Əlaqə Arxiv
news Image
2021.02.24
23:30
| A A A
İsveçrə martın 1-dən məhdudiyyətlərin bir hissəsini ləğv edir

İsveçrədə koronavirusla bağlı epidemioloji vəziyyəti nəzərə alaraq, Federal Şura (hökumət) martın 1-dən etibarən bir sıra məhdudiyyətlərin aradan qaldırılacağını elan edib.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, Avropada əhali sayına görə ən çox yoluxma hallarının qeydə alındığı ölkələr sırasında yer alan İsveçrədə martın 1-də bütün ticarət obyektləri, muzey, kitabxana və idman mərkəzlərinin açıq hava məkanları fəaliyyətlərini bərpa edəcəklər. Açıq havada maksimum 15 nəfərin toplaşmasına icazə veriləcək. Epidemioloji vəziyyətin əlverişli olacağı təqdirdə üç həftə sonra kafe və restoranların açıq havada olan hissəsində müştərilərə xidmət göstərilə biləcək, eləcə də idman mərkəzlərinin qapalı məkanları istifadəyə veriləcək və evdən işləmə öhdəliyi aradan qaldırılacaq.

Səhiyyə naziri Alen Berset bildirib ki, hökumət məhdudiyyətlərin bir hissəsinin aradan qaldırılmasını arzuolunan olmaqla yanaşı, həm də vacib hesab edir. Mümkün risklərin nəzərə alındığını qeyd edən A. Berset mərhələli açılımın mümkün risklərə adekvat şəkildə planlaşdırıldığını da diqqətə çatdırıb. O bildirib ki, martın 22-dəki növbəti mərhələnin baş tutması üçün hökumət martın 12-də qərar qəbul edəcək.

Qeyd edilməlidir ki, İsveçrədə son yeddi günün orta yoluxma göstəricisi 1000-ə düşüb (bir ay öncə təxminən 2000 idi). İndiyədək ölkədə koronavirusa yoluxanların sayı 552 mini ötüb, ölüm halları isə 9200-dən artıqdır. Ölkə əhalisinin təxminən 10 faizinə (884 min nəfər) peyvəndin ilk və ya ikinci komponenti vurulub.

Sizin Reklam Yeriniz