Əlaqə Arxiv
news Image
2013.10.30
17:17
| A A A
Sponsorlar film və seriallardan «qaçaq düşüblər»
Vüsal Nuru: «Kinonun inkişafı, mədəniyyətin, ədəbiyyatın tərəqqisi onları maraqlandırmır»

Rövşən İsax: "Azərbaycanda hər hansı bir bankın, şirkətin, mobil operatorun marağı yoxdur ki, seriala sponsorluq etsin"


Xarici serial və filmlərə diqqət yetirdikdə onların çəkilişinə yardım edən xeyli sayda sponsorun olması da aydın görünür. Hər halda Türkiyə serillarına diqqət yteirdikdə bunun real təsdiqini görmək olar. Azərbaycanda isə sponsor sarıdan film və serial çəkənlərin bəxti bir o qədər gətirməyib. Hazırda film və serialların çəkilişinin ən böyük sponsoru qismində dövlət çıxış edir. Özəl sponsorların sayı isə çox azdır.

"Qaranlıqlar çiçəyi", "Tək olanda qorxma", "Məhkumlar" "Sevginin göz yaşları", "Tələ" kimi serialların ssenari müəllifi Vüsal Nuru bu xüsusda Mövqe.az-a açıqlamasında bildirir: "Azərbaycanda sponsor ancaq bəzi üzdəniraq manısların, "soyunmaqda istedadı olan" bəzi qadın müğənnilərin arxasında dayanır. Halbuki, o tip cəmiyyət üzvləri Azərbaycan mənəviyyatını hal-hazırda baltalamaqla məşğuldu. Cəmiyyətin zövqünü korlaşdırmaq bu gün xarici qüvvələrin ən böyük siyasətidir. Kinonun inkişafı, mədəniyyətin, ədəbiyyatın tərəqqisi onları maraqlandırmır. Sponsorlar o adamlara pul verir ki, sabah onların başına ip salıb oynada bilir, bir sözlə, işinə yarayır. Bu birinci səbəb. İkinci səbəb də var. Elə sponsorluq etmək istəyən qeyrətli, vətənini, millətini sevən, onun mədəniyyətini, incəsənətini, ədəbiyyatını dəyərləndirən şəxslər var ki, açıq-aşkar köməklik göstərməkdə acizlik çəkirlər. Adlarının bu sahədə sponsorluqda hallanmasını istəmirlər".

Tanınmış rejissor Rövşən İsax isə məsələyə belə münasibət bildirir: "Filmdə sponsor olmur. Çox nadir hallarda marka adı ilə (məsələn, "Harley Davidson and Marlboro" filmi kimi) bağlı filmlər olur. Adını çəkdiyim filmdə konkret motosikl şirkəti ilə "Marlboro" şirkətləri arasında bağlanan müqavilə əsasında olan filmdir. Bundan əlavə "Cəmiyyətdən qovulmuş" film var ki, məşhur bir şirkət "product placement" olub. Məhsul olaraq onlar güclü reklam olunurlar. Yəni, belə hallar da olur. Serialda isə hər şey fərqlidir. Serialda sponsorun olmasından ötrü reklam dəqiqəsinin qiyməti yuxarı olmalıdır. Azərbaycanda əhalinin sayına görə reklamın qiyməti çox ucuzdur. Şəxsən sizin də böyük bir şirkətiniz olsa, sponsorluq etməyəcəksiniz. Çünki siz də sponsorluğa verdiyiniz 10 manat pulun əvəzinə 3 manat verib həmin reklamı göstərə bilirsiniz. Nəticə sizə 3 dəfə ucuz başa gəlir reklam kimi məhsulunuzu təqdim edəndə… Onun səbələri və Azərbaycanda niyə reklamın qiyməti ucuzdurun səbəbləri isə artıq mənlik deyil. Azərbaycanda hər hansı bir bankın, şirkətin, mobil operatorun marağı yoxdur ki, seriala sponsorluq etsin. Əgər hər hansı şirkət bir verlişin içərisində "product placement" kimi təqdim olunursa və bu ona daha ucuz başa gəlirsə, axı o niyə seriala sponsor olmalıdır?! Əgər tərsinə olsa, reklamın da qiyməti, serialın da keyfiyyəti artacaq. Bir kəlmə reklam olunan məhsulun adı tanınmış serialda oynayan aktyorun ağzından çıxsa, o, daha yaxşı effekt verəcək".




Sizin Reklam Yeriniz