tələb artdıqca, bu kosmetoloji xidməti təklif edən estetik mərkəzlərin də sayı artır.

Bu cür mərkəzlərin əksəriyyətində qırışların açılması üçün istifadə etdilən “botoks” preparatlarının, dolğuların keyfiyyətinin çoxsaylı fəsadlara səbəb olması, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsini də hərəkətə gətirib. Sözügedən qurumun apardığı istintaq-əməliyyat tədbirləri zamanı bu sahədə qanunsuz fəaliyyət göstərən, saxta “botoks” preparatları, dolğuları ölkəmizə idxal edən, satışını həyata keçirən işbazlar ələ keçib. Əməliyyat zamanı “Hayal Estetika və Məsləhətçilik” və “Bioderm” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin ofisləri və anbar kimi istifadə olunan saxlanc yerlərindən mənşəyi məlum olmayan, dövlət qeydiyyatından keçməyən “botoks” preparatları, süni dolğular, dərman həblərinin etiketləri aşkarlanaraq götürülüb. Bu faktlar bir daha estetik mərkəzlərdə, müxtəlif gözəllik salonlarında istifadə edilən “botoks” preparatlarının, dolğuların keyfiyyət problemini gündəmə gətirib. Hüquq mühafizə orqanının həyata keçirdiyi əməliyyat tədbirləri  xüsusilə qadınları bu cür kosmetoloji üsullardan faydalanarkən diqqətli olmağa, saxta preparatların qurbanına çevrilmə riskinin yüksək olduğu barədə bir daha xəbərdar edir. Bəs görəsən “botoks” və dolğu kimi cavanlaşdırıcı kosmetoloji üsullardan istifadə zamanı saxta preparatlar riskindən necə sığortalanmaq olar?

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Esmira Ələkbərova Movqe.az-a açıqlamasında sözügedən preparatların, həblərin dövlət qeydiyyatından keçməsinin vacib olduğunu söylədi.

Mərkəz sözçüsü deyir ki, bu gün tərkibi “botoks” olan bir neçə adda preparat dövlət qeydiyyatından keçib: “Qeyd edim ki, “botoks” həmin preparatın ümumi adıdır. “Botoks” tərkibli bir neçə adda  preparat dövlət qeydiyyatından keçmiş dərman preparatları siyahısına daxil edilib. Hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı isə, ancaq dövlət qeydiyyatından yayındırılaraq ölkəmizə qanunsuz yolla idxal olunan həblər, preparatlar, dolğular aşkarlanıb. Ona görə də xüsusilə qadınlar bu preparatlardan istifadə edilməklə yararlandıqları kosmetoloji xidmətlər zamanı çox diqqətli olmalıdırlar. İstifadə edilən “botoks” tərkibli preparatın dövlət qeydiyyatından keçib-keçmədiyini dəqiqləşdirməlidirlər. Həkim- kosmetoloqlar da bu məsələdə diqqətli olmalıdırlar ki, belə işbazlar tərəfindən ölkəyə qanunsuz idxal edilən, dövlət qeydiyyatından yayındırılan kosmetoloji preparatların istifadəçisinə çevrilməsinlər. Hazırda apteklərdə, estetik-mərkəzlərdə yoxlamalar ancaq şikayət daxil olduqda aparılır. Bəzi işbazlar bundan istifadə edərək müxtəlif estetik mərkəzlər, gözəllik salonları ilə iş birliyi quraraq belə saxta preparatları satmağa müvəffəq olurlar. Ona görə də bu cür hallarla rastlaşdıqda dərhal dövlət qurumlarına məlumat verilməlidir”.

Məşhur kosmetoloq Elnarə Rzayeva da qadınları “botoks”, dolğu və digər bu tip cavanlaşdırıcı kosmetoloji prosedurlardan istifadə zamanı diqqətli olmağa səsləyir. Həmsöhbətimiz bildirir ki, son dövrlər sadalanan kosmetoloji xidmətlərə tələbatın artması, bazara saxta məhsulların daxil olmasına, hətta bu işi özünə qanunsuz yolla qazanc mənbəyinə çevirən işbazların da sayını artırıb: “Təəssüf ki, bu işlə məşğul olanların çoxu təsadüfi kosmetoloqlar yox, estetik klinikaları, gözəllik mərkəzləri olan ixtisaslı həkimlərdir. Onlar süni dolğu, “botoks” tərkibli preparatların saxta variantlarından istifadə edərək, əldə etdikləri vəsaitlə öz “sahibkarlıq” fəaliyyətlərini genişləndirirlər. Özlərinə bir neçə belə estetik mərkəz, klinika açırlar. Elə həmin saxta preparatları da həmin mərkəzlərdə pasiyentlərə vuraraq külli-miqdarda qazanc əldə edirlər.

Mən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin həyata keçirdiyi bu əməliyyat tədbirlərini alqışlayıram. Çünki, bu cür kosmetoloji xidmətlərə tələbatın artması, artıq saxta məhsul satanların sayını da artırıb. Biz özümüz kosmetoloq kimi belə məhsulları çox çətinliklə ayırd edirik. Çünki, işbazlar “botoks” preparatlarının, dolğuların məşhur brendlərini belə çox məharətlə saxtalaşdırırlar. Onlar brend kosmetoloji preparatları vitrinə qoyaraq, onları göstərib, müştərilərə o məhsulların saxtalarını satırlar. Həmin preparatların, dolğuların etiketlərini bəzən o qədər məharətlə saxtalaşdırırlar ki, üzərindəki bir neçə hərf səhvindən məhsulun saxta olduğunu ayırd edə bilirsən. Təcrübəsiz kosmetoloqlar isə bunu ayırd edə bilmədiyindən ancaq pasiyentin üzündə fəsad üzə çıxdıqda preparatın saxta olduğunu öyrənirlər. Onda isə çox gec olur.

Qeyd edim ki, bu cür preparatların etiketi saxtalaşdırıldığından, brend məhsullara bənzədilir, qiymətlərdə də nəzərəçarpacaq fərq olmur. Halbuki, işbazlar brend mal adı altında satdıqları “botoks” preparatlarını, süni dolğuları 20-22 ABŞ dollarına Çindən ölkəmizə qanunsuz yolla gətirirlər. Brend firmaların preparatları ilə müqayisədə qiymət fərqinin az olması bəzən elə kosmetoloqları da aldadır. Onlar bu preparatlardan, dolğulardan istifadə etdikdən bir müddət sonra pasiyentdə ciddi fəsadlar üzə çıxır. Mən dəfələrlə müsahibələrimdə süni dolğularla bağlı xəbərdarlıq etmişəm. Süni dolğulardan dodağa və digər nayihələrə istifadə çox ciddi fəsadlar verir. Buna görə dodaq şişir, irinləyərək sağlamlığa zərər vuracaq həddə çatır. Həmin qadınlar mənə müraciət etdikdə süni gelin dodaqdan xaric edilməsinə nail oluruq.

Amma saxta “botoks” preparatlarından istifadə daha ağır fəsadlar verir. Bu zaman qaşın aşağı enməsi, göz qapağının bağlanması müşahidə olunur. Hətta saxta botoksdan sonra bəzən iki göz bir neçə ay bağlı olur. Bu, bəzi hallarda qeyri-peşəkar kosmetoloqların günahı, əksər hallarda isə keyfiyyətsiz, saxta “botoks” preparatlarından istifadə zamanı baş verir. Eləcə də süni doğulardan istifadə zamanı dodaqda həcm qalmır, əksinə fibrozlar yaranır. Bu cür süni gellərdən istifadə edən kosmetoloqlar pasiyentin özünü günahkar çıxardır. Hətta pasiyentə deyirlər ki, “dodağın geli yeyib”. Belə bir söz yoxdur. 3 qram geli dodaq mənimsəyə bilməz. Bu, o deməkdir ki, pasiyentə süni gel vurulub. Müştəri mənə müraciət etdikdə bəlli olur ki, dodaqda fibrozlar qalıb. Süni gellərdən istifadəyə qarşı biz mütəmadi KİV vasitəsilə marifləndirmə tədbirləri aparırıq. Hüquq mühafizə orqanlarının son əməliyyatı isə saxta botokslar məsələsini gündəmə gətirdi. Qeyd etdiyim kimi, təkcə süni gellər yox, elə saxta “botoks”lar da orqanizm üçün ciddi təhlükə yarada bilər. Üzdə sallanma, gözlərin bağlanması ilə yanaşı, bu zaman pasiyentdə uzun müddət davam edən baş ağrıları da müşahidə edilir. Ümumiyyətlə qeyd etmək istəyirəm ki, “botoks” preparatından istifadə zamanı preparatın orijinal olması ilə yanaşı, kosmetoloqun da peşəkar olması şərtdir.

“Botoks” preparatını sertifikatı olan, seminarlarda bir neçə dəfə iştirak edən kosmetoloqlar vura bilərlər. Tibbi təhsil ali səviyyədə olmasa belə, həmin kosmetoloqlarda tibbi biliklər orta səviyyədə olmalıdır”.

Həmsöhbətimiz deyir ki, artıq bir sıra tanınmış firmaların istehsalı olan “botoks” preparatları, dolğuların süni variantlarının peyda olması kosmetoloqları da ehtiyatlı davranmağa vadar edir: “ Bəzən tanınmış brendlərin botoks və dolğularından istifadədən imtina etmişəm. Çünki, həmin firmaların çoxunun məhsulları saxtalaşdırılıb. Dövlət tərəfindən bu cür  preparatların satışına nəzarətin  gücləndirilməsi çox vacibdir. Çünki, belə brend mallara inam azalıb”.

E. Rzayeva bildirir ki, insanların marifləndirilməsi bu cür işbazların bazarına zərər vurduğundan, onlar həmin kosmetoloqların fəaliyyətinə hər vəchlə mane olmağa çalışırlar: “Həmin işbazlar saxta kosmetoloji məhsulların satışına mane yaradan kosmetoloqları hədəfə alır,  həmin kosmetoloqları bir neçə dövlət instansiyaların hədəfinə çevirir. Təbii ki, bu cür marifləndirmə onları külli məbləğdə qazancdan məhrum edir. Çünki, həmin işbazlar öz estetik klinika və mərkəzlərində 20-22 dollarlıq süni gelləri, təbii gel adı ilə 300-400 manata pasiyentlərə vurarlar”.

E. Rzayeva bildirir ki, odur ki, pasiyentlər botoks, mezo koktel, dolğu üçün müraciət etməzdən öncə həmin preparatların lisenziyasını tələb etməli, bir neçə kosmetoloqla məsləhətləşib məlumat toplamalıdırlar. Əks halda saxta “botoks” preparatları, süni gellərin biznesi ilə məşğul olan şəxslərin toruna düşəcəkləri qaçılmazdır.

 

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz