Xalq artisti, əvəzolunmaz ifaları ilə daim Azərbaycan xalqının sevgi və hörmətini qazanan Faiq Ağayevin bir neçə gün sonra səhnə fəaliyyətimin 26-cı ildönümü tamam olacaq. Bu münasibətlə ifaçı facebook səhifəsində belə bir status paylaşıb:
"Bir neçə gün sonra səhnə fəaliyyətimin 26-cı ilinə "Salam!" deyəcəyəm, inşaAllah.
Bu illər ərzində Tale mənə çox böyük xoşbəxtliklər bəxş etdi.
İlk müsabiqəm olan "Bakı Payızı '88"-də mükafatı dahi Tofiq Quliyev mənə təqdim etdi. 4 il sonra bəstələdiyi məşhur "Sənə də qalmaz" mahnısı ilə "Yalta'92" Beynəlxalq müsabiqəsində çıxış etdiyimdən sonra, şəxsən özü telefonla mənə tərif söylədi. Sevinc ve fərəhimin həddi-hüdudu yox idi o gün!
Mədəniyyət və İncəsənət Universitetində böyük Sənətkarlar dərs keçdi mənə: Rafiq Atakişiyev, Cənnət Səlimova, Cahangir Novruzov, Yaşar Nuri, Şəfiqə Məmmədova. Ustadlarımın illər sonrası mənimlə fəxr etməsi ən böyük mükafatım oldu!
4 nüfuzlu Beynəlxalq müsabiqədən uğurla, qələbə ilə döndüm Vətənə. Seçilən bəstəkar və şairlər mənə mahnılar yazdı, Xalqın sevgisini qazandım.
28 yaşımda Ulu Öndər Heydər Əliyevin imzası ilə fəxri ada layiq görüldüm. Azərbaycanın ən gənc "Əmkədar Artist"i oldum.
Dayanmadan çalışdım, mütamadi olaraq solo-konsertlər keçirtdim. Uğurlara, ilklərə, yeni lahilərə imza atdım, uşaqlıqdan arzuladığım zirvələrə doğru can atdım və Allahın köməyi, Xalqın məhəbbəti ilə seçdiyim hədəflərə yetişdim.
2007-ci ildə Heydər Əliyev Sarayında 5 günlük solo konsert keçirməklə, Azərbaycan musiqi tarixində absolyut rekord imzalamış oldum.
36 yaşımda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə növbəti fəxri ad ilə təltif olundum. Və indi Azərbaycanın ən gənc "Xalq Atisti" adını böyük məsulliyyət, sevinc ve qürur ilə daşıyıram.
Məmləkətimizin nüfuzlu elm və sənət adamları, ictimai xadimləri, milyonlarca sadə tamaşaçıları mənə hüsnü-rəğbətini, alqışını, sevgisini bəxş etdi, yüksək qiymətini verdi.
Bəxtiyaram, maşaAllah!
Bu illər ərzində əldə etdiklərimi əziz tutub, mənə bu səadəti layiq görənlərə naxələf çıxmamışam heç bir zaman.
Sənətimə, özümə sahib çıxan Azərbaycan Xalqına həsdiz minnətdar və borcluyam!
Məni sevməkdə davam edin!
Güc, qüvvət verənlərim, uğurlu fəaliyyətimin böyük həvəslə davam etdirməkdə dayaq olduqlarım - Sizsiniz çünki!
Mənimçün müqəddəs olan bu sevgi və inamınıza indən belə də layiq olmağa bütün varlığımla söz verirəm!".
P.S
Arxamca danışan, ayağımın altını qazmağa, şər-böhtanla adıma ləkə atmağa cəhd edənlərə isə bir sözüm var.
Sizinçün acı olan həqiqət ilə birdəfəlik barışın artıq - varlığımı, uğurlarımı, tamaşaçının mənə bəslədiyi məhəbbət və tələbatını həzm etməyə məhkumsunuz!
Birmənalı və həmişəlik!