Əlaqə Arxiv
news Image
2020.10.22
17:56
| A A A
Yoluxma artır, cəbhə üçün təhlükə ola bilər - Professor

Ölkədə koronavirusa yoluxma sayının kəskin artması ilə əlaqədar yenidən “evdə qal” kampaniyası başlaya bilər.

Bunu Axar.az-a açıqlamasında professor Adil Qeybulla deyib. O bildirib ki, insanlar karantin davranış qaydalarına əməl etməsələr, tədbirlərin heç bir müsbət nəticəsi olmayacaq:

“Pandemiyanın bu cür yayılmasını seyr edə bilmərik. Vətəndaşlarımızın bəzisi karantin qadağalarının tətbiq olunmasından şikayət edir, amma davranış qaydalarına əməl etmir. Belə olan halda isə lazım olan bütün sərt tədbirlər görülə bilər. Situasiyadan asılı olaraq salonlar, ictimai iaşə obyektləri, bərbərlər yenidən bağlana bilər. Vətəndaşlarımız özünü qorumalı və ən sərt tədbirlərin görülməsi həddinə çatdırmamalıdır.

Bu gün koronavirusa yoluxmanın qarşısını almaq üçün dövlət tərəfindən görülən tədbirləri vətəndaşlarımız anlayışla qarşılamalı və əməl etməlidir. Qarabağ ətrafında gedən proseslər insanlar arasında karantin davranışlarının arxa plana keçməsinə səbəb olub. Vətəndaşlarımız qapalı məkanlarda karantin davranış qaydalarına əməl etmir. Bütün bunlar yoluxma sayında ciddi artıma səbəb olur”.

A.Qeybulla onu da bildirib ki, hazırkı şəraitdə yoluxmanın artması cəbhədə gedən proseslərə də təsir edə bilər:

“Koronavirus üçün sərhəd yoxdur. Pandemiyanın bu şəkildə əhali arasında yayılması ciddi narahatlıq doğurur. Yoluxmanın cəbhəyə transfer olunması ehtimalı yarana bilər və bu, çox təhlükəlidir. Bunun üçün çox diqqətli olmalıyıq. Dövlətin bu məsələ ilə bağlı müəyyən sərt tədbirlər görməsi başadüşülən və qəbulediləndir”.

Sizin Reklam Yeriniz