Bakı Ağır Cinayətlər Məhkəməsində anasının xanəndə sevgilisini qətlə yetirməkdə təqsirləndirilən 16 yaşlı Aydın Orucovun məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə
əsasən, A. Orucov 9 il müddətinə azadlıqdan məhrum
edilib.
Qeyd edək ki, cinayət hadisəsi 2013-cü il iyulun 12-də Nəsimi
rayonu, Salamzadə küçəsi, 34 ünvanda baş verib. Həmin ünvanda
xanəndə Samir Mustafayev öldürülüb. Qətli törədən Aydın
Orucov Samiri oğru zənn edərək qətlə yetirib. İstintaq zamanı
mərhumun mobil telefonundakı "SMS"lər oxunandan sonra məlum
olub ki, Samir gecə evə oğru kimi yox, yaxın münasibətdə olduğu
qadının yanına gəlib . Hadisə baş verən gecə ikinci mərtəbədə olan
Aydın Orucov birinci mərtəbədən səs eşidərək, aşağı düşüb. Birinci
mərtəbədə anası yatan otağa çatanda Samirlə üz-üzə gəlib. Onu oğru
zənn edərək, bıçaqla iki dəfə vurub. Xanəndə evdən
qaçsa da, Aydın onu təqib edib. Samiri "Papanin" körpüsünün altında
tutub və bıçaqla daha bir zərbə vurub və hadisə yerindən uzaqlaşıb.
Orta məktəbin 11-ci sinif şagirdi olan Aydın ifadəsində Samiri
evlərinə məhz oğurluğa girməsinə görə vurduğunu deyib. Məlum
olub ki, Samirin telefonunda son "SMS" Aydının anası tərəfindən
yazılmış "Qapı açıq olacaq, girərsən içəri" olub. Bu "SMS"-dən
sonra Samirin Aydıngilin evinə hansı məqsədlə getməsi
aydınlaşıb.