Tanınmış teleaparıcı Elcan
Rəsulov televiziyaya qayıdır. Movqe.Az xəbər portalının məlumatına
görə, E.Rəsulov yeni telelayihə hazırlayıb. O, yeni layihəsində özü
ilə yanaşı, tanınmış teleaparıcı Xose Bernardo ilə birgə aparıcılıq
edəcəklərini söylədi: "Bir illik fasilədən sonra, yenidən nə isə
bir layihə hazırlamaq qərarına gəldik. Əslində, çox layihə düşünüb
hazırlaya bilərdik, amma mən həmişə tamaşaçıya maraqlı olan
amilləri hazırlamaq fikirində olmuşam. Bu yaxınlarda digər
telekanaldan olan həmkarım Xose Bernardo ilə birgə yeni layihə
haqqında məsləhətləşdik. Demək olar ki, işlərimizin artıq son
mərhələsindəyik. Tezliklə telekanallarımızın birində çox maraqlı,
yay əhval-ruhiyyəsində olan bir layihə ilə tamaşaçıların gorüşünə
gələcəyik. Sentyabr ayında isə elə tərəf müqabilimlə bir yerdə çox
maraqlı tok-şou ilə tamaşaçılarımızı sevindirəcəyik. Düzdür, bu cür
maraqlı və dinamik tok-şoulara sponsor tapmaq çətindir. Amma
düşünürəm ki, bu işimizdə də bizə yardımçı olanlar tapılacaq və
fikirimcə, teleməkanın mövsüm açılışına maraqlı bir rəng
qatacağıq", - teleaparıcı dedi.
E.Rəsulov, televiziyadan ayrıldığı bir illik fasilə zamanı şahidi olduğu amillərdən danışdı: "Efirdən uzaqlaşdıq, dostlarımızın sayı da, salam verənlər də, zəng edənlər də azaldı. Demək olar ki, bir ildən çoxdur ki, efirdə deyilik. Lakin heç bir yerdən bir təklif də olsun gəlmədi. Efirdə olduğum 5 il müddətində az-çox tanınırdım, sevilirdim və təmsil etdiyim televiziyanın reytinq toplamasında az da olsa, rolum var idi. Çoxları efirdə görünmək xatirinə efirə çıxırsa, mən həmişə bu cür hallardan uzaq durmağa çalışmışam", - E.Rəsulov bildirdi.
Fuad Mədətov
Movqe.Az