Əlaqə Arxiv
news Image
2020.09.24
08:52
| A A A
Koronavirusun ikinci dalğa təhlükəsi hələ sovuşmayıb
Adil Qeybulla: “İkinci dalğanın olub-olmaması insanlardan, onların davranış qaydalarına necə əməl edib-etməmələrindən asılıdır”
Azərbaycanda koronavirusa yoluxma halları azalır.  Artıq bu müstəvidə yoluxma ikirəqəmli həddə enib. Bu da prosesin düzgün aparılması, ciddi nəzarət altında olmasının nəticəsidir.  Deməli, proses göstərir ki, ölkəmizdə koronavirusla mübarizə işi öz nəticəsini verməkdədir. Eyni zamanda, yoluxanlarla müqayisədə sağalanların sayında yenidən artım tempi müşahidə olunur.  Lakin bütün bunlara rəğmən aydın məsələdir ki, epidemiya hələ ki, bitməyib.  Virusla mübarizə  davam edir.  Azərbaycanda karantin qaydaları əhəmiyyətli dərəcədə yumşaldılıb.  İnsanların sərbəstliyi artıb.  Amma yenə də əksər insanlar adi təhlükəsizlik qaydalarına əməl etmir.  Yəni maska taxmayan, sosial məsadə gözləməyən insanlar əvvəlki tək daha çoxdur.  Eyni zamanda, bir sıra ölkələr payız aylarında pandemiyanın ikinci dalğasının olacağından ehtiyat edirlər.  Bir çox ölkələr isə artıq ikinci dalğanın gəldiyini bildirir.  Bu müstəvidə ikinci dalğanın birinci ilə müqayisədə daha  ağır olacağı da söylənilir.  Azərbaycan üçün də ikinci dalğa təhlükəsi hələlik sovuşmayıb.  
Azərbaycan bu göstəricini saxlaya biləcək, yoxsa ölkəmizdə ikinci dalğa təhlükəsi mövcuddur?
Tibb elmləri doktoru Adil Qeybulla bildirdi ki, koronavirusun yoluxmanın azalıb azalmayacağı və ikinci dalğanın olub-olmayacağı bütün hallarda insanlardan, onların davranışlarından asılıdır:  “Hər şey davranış qaydalarına əməl etmək, maska taxmaq, sosial məsafə gözləməkdən keçir. Ancaq görünən odur ki, əksər vətəndaşlar bu qaydalara biganədir. İnsanlar demək olar ki, artıq bütün nəqliyyat vasitələrindən istifadə etməyə başlayıb.  Karantin rejimi yumşaldılıb. Amma virus təhlükəsi tamamilə yox olmayıb. Bu baxımdan da Dünya Səhiyyə Təşkilatı ikinci dalğanın yayılmasını ehtimal edir. Əgər ikinci dalğa olarsa bu daha çox fəlakətə gətirib çıxara bilər. İnsan ölümləri arta bilər”.
A. Qeybullanın fikrincə, karantin qaydaları yumşaldılsa da, Azərbaycanda insanlar sosial izolyasiya qaydalarına riayət etmir. Bu fonda həmsöhbətimizə görə, ikinci dalğa olarsa elə insanlarımızın hazırkı davranışı Azərbaycan üçün də ağır vəziyyət yarada bilər: “İnsanlar karantin qaydalarına əməl etməlidirlər: sosial məsafə, maska, əlçək istifadə etməlidirlər. Amma əksəriyyət bunlara fikir vermir. İnsanlar sui-istifadə hallarına yol verirlər, təhlükəni önəmsəmirlər”.
Ekspert qeyd etdi ki, ikinci dalğadan o zaman söhbət gedə bilər ki, birinci dalğa sönsün: “Bu da hələlik ortalıqda yoxdur. Yoluxanların sayı azalsa da, bu proses davam edir, hələ sönməyib.   Payız aylarında  soyuqdəymənin artması fonunda  virusa yoluxanların da sayı arta bilər.  Burada diferensasiya aparmaq xeyli çətinlik törədəcək.  Ona görə də ehtiyatlı olmalıyıq, karantin davranışlarına əməl etməliyik”.
R. SOLTANOV
 
 
 
 
Sizin Reklam Yeriniz