Əlaqə Arxiv
news Image
2020.08.11
10:07
| A A A
Çimərliklərə kütləvi axın virus təhdidini böyütməyə başlayır
Cəlal İsayev: “Bu vəziyyətdə yoluxma ehtimalı yenidən arta bilər” Adil Qeybulla: “Sərt karantin davranışları olmalıdır”


Məlumdur ki,  Nazirlər Kabineti yanında Operativ Qərargah karantinlə bağlı müəyyən yumşalmalara getmək fonunda çimərliklərin fəaliyyətinə icazə verib. Bu müstəvidə insanlar sanki kütləvi şəkildə çimərliklərə üz tutmağa başlayıblar. Bu fonda həftə sonu çimərliklərdə sıxlığın olduğunun şahidi olduq.  Aparılan müşahidələr də belə deməyə əsas verir ki, həqiqətən də həftə sonları çimərliklərdə sıxlıq müşahidə olundu. Sıxlıqla yanaşı, burada sosial məsafənin gözlənilməsi, maska taxılması hallarına da az hallarda rast gəlinirdi. Həftə sonu çimərliklərdə müşahidə edilən mənzərə onu göstərdi ki, insanlar yenə də əvvəlki tək sanki heç nə olmaz kimi saymazyana davranaraq, məsuliyyətsizlik nümayiş etdirdilər. Bu hal koronavirusun yayılmasına necə təsir edəcək?
Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayevin fikrincə, dəniz daxilində virusa yoluxma təhlükəsi minimum olsa da, sahildə yaşanan sıxlıq koronavirusun əvvəlki tək daha geniş şəkildə yayılmasına rəvac verə bilər: "Dənizin içində sıxlıq olmasının koronavirusun yayılmasına elə bir təsiri yoxdur. Amma dənizdən kənar ərazidə, sahildə insanların sıxlığı koronavirusun yayılması üçün ciddi təhlükə mənbəyidir. Bu vəziyyətdə istər-istəməz yoluxma ehtimalı yenidən ciddiləşə bilər. Bu təhlükə istisna deyil. Çimərliklərin açılmasına qərar verırkən Operativ Qərargah müəyənləşdirmişdi ki, məsafə saxlanılacaq, təhlükəsizlik qaydalarına əməl ediləcək. Amma görünən odur ki, çimərliklərdə bu qaydalara riayət edən yoxdur.  
Prosesə nəzarət edənlərə də qulaq asmırlar. Onların da əlindən bu fonda heç nə gəlmir. Bu da müsəlmançılıqdan irəli gəlir.  Ancaq çimərliklərin indiki halda yenidən bağlanması insanların narazılığına gətirib çıxara bilər. İnsanlar hesab edir ki, dənizə getməklə stresi götürürlər. Halbuki stresi başqa vasitələrlə də götürmək mümkündür. Lakin dənizə getmək bir növ istirahətdir. Onu da etmək lazımdır, amma qaydasında. Türkiyədə də xeyli müddətdir çimərliklər açılıb. Orada isə ölkəmizdəki kimi sıxlıq müşahidə edilmir, buna imkan vermirlər. Çimrliklərdə təəssüf ki,  insanların bu məsuliyyətsizliyinin qarşısını almaq mümkün deyil.  İnsanlar gözünün qabağına almalıdır ki, çoxsaylı adamların olduğu yerə getməklə özünü təhlükə ilə üz-üzə qoyurlar. Yəni prosesə insan özü nəzarət etməyi bacarmalıdır. Hamının üzərinə nəzarət qoymaq olmaz ki? Nə qədər insanın virusdan həyatını itirdiklərini göz önünə almaq lazımdır. Bunları nəzərə almaq lazımdır. Çimərlikləri insanların marağını nəzərə alaraq açıblar, adamlar da bunu başa düşərək, təhlükəsizlik tədbirlərinə əməl etməlidirlər".
Tibb elmləri doktoru Adil Qeybulla da bu qənaətdədir ki, çimərliklərdəki mövcud vəziyyət virusun yenidən kəskinləşməsinə gətirib çıxara bilər: "Açılan çimərliklərdə müşahidə edilən sıxlığın virusla bağlı vəziyyətə hansı təsirlərinin olacağını bir müddətdən sonra dəyərləndirə bilərik. Tək çimərliklərdə deyil, park və bulvarlarda. Başqa yerlərdə də insanlar sanki heç nə olmamış kimi qaydalara əməl etmədən gəzməkdə davam edirlər. Yalnız marketlərdə, idarələrdə maska taxılması tələb olunur. Amma burada da çox adam maskanı çənəsində saxlayır.
Karantin davranışları sərt olmalıdır. Amma "evdə qal"  ləğv olunmalı.
İnsanlar sərbəst olmalıdır. Bununla belə, karantin davranışları çox sərt olmalıdır. İnsanlar məsafə gözləməli, maska taxmalı, hansısa bir obyektə daxil olanda əllərini dezinfeksiya etməlidir. Bunlar olmasa, xroniki yoluxmalarla getməkdə davam edəcəyik. Diqqətli olmaq lazımdır. Təbliğat vasitəsilə insanları ciddi şəkildə başa salmaq lazımdır".
R. SOLTANOV

Sizin Reklam Yeriniz