Əlaqə Arxiv
news Image
2021.05.20
11:00
| A A A
ATU-nun ürək-damar mərkəzində ən müasir əməliyyatlar uğurla həyata keçirilir

Bütün dünyada olduğu kimi, bu gün Azərbaycanda da ürək-damar xəstəlikləri geniş yayılıb. Ona görə də bu sahənin daim diqqətdə saxlanılması xüsusi önəm daşıyır. Bu baxımdan, ölkəmizdəki müalicə müəssisələrinin öncüllərindən sayılan ATU-nun Tədris Cərrahiyyə Klinikasında da kardioloji müayinə və müalicələr yüksək səviyyədə aparılır. Bu barədə ATU-nun mətbuat xidmətindən Movqe.az-a verilən məlumatda bildirilir.

Klinikanın Ürək kateterizasiyası və angioqrafiya laboratoriyasının müdiri, invaziv kardioloq, assistent Qalib İmanov bildirib ki, burada 2014-cü ildən kardiologiya və kardiocərrahiyyə şöbəsi fəaliyyət göstərir: “Xəstəxana açılandan bütün təchizat və təminat qaydasındadır, burada çox geniş spektrdə kardioloji və kardiocərrahi xidmət göstərilir. Klinikamızda həm müayinələr, həm stasionar müalicə, həm də qapalı və açıq ürək əməliyyatları həyata keçirilir. Bu gün dünyada kardiologiya və kardiocərrahiyyədə tətbiq olunan əməliyyatların 98 faizi bizim klinikada reallaşdırılır. Bunun üçün hər bir şərait və imkanmız var. Bu günə qədər lazım olan avadanlıqları almışıq və xidmətlərimizin sayını mümkün qədər artırmışıq. Müasir tibbi aparatların köməyilə biz hələ ana bətnində olan körpənin ürək qüsurunu aşkar edə bilirik. Uşaq doğulandan sonra hansı müdaxilənin, hansı müalicənin lazım olacağını müəyyən edirik. Sonra həmin qüsurların invaziv, eyni zamanda açıq əməliyyat yolu ilə müalicəsi şöbəmizdə aparılır. Bundan ələvə, angioqrafiya, angioplastika, stend taxılması, beyin damarlarından tutmuş, ayaq damarlarına qədər müxtəlif əməliyyatlar həyata keçirilir”.

İki il əvvəl ayrıca aritmioloji şöbə təşkil etdiklərini deyən Q.İmanov, insan həyatına müəyyən dərəcədə təsir edəcək, hətta təhlükəli ola biləcək aritmiyaların müalicəsinin də invaziv yolla aparıldığını söyləyib. Qeyd edib ki, kardioloji mərkəzimizdə müasir tibbi cihazlar uğurla istifadə edilir: “İcbari tibbi sığortanın tətbiqi ilə bağlı və xəstəxanamızın müvafiq müqaviləsi olduğu üçün cihaza ehtiyacı olan xəstələrin böyük əksəriyyəti bizə yönləndirilir. Ona görə də respublikada ürək-damar mərkəzi olaraq həm xəstə sayı, həm də xəstə potensialı baxımından ön sıralardayıq. Təxminən 10-12 nəfərdən ibarət professional komandamız var. Ölkədə cəmi 2 yerdə ürəyin MRT müayinəsi aparılır. Hər cihazın və yaxud hər xəstəxananın bu müayinəni aparmağa imkanı yoxdur. Biz isə bu müayinələri aparırıq. Yəni avadanlıq baxımından heç bir problemimiz yoxdur”.

Mərkəzdə kardioloji məsələlərə dair vaxtaşırı elmi konfransların keçirildiyini, pandemiya dövründə onlayn məsləhətləşmələrin aparıldığını bildirən Q.İmanov, xarici mütəxəssislərlə təcrübə mübadiləsinin də qənaətbəxş səviyyədə olduğunu vurğulayıb.

Sizin Reklam Yeriniz