Əksər əcnəbi müğənnilərin təkcə öz ölkələrində yox, xaricdə d konsert vermələri az qala adi normalardan birinə çevrilib. Özü də belə müğənnilərin ölkələrindən kənarda verdikləri konsertlərinə gələn tamaşaçıların sayı şeç də az deyil. Elə konsert üçün Azərbaycana gələn əcnəbi müğənnilərin timsalında qeyd olunanların real təsdiqini görmək mümkündür. Lakin azərbaycanlı müğənnilərin xarici ölkələrdə konsertlərinə demək olar ki, çox nadir hallarda rast gəlinir və bu böyük zaman intervalı ilə baş verir. Əlbəttə ki, söhbət son illərdən gedir.
Müğənni Əli Mirəliyev Mövqe.az-a açıqlamasında bununla bağlı qeyd edir: "Gürcüstanda bir nəfər də olsun azərbaycanlı efirə çıxmır. Amma biz də Mananaya əməkdar artist adı vermişik. Bu, bizim xalqımızın böyüklüyündən irəli gəlir. Biz həmişə özgəyə daha çox yer vermişik. Özümüz isə kənarda qalmışıq. Ailədə də belə uşaq nə isə istəyəndə valideyn deyir ki, qoy qonaq üçün qalsın. Bizim özümüzdə hər şey var, özü də ki çox yüksək səviyyədədir... Ancaq biz sevirik xaricdən gələn meyvəni, tərəvəzi, hətta müğənnini belə... Bizdə illərlədir bu bəla var. Heç qurtula bilmirik.
Bizim müğənniləri tanıtdıran əvvəlki dövrlərdə olub. Axı indi kim tanıtdırsın? O zamanlar Rəşid Behbudov, Müslüm Moqamayev, Şövkət Ələkbərova olub. İndi təkcə Alim Qasımovu dünya tanıyır, qəbul edir. Bizim müğənniləri heç bütün azərbaycanlılar tanımır. Əcnəbi necə bizim müğənnnini tanıya və yaxud da ki, onun konsertinə gələ bilər? Mən heç vaxt tanımadığım müğənninin konsertinə getmərəm. Bizim müğənnilər səyahətə getdikləri ölkədə masa arxasında oturub, yeyib-içirlər. Sonra da mikrafonu əllərinə alıb, başlayırlar 2-3 mahnı zümzümə etməyə. Bu da olur, onların konserti... Əzizlərim, konsert belə olmur. Zeynəb Xanlarova kimi gedib, əcnəbi ölkələrdə 4 saat canlı konsert verib, zalı dolduran axı hansı müğənnimiz var? 80-a yaxın yaşı olsa da, Zeynəb xanım çox gözəl oxuyur. Ancaq indikilər gedirlər Dubaya, Amerikaya və yaxud da ki digər ölkələrə səyahət edirlər. Adlarını qoyurlar ki, biz gedib, konsert verdik. Xeyr, onlar başqa şey üçün xaricə gedirlər".
Müğənni Xuraman Şuşalı isə məsəəlyə belə münasibət bildirir: "Bizim müğənnilər dünya üzrə tanınmadıqları üçün onlar xaricdə konsert verə bilmirlər. Dünya bazarına çıxmaq üçün maliyyə imkanı da güclü olmalıdır. Həmin müğənninin xarici kanallarda piarı, reklamı aparılmalıdır. Bizim kanallar xarici müğənniləri təbliğ edirlər. Ancaq bizimkiləri oralarda kim, hansı kanal təbliğ edir? Bizim müğənnilər çox zaman Türkiyə şou-biznesinə qatılır. Bu halı da bir mənalı qarşılamırlar. Kimi tənqid edir, kimi ayağından tutub dartır, kimi isə normal qəbul edir. Bizim müğənninin adi klipinin orada yayımı ödənişlidir. Ancaq onların klipini bizim televiziya kanalları pulsuz yayımlayır. Ancaq öz müğənnilərimizin kliplərini televiziya kanalları pulla yayımlanır. Fərqlər çoxdur. Biz hələ o səviyyəyə çatmamışıq. Biz onların dilini bilsək də, onlar heç bizim dilimizi də bilmirlər. Bizim musiqi dünyada ən şux musiqidir. Amma nə olsun?".