Əlaqə Arxiv
news Image
2013.07.16
17:45
| A A A
Xalq artistlərinin adlarına yaraşmayan hərəkətləri
Nizami Cəfərov: «Bunlar son vaxtlar lap ağını çıxarıblar»

Mübariz Tağıyev: "Onlara məsləhət verib, ağıl öyrədən deyiləm ki"

Bəzi xalq artistlərinin, məsələn, Aygun Kazımova və Brilyant Dadaşovanın sosial şəbəkələrdə biri-birinin ünvanınna təhqir dolu ifadələri, bəzilərinin media vasitəsilə qarşı tərəfə açıq təhqirlər səsləndirməsi, bəzilərinin isə hətta yarıçılpaq şəkillər çəkdirməsi cəmiyyətdə birmənalı qarşılanmır. Bütün bunlar şübhəsiz ki, xalq artisti adına, onun meyarlarına da uyğun gəlmir. Lakin o da təəssüf doğurur ki, xalq artisti adına layiq görülən bəzi sənətçilər aralarında təhqir üzərində kökölənən savaşı davam etdirirlər. Baş verənlərə münasibət bildirən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov Mövqe.az-a açıqlamasında qeyd edir: "Bizim mədəniyyətimiz,  cəmiyyətimiz üçün müğənnilərimizin o cür şəkillər paylaşması  olduqca xoşagəlməz bir haldır. O xalq artistləri ki, həm Azərbaycanda, həm ölkədən kənarda bizim mədəniyyətimizi təbliğ edirlər, onların bu cür münasibəti heç bir normaya, ədəb-ərkana uyğun  gəlmir. Doğrudur, bu musiqi, incəsənət xadimlərinin bu cür hərəkətlərinin dünyada analoji təcrübəsi var. Bir sıra mətbuat orqanları, maqazin proqramları var. Bu incəsənət sahəsi belədir ki, burda istər-istəməz münaqişələr, söz-söhbətlər olur. Amma bunlar son vaxtlar  lap ağını çıxarıblar. Bu elə bir məsələdir ki, bizə, mənliyimizə yaraşmaz. Bu qəbul olunmur. Bəlkə dünyanın harasındasa buna maraqlı bir hadisə kimi baxılır, amma bizdə bu qəbul olunmur, pis qarşılanır. Baxılsa da belə, bununla insan öz imicini formalaşdıra və ya sevilə, rəğbətlə qarşılana bilməz. 

Mən sözün açığı, onların lüt şəkillərini görməmişəm, heç  bundan sonra baxmaq belə istəmirəm. Amma tərbiyə məsələsi var da, belə də olmaz. Qaldı ki,  dövlət səviyyəsində nə tədbir görülə bilər?! Dövlətin mədəniyyət siyasəti var, mədəniyyətlə bağlı qanunlarımız var. Amma bu məsələlər dövlət səviyyəsində müzakirə olunacaq  məsələlər deyil. Bu, artıq şəxsi məsələlərdir. Amma iş ki, gələndə cəmiyyət qınağına, cəmiyyətin bu gün o cür müğənnilərə  qarşı yönəlmiş kifayət qədər qınağı var. Bu, çox böyük məsələdir. Bunu da nəzərə almayanda biabır olacaqlar. Necə ki, indi biabır olublar və olurlar.  İnsana verilən ən böyük cəza onun haqqında mənfi təsəvvürün yaranmasıdır, yayılmasıdır. Cəmiyyətdə tanınan adam üçün ən böyük cəza odur ki, o, cəmiyyət tərəfindən qınansın. Və onlar da bu gün o cür əxlaqsız şəkillər paylaşmaqla, bir-birləri ilə münaqişələr yaratmaqla bunu haqq edirlər".

Xalq artisti Mübariz Tağıyev isə bildirir: " Xalq artistlərinin o cür şəkillərini özlərinin yayımlatmasına heç cür inanmıram. Əksər vaxtlarda onlardan xəbərsiz açıq-saçıq şəkilləri yayılır. Ancaq bunu onların özləri edirsə, artıq bu, onların şəxsi işləridir. Özləri yaşda çəkiləri var. Onlara məsləhət verib, ağıl öyrədən deyiləm ki... Onların o yaşları keçib artıq...Hər kəs özünə cavabdehdir".

Sizin Reklam Yeriniz