Əlaqə Arxiv
news Image
2020.11.16
13:52
| A A A
"Nə boğazımdan yemək keçir, nə yuxu yatıram" - Elnarə

"Hələ də həyəcan keçirirəm. Çünki həyat yoldaşım sərhədçi olduğu üçün müharibə bitsə də, Azərbaycanın yenicə bərpa olunmuş sərhədlərinə xidmətə çıxır. Onlar öz işinin başındadırlar. O da həmçinin. Artıq dünən onu yenidən yola saldım getdi. Bir də nə vaxt gələcək Allah bilir".

 

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Elnarə Xəlilova deyib. Sənətçi sentyabrın 27-dən yaşadığı həyəcanı bölüşüb. O bildirib ki, həyat yoldaşı Rövşən Cahangirov da Vətən müharibəsi başlayandan cəbhə bölgəsindədir:

"Hamı kimi mənim də hisslərim bir-birinə qarışmışdı. İndi də bir gözümüz ağlayır, bir gözümüz gülür. Mən o torpaqlarda doğulmamışam, nə də oraları görmüşəm, amma hər bir azərbaycanlı kimi Vətən həsrəti mənim də bağrımı dəlirdi. Elə bilirəm hələ oralara tam qovuşanadək belə olacaq: bir gözümüz ağlayacaq, bir gözümüz güləcək.

Həyat yoldaşım müharibənin ikinci həftəsindən getdi. Hər 2 həftədən bir arada gəldi. Bir gecəlik olsa da, evə dəyirdi, paltarları yuyulub, təmizlənirdi. Arada elə olurdu ki, uzun müddət nə zəng, nə də mesaj çatırdı. Nə boğazımdan yemək keçirdi, nə də gözümə yuxu gedirdi. Bircə Allaha dua edəndə onu deyirdim ki, Allahım, bütün əsgər və hərbçilərimizi sənə əmanət edirəm, özün hamısını qoru. Sağ və salamat evlərinə dönsünlər".

 

Elnarə həyat yoldaşı ilə telefon danışıqlarını da bölüşüb:

"Zəng edəndə demək olar ki, heç bir sual verməmişəm. Çünki özüm də hərbçiyəm və bilirəm ki, telefonda artıq heç nə danışmaq olmaz. Bircə səsinin tezliyindən anlayırdım ki, hər şey qaydasındadır, ya yox. Bəlkə də ən çox verdiyim sual "necəsiz" olub. O da cavabında "yaxşıyıq, çox şükür, hər şey qaydasında" dedisə, bilirdim ki, yaxşıdır. Biz kodlarla danışırdıq. Yazırdı ki, uşaqlara axşam çoxlu süd içirt, səsləri açılsın, qışqıra bilsinlər. Çünki şanlı ordumuz haranısa işğaldan azad edəndə uşaqların eyvanda qışqırmaqdan səsi batırdı. "Süd içirt" deyəndə, bilirdim ki, haranısa azad etmişik. Amma heç vaxt soruşmurdum haranı, yaxud necə. Oturub səbrlə rəsmi xəbər gözləyirdim.

İlk dəfə Cəbrayılı alanda rəfiqəm və uşaqlarımızla dəniz kənarında idik. Birdən Rövşəndən xəbər gəldi ki, uşaqlara süd içirt. Axşam gördüm ki, limanda gəmilər səs-səsə verib fit verirlər. Həqiqətən də inanılmaz bir hiss idi. Bizə elə qələbə, sevinc yaraşır.

 

Biz bu günləri görmək üçün 30 il səbr və dua etdik. Sevinirik, 30 ilin həsrəti bitir. Bu hiss heç nə ilə müqayisəyə gələ bilməz. Yalnız bir ana kimi onu deyə bilərəm ki, sanki 30 il öncə dünyaya bir övladım gəlmişdi və onu mənim əlimdən tutub almışdılar. 30 il boyunca görmədiyim balam sanki indi tapılıb və mənə onun xəbərini deyirlər.

Ən əsas da Şuşa və balalarımın yurdu Tuğ işğaldan azad olanunda inanılmaz hisslər yaşadıq. Ağlamaq gülməyə qarışmışdı. Bir gözümüzün yaşı heç qurumur. Çünki hamı gözəl anlayır ki, o torpaqları şanlı ordumuz öz canı və qanı bahasına aldı. Amma sağ olsun Ali Baş Komandanımız. Qarabağın ən böyük əraziləri olan Kəlbəcər, Laçın və Ağdamı savaşsız işğaldan azad edildi. Heç bilirsiz bu nə qədər uşağın öz atasına sağ-salamat qovuşması deməkdir? Heç bilirsiz nə qədər ana hal-hazırda prezidentimizə dua edir ki, balası sağ-salamat evə qayıtdı? Şəhidlərimiz və qazilərimiz bizim baş tacımızıdır".

Sizin Reklam Yeriniz